İmran Qurbanov (həkim)
İmran Hümbət oğlu Qurbanov (17 aprel 1964, Nərimanlı, Basarkeçər rayonu[1]) – Azərbaycan həkimi, tibb xidməti kapitanı (1994), 701 saylı hərbi hissənin tibb bölüyünün komandiri (1992), Baş Qərargah polikilinkasının cərahiyyə şöbəsinin rəisi (1994-1997), Qarabağ müharibəsi iştirakçısı, Respublika Kliniki Xəstəxanasında qəbul şöbəsinin müdiri (1998-indi) və baş həkimin cərrahi işlər üzrə müavini (2013-indi), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı (2013) laureatı, Prezident təqaütçüsü. Yeni Azərbaycan Partiyasının üzvü (1998).
İmran Qurbanov | |
---|---|
azərb. Qurbanov İmran Hümbət oğlu | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 aprel 1964 (59 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru qoşunları |
Hərbi hissə | 701 saylı hərbi briqada |
Xidmət illəri | 1991 |
Rütbəsi | tibb xidməti Kapitan (1994) |
Vəzifəsi | tibb bölüyünün komandiri |
Döyüşlər | Qarabağ müharibəsi → Kəlbəcər döyüşü → Laçın döyüşü |
İstefada | 1997-ci ildən |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İmran Qurbanov 1964-cü il aprel ayının ayının 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1971-1981-ci illərdə Nərimanlı kənd orta məktəbində orta təhsil almış, orta məktəbi “Qızıl medal”la bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun “Əzcaçılıq” fakültəsinə qəbul olsa da, istədiyi fakültəyə qəbul olmadığı üçün imtina edərək, 1982-1984-cü illərdə həqiqi hərbi xidmət keçmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun "Müalicə proflaktika" fakültəsinə ən yüksək qiymətlə qəbul olmuş, 1991-ci ildə ATU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildə Respublika Kliniki Xəstəxanasında internaturaya başlamış, 1992-ci ildən könüllü hərbi xidmətə getmişdir.[2]
Hal-hazırda Qarabağ qazisi və Prezident təqaüdçüsüdür. 1998-ci ildən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında qəbul şöbəsinin müdiri və 2013-cü ildən həmçinin baş həkimin cərrahi işlər üzrə müavinidir.
1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Yasamal rayon təşkilatında siyasi şuranın üzvüdür.
Qarabağ müharibəsində iştirakı
1992-ci ilin may ayının 19-dan birinci birqadanın (701 saylı) tibb bölüyünün baş ordinatoru kimi hərbi qulluğa başlamışdır. Kəlbəcər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 1992-ci ilin iyun ayında tibb bölüyünün komandiri təyin olunmuşdur.[3] 1992-ci ildə SSRİ ordusunun Salyan kazarmasında yerləşən tibb batalyonunu akta qəbul etmişdir. Qısa müddətdə heç bir sturkturu olmayan tibb bölüyünü formalaşdırmağa başlamışdır. Ağdərə işğaldan azad olunduqdan sonra Laçın istiqamətinə dislokasiya olunaraq Laçın rayonunun Taxtazavod (Hacısamlı) kəndində “Ön Səhra hospitalı” kimi fəaliyyət göstərən tibb bölüyünü tam formalaşdırmışdır. Laçın rayonunun 44 kəndinin, Hocaz yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə yaralanan bütün şəxsi heyətə tibb xidməti həmin hospitalda göstərilmişdir. Kəlbəcərin işğal olunmasına – mart ayının 31-nə qədər Laçın rayonunda yerləşən hospital 31 martdan Kəlbəcər istiqamətinə dislokasiya olunmuşdur. Kəlbəcər rayonunun tam işğalından sonra aprel ayının 3-dən hospitalı Toğana