İnhibitor
İnhibitor — (lat.inhibere "saxlamaq") fizioloji və fiziki-kimyəvi (əsasən fermentativ) proseslərin gedişini ləngidən və ya saxlayan maddələrin ümumi adıdır. Əks anlayış – katalizator.
Təsviri
İnhibitorların təsiri aktiv mərkəzlər və ya hissəciklər iştirakı ilə gedən katalitik və zəncirvari reaksiyalar üçün xarakterikdir. Reaksiyanın ləngiməsi və ya dayanması inhibitorun katalizatorun aktiv mərkəzlərini təcrid etməsi və ya onlarla qarşılıqlı təsirə girib, az aktiv radikal əmələ gətirməsi ilə əlaqədardır. İnhibitor sistemə reagentlərdən xeyli az miqdarda (qatılıqda) verilir.
İnhibitora aid misallar
Məsələn, hidroxinon benzaldehidin oksidləşməsinə qarşı inhibitordur; texnesium birləşmələri – poladların korroziyasının qarşısını alan inhibitordur: difenilketon – stirolun polimerləşməsinə qarşı inhibitordur; azotüçxlorid – xlorla hidrogenin reaksiyası üçün güclü inhibitordur, rekasiyanın dayanmasından ötrü onun mində bir faiz hissəsi kifayətdir.
Metal korroziyası inhibitorları
Metal korroziyası inhibitorları xüsusi praktiki əhəmiyyətə malikdir. Müasir təsəvvürlərə əsasən inhibitorların təsir mexanizmi elektrokimyəvi təbiətə malikdir. Metalın korroziyasına gəldikdə inhibitor elə maddələrə deyilir ki, onlar metalın səthində adsorbsiya olunaraq, onun potensialının müsbət yükünü artırsın və bununla da korroziya prosesini ləngitsin. İnhibitorlara çox vaxt korroziya mühitinin aktivliyini azaldan və ya inhibitorun məhlul, metal və ya metalın korroziya məhsulu ilə qarşılıqlı təsiri nəticəsində alınan və metalın səthində qoruyucu pərdə əmələ gətirən maddələri də aid edirlər.
Korroziya inhibitoru kimi istifadə edilə biləcək çoxlu sayda maddələr məlumdur. Aminlər, azotsaxlayan heterotsiklik maddələr, tiollar, karbamid və tiokarbamidlər, sulfidlər, aldehidlər daha yüksək inhibitor xassəsinə malikdir.
Ədəbiyyat
- Ингибиторы // Краткая химическая энциклопедия / Кнунянц И. Л. (гл. редактор). — М.: Советская Энциклопедия, 1961–1967. — Т. 2. — С. 228–229.
Mənbə
- Ингибиторы // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. II. — ISBN 9965-9746-3-2.
- Катализ и ингибирование. www.chem.msu.su. Проверено 7 декабря 2018.
- Ингибиторы // Энциклопедический словарь юного химика. 2-е изд. / Сост. В. А. Крицман, В. В. Станцо. — М.: Педагогика, 1990. — С. 91. — ISBN 5-7155-0292-6.