İmadəddin Ay Aba

İmadəddin Əbülfəth Müəyyəd Ay Aba (?-1174)— Səlcuq əmiri, vali.

İMADƏDDİN AY ABA
İmadəddin Əbülfəth Müəyyəd Ay Aba
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Nişapur şəhəri
Fəaliyyəti hərbi lider[d]

Həyatı

Əbu Bəkr Qumacın nəvəsi, Əlaəddin Əbu Bəkrin oğlu idi.

İmadəddin Əbülfəth Müəyyəd Ay Aba Sultan Səncərə xidmət etmişdi. Xidmət və bacarığı sayəsində böyük torpaq sahibkarına çevrilmişdi. Bəlx valisi olarkən Sultan Səncəri oğuzları əsir düşmüşdü. Səncərin ora-bura dağılmış əmirləri Nişapurda yığışaraq Qaraxanlı Məhəmməd xanın oğlu, Səncərin qardaşı oğlu Mahmudu hökmdar elan etdilər.

Sultan Mahmud həmin günlərdə Heratı mühasirəyə alan oğuzların üzərinə səfər etdi. Tərəflər arasında dəfələrlə vuruşma oldu, əksəriyyəti də oğuzların qələbəsilə başa çatdı. 550-ci ilin cümadiyül - əvvəl ayında (iyul-avqust, 1155) oğuzlar Mərvə qayıdaraq oradan Mahmuda elçi göndərib sülh bağladılar. Mahmud da öz sələfi Süleyman şah kimi zəif şəxsiyyət idi, bütün qüvvə əmir Müəyyəd Ay Abanın əlində cəmləşmişdi. Ay Aba Nişapurdan əlavə Tus, NəsaƏbivərdi də ələ keçirmişdi. Səncərin digər əmiri Aytak da Rey bölgəsinə hakim olmuş, başına 10 min atlı yığmışdı.[1]

Mahmud xanla sülh bağlandıqdan sonra Səncərin əmirləri Mərvə gedib onunla görüşə bilirdilər. Ancaq görüşdə oğuz bəylərindən Tuti bəy, Qorqud, yaxud Səlmənəci və Böyük Davud hökmən iştirak edirdilər. 551-ci ildə (ramazan-oktyabr-noyabr, 1156) Müəyyəd Ay-Aba keşik çəkən oğuzları aldadaraq Səncəri Bəlxdən Termezə qaçırtdı. Bir müddət orada qaldıqdan sