İnterpolyasiya
İnterpolyasiya (ing. interpolation ~ ru. интерполяция ~ tr. interpolasyon) – 1. Riyaziyyatda: verilənlərin iki məlum nöqtəsi arasında aralıq qiymətlərin hesablanması. Daha çox xətti (LINEAR) və eksponensial (EXPONENTIAL) interpolyasiyadan istifadə olunur. 2. Kompüter qrafikasında: daha yüksək çözümlülük illüziyası yaratmaq məqsədilə görüntüdə əlavə (aralıq) piksellərin generasiyası; bu zaman yeni yaradılan piksellərin rəngi onun ətrafındakı piksellərin rəngləri nəzərə alınmaqla xüsusi alqoritmin köməyilə müəyyən olunur.
Həmçinin verilmiş mürəkkəb funskiyaların interpolyasiyası da mövcuddur. Bu halda mürəkkəb funksiya sadə funksiya ilə əvəz edilir. Məsələn əgər verilmiş funksiyanın törməsinin alınması çətindirsə, onda onda onun qiymətləri bir neçə nöqtədə hesablanır və buradan sadə funkisya keçirməklə onu interpolyasiya etmək mümkün olur. Əlbəttə sadə funksiyanın tətbiqi əldə olunan nəticələrin (qiymətlərin) dəqiqliyini aşağı salır. Buna baxmayaraq bir çox məsələlərin həllində interpolyasiya üsulundan istifadə etməklə əldə olunan qazanc, yaranan xətaların nəzərdən atılmasına imkan verir.
Bəzən elə olur ki, funksiya analitik şəkildə verilir, lakin onun qiymətini təyin oblastının ixtiyari nöqtəsində, tapmaq böyük hesablama işi tələb edir. Bu halda da interpolyasiya məsələlərindən istifadə edilir: funksiyanın analitik ifadəsindən istifadə edərək, onun qiymətini, hesablaması asan olan bir neçə nöqtədə tapırlar və bu qiymətlərdən istifadə edərək çoxhədlini qururlar.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İstinad
- Josef Stoer: Numerische Mathematik 1. 8. Auflage, Springer 1999.