kəndində yerləşdirmişdir. Kəlbəcər rayonunun 16 kəndinin geri alınması uğurunda gedən döyüşlərdə (1993-cü il dekabrın 30-dan, 1994-cü il fevral ayının 13-dən) yaralanan şəxsi heyətə onun rəhbərlik etdiyi hospitalda ixtisaslaşdırılmış tibbi yardım göstərilmişdir. Kəlbəcərdən – Murovdağdan keçməklə yaralıların 3 mərhələli təxliyyəsinin təşkili, ixtisaslaşdırılmış tibbi yardımın düzgün və vaxtında yerinə yetirilməsi hesabına hospitalda ölüm faizi cəmi 7% olmuşdur. Bütün bunlara görə dəfələrlə kamandanlığın fəxri fərmanları ilə təltif olunmuşdur. 1994-cü ilin may ayında növbədənkənar tibb xidməti kapitanı hərbi rütbəsi verilmiş və Müdafiə Nazirliyinin Baş Qərargah polikilinkasının cərahiyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1997-ci ilin oktyabr ayından ehtiyata tərxis olunmuşdur.[4]
Kurs və təlimlər
2000-ci ildə Gürcüstanın Tbilisi şəhərində; 2001-ci ildə ildə Özbəkistanın Daşkənd şəhərində; 2002-ci ildə ABŞ-nin Hyuston şəhərində, Beylor Tibb kollecində; 2005-ci ildə Türkiyənin İstanbul şəhərində təkmilləşdirmə kurslarında olmuşdur.
Təltif və mükafatları
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin “0175 t” nömrəli, 4 sentyabr 2013-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı ilə təltif olunmuşdur.
9 iyul 2007-ci ildə "Hippokrat" Tibb jurnalının təsis etdiyi "Şəfalı əllər" Fəxri diplomuna layiq görülmüşdür.
2021-ci ilin mart ayında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən koronovirusa qarşı aparılan mübarizəyə və Vətən müharibəsində ön cəbhədə hərbi hospitalda göstərdiyi xidmətlərə görə Fəxri Fərmanla və təşkilatın təsis etdiyi "AVMVİB 25 İL" Xatirə medalıyla təltif edilib.[5]
Müxtəlif illərdə müxtəlif ictimai birliklərin, "Təhsil mərkəzi"nin, YAP Yasamal rayon təşkilatının, müxtəlif qəzetlərin Fəxri diplom və Fəxri fərmanları ilə təltif olunmuşdur.
Haqqında
2014-cü ildə həkimlər Alı Qurbanov, İmran Qurbanov, tibb bacıları Radə Abbas və Doləfuruz Hüseynova haqqında APA TV tərəfindən "Hərbi həkimlər" adlı film çəkilmişdir.[6]
2018-ci ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında, Rüfət Əsədovun rejissorluğu ilə "Dönüş" filmi çəkilmişdir.[7]
Ailəsi
Ailəlidir. İki oğlu var.
Böyük oğlu Fərhad İstanbul Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, hazırda Mərmərə Universitetində magistr təhisli alır.
İkinci oğlu Etibar Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.
Həyat yoldaşı Qurbanova Sevinc İsrafil qızı həkimdir.
İstinadlar
- Hüseynova L. Doğma torpaqlarımıza qayıdacağıq. 2018.
- İbrahim Məsimoğlu. "Hərbi həkim fədakarlığı", "Hərbi and" qəzeti, №21(742), 1 iyun 2018-ci il
- "Oyan Azərbaycan: Qonaqlarımız" (az.). deskgram.org. 2017. 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
- İbrahim Məsimoğlu. İlk briqadanın ibrətli döyüş dərsləri (500 nüs.). Bakı: Təhsil. 2014. 462.
- Heç kim və heç nə unudulmamalıdır! fedai.az — 11.03.2021
- Rey Kərimoğlu. "Hərbi həkimlərimiz (Müharibə adamı verilişi)" (az.). APA TV (YouTube). 2014. İstifadə tarixi: 2017-02-15.
- "Qarabağ qazisindən bəhs edən filmin təqdimatı olacaq" (az.). Goyce.az. 2018-04-14. 2018-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-08.