İohann Edel
İohan Vilhelm Edel və ya İvan Edel (1863, Çerniqov quberniyası[d] – 14 fevral 1932, Bakı) — alman əsilli rusiyalı memar, dövlət müşaviri. Hacınskinin evi, Mitrofanovun evi, Qrifonlu ev kimi Bakıdakı bir çox tarixi binaların memarı[1][2].
İohann Edel | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1863 |
Doğum yeri |
|
Vəfat tarixi | 14 fevral 1932 |
Vəfat yeri | |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı |
Əsas tikililəri |
Qrifonlu ev, Mitrofanovun evi Hacınskinin evi Şəmsi Əsədullayevin evi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk dövrləri
İohan Edel 1863-cü ildə Çerniqov quberniyasının, Borznensk uyezdində yerləşən alman koloniyası Bilovaçda, sonradan Bakı mayakında işləyəcək alman zadəgan nəslindən olan Vilhelm Edelin ailəsində anadan olub. Pravoslav kilsəsində vəftiz olunduqdan sonra İohan Vasilyeviç adını alır dünyada isə İvan Vasilyeviç kimi tanınır[3].
Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində təhsil aldığı müddətdə o, lüteran dua evinin məktəbin və pastoratın layihəsini hazırlayır. 1886-cı ildə isə Bakıdakı lüteran cəmiyyəti üçün yeni layihə hazırlayır, lakin bu layihəyə əsasən yalnız məktəb və Evangelik lüteran kilsəsi tikilir. A. Savrasovdan dərs alan o məktəbi qızıl medalla bitirir. Bu medalı o, "Hamamda" rəsminə görə alır.
Əmisi və atası Bakıda işlədiklərinə görə tezliklə o da, 1880-ci illərin əvvəlində Bakıya gəlir.
Yaradıcılıq dövrü
1888-ci ildə Edel Marinski Qadın Gimnaziyasında rəsm dərsi keçməyə başlayır. Bakıya gəlişindən sonra ilk sifarişi şəhər sakini Rəsul Hacıağa Cəfərovdan tarixi məhəllələrdə, Çadrovaya küçəsində iki mərtəbəli daş evin layihəsinin hazırlanmasına alır. Layihəyə 20 avqust 1888-ci ildə baxılmış, avqustun 22-də isə Dumada təsdiq edilmişdir. 1892-ci ildə (bəzi mənbələrə görə 1890-cı ildə) Edelin layihəsi ilə Bakı neft sənayeçisi Musa Nağıyev üçün Birja küçəsində (indiki Üzeyir Hacıbəyov) 2 ev tikilir. İtalyan üslubunda layihələndirilən bu evlərin birinin birinci mərtəbəsində Bakı İctimai Məclisinin Qış klubu yerləşirdi. Elə həmin ildə Edelin layihəsi ilə Praçeçnaya küçəsində (indiki Qoqol küçəsi) 3 mərtəbəli mülki bina inşa olunur. 1891-ci ildə Edel Qız qalasının yanında yerləşən Müqəddəs Varfolomey kilsəsini layihələndirməyə başlayır. Qübbəsində güzgülü xaç olan rus üslubunda olan bu kilsə 14 sentyabr 1892-ci ildə tikilib təqdis olundu. 1930-cu ildə bu kilsə bağlanır və dağıdılana qədər boş qalır[2]. 1892-ci ildə onun layihəsi ilə Ağ şəhərdə "S. M. Şibayev və K" zavodunun nəzdnində "Spas-Preobrajen kilsə-məktəbi" tikilir[2][4]. 1920-ci ildə Aprel işğalından sonra Şibayevin zavodu Stalin adına neft emalı zavoduna çevrilir. Elə həmin ildə məktəblərin kilsələrdən ayrılması haqqında qanuna əsasən kilsə bağlanır onun binasında isə texnikum yerləşir. 1893-cü ildə Edelin layihəsi əsasında indiki Bülbül prospektində tikilmiş binada Bakı Quberniya Xəzinəsi yerləşib. Sonradan bu bunada A. Kazımov adına 1 nömrəli şəhər poliklinikası yerləşib. Bununla yanaşı Edel 1893-cü ildə indiki Xaqani, Səməd Vurğun və Üzeyir Hacıbəyov küçəsində olan Musa Nağıyevə məxsus evləri tikir. 1896-cı ildə isə Edel tərəfindən indiki Yusif Məmmədəliyev küçəsində yerləşən Qrifonlu ev tikilir[2]. Edel yaradıcılıq dövrü ərzində yaşayış binalarından başqa 1886–1887-ci illərdə qala divarlarının yanında taxta dükanları, və 1898–1899-cu illərdə isə gəmilərin yan alması üçün taxta körpü tikmişdir[5]. 1904-cü ildə Edel İosif Qoslavski dünyasını dəyişdiyi üçün onun tikintisinə başladığı Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin binasının tikintisini davam etdirir[2]. 1910-cu ildə Edel özü üçün Birja küçəsində 2 mərtəbəli ev tikir.
