İnformasiya Texnologiyaları İnstitutu (Azərbaycan)

İnformasiya Texnologiyaları İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının tərkibində elmi-tədqiqat institutu.

İnformasiya Texnologiyaları İnstitutu
Əsası qoyulub 1971
Direktor AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev
Ünvan AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9A
Sayt ict.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnstitutun yaranma tarixi

İnstitutun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir[1]. 1982-ci ildən AİS Şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir. 1997-ci ildə AİS Şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılmışdır. 21 may 2002-ci ildə İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunmuşdur.

Dövlətin elm siyasətini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasına ali dövlət elmi təşkilat statusu verildikdən sonra elmin inkişafında yeni dövr başlamışdır. Artıq ölkədə verilənlərin analitik tədqiqi və veb-texnologiyaları, informasiya təhlükəsizliyi, sosial şəbəkələr, biometrik identifikasiya sistemləri, informasiya resurslarının formalaşdırılması, informasiya-kommunikasiya texnologiyaları (İKT), linqvistik, coğrafi informasiya, sosioinformasiya texnologiyaları, virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri, elm və təhsilin informasiyalaşdırılması və digər problemlər istiqamətində elmi tədqiqatların innovativ tələblərə müvafiq aparılması, bu sahələrdə mövcud elmi-texniki problemlərin həlli, innovativ layihələrin işlənilməsi, o cümlədən dövrün tələblərinə cavab verən kreativ təfəkkürlü yeni nəsil kadrların yetişdirilməsi məqsədlərinə xidmət edəcək institutun yaradılmasına zərurət yaranmışdı. 2002-ci ildə İTEM əsasında İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır. İnstitut qısa müddət ərzində İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan bir quruma çevrilmiş, informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi nəzəri problemlərinin araşdırılmasının təməli qoyulmuş, yeni elmi şöbələr və mərkəzlər açılmışdır. İnstitut elmi tədqiqatlarda səmərəli nəticələrin əldə edilməsi, innovasiya fəaliyyətin yüksək səviyyədə təşkili üçün beynəlxalq standartlara cavab verən şəraitin yaradıldığı, cəmiyyət üçün vacib olan layihələrin həyata keçirildiyi bir elmi müəssisədir. İnstitutda elmi-texniki və innovasiya siyasətinin uğurla həyata keçirilməsi istiqamətində mühüm işlər aparılır. İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması, beynəlxalq elmi mühitə inteqrasiya olunması, kadr hazırlığının yüksək səviyyədə təşkili institutun basilica hədəflərindəndir.

Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində yerləşən İnformasiya Texnologiyaları İnstitutunda 18 şöbə, o cümlədən Tədris-İnnovasiya, Elektron kitabxana, Multimedia və Nəşriyyat mərkəzləri, AzScienceNet elm kompüter şəbəkəsi, eləcə də İnfoTV fəaliyyət göstərir. İnformasiya Texnologiyaları İnstitutunun nəzdində Dissertasiya Şurası fəaliyyət göstərir. İnstitutda "İnformasiya texnologiyaları problemləri" və "İnformasiya Cəmiyyəti Problemləri" elmi-praktiki jurnalları nəşr olunur.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

  1. "İnformasiya Texnologiyaları İnstitutu". 2013-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.