Ömrünün son illəri
1905-ci ildə Edelə dövlət müşaviri kimi çalışqan və faydalı fəaliyyətinə görə 1250 rubl maaş kəsilir. Bu dövrdən etibarən Edel tikinti işlərinə az vaxt ayırır o daha çox Bakı Texniki Məktəbində dərs deməklə məşğul olur. 1907-ci ildə Bakı Şəhər Dumasına seçkilərə qatılır, lakin yetərli səs yığa bilmir. 1908-ci ildə Bakı Real Məktəbinin valideyn komitəsinə seçilir.
14 fevral 1932-ci ildə dünyasını dəyişir. Ölümü haqqında xəbəri həyat yoldaşı, övladları və nəvələri "Bakinskiy raboçiy" qəzetində elan etmişdilər[3].
Şəxsi həyatı
İohann Edel şkiper Nikolay Emanuiloviç Spodavekianın qızı, roma-katolik inancında olan Qrasiya Nikolayevna Spodavekia ilə ailə həyatı qurub. Bu evlilikdən onların Olqa, Lidiya, Nina, Yuliya, Nataliya və Viktor adlı övladları olub. Onların hamısı Bakıda anadan olublar. Qızlarının hamısı Müqəddəs Nina qızlar məktəbində təhsil alıblar. Böyük qızı Olqa vətəndaş müharibəsi dövründə Kuban diyar hökumətinin maaliyyə işləri üzrə üzvü olmuş A. A. Truskovskiy ilə ailə həyatı qurub. Onun sonrakı həyatı ilə bağlı heç bir məlumat yoxdur. İkinci Lidiya IV Qafqaz Hərbi Korpusunun qərargahının baş adyutantı İ. İ. Roslavtsev ilə ailə həyaatı qurub. Bu evlilikdən Yuriy və İqor adlı oğulları olub. Ataları Rostlatsev 1920-ci ildə Bakıda, Yuriy isə 1938-ci ildə güllələnib. İqor isə Kislovodsk şəhərində memar kimi fəaliyyət göstərib. Üçüncü qızı Yuliya isə Müqəddəs Nina gimnaziyasında rus dili və ədəbiyyatı dərsi keçən İ. A. Oçinskiy ilə ailə həyatı qurub. Onların oğlu Vsevolod ixtisasca memar olub. Soçi şəhərində tikilmiş bir çox binaların müəllifidir. Sonuncu qızı 1938-ci ildə güllələnmiş V. Q. Ryabçinkiy ilə ailə həyatı qurub. Yeganə oğlu Viktor isə inqilabdan sonra Fransaya köçür. 13 aprel 1938-ci ildə isə Edelin həyat yoldaşı Qrasiya Nikolayevna dünyasını dəyişib.
Əsərləri
- Murtuza Muxtarovun yaşayış evi
- Üç mərtəbəli yaşayış binası
İstinadlar
- Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 88. ISBN 978-9952-32-020-6.
- Elçin Əliyev. Azərbaycan Memarlığında Alman İrsi / Deutsches Erbe in der Architektur von Aserbaidschan (PDF). Bakı. 2017. səh. 50-113. ISBN 978-9952-8335-1-5.
- Tamara Hümbətova. "Эдель Иоанн Вильгельмович - архитектор" (rus). baku.ru. 04.03.2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2021.
- "Церковь во имя Преображения Господня (Спасо-Преображенская Белогородская), на Шибаевском заводе, Баку" (rus). ourbaku.com. 03.04.2010. 10.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2021.
- "ЭДЕЛЬ Иван Васильевич" (rus). ourbaku.com. 13.03.2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2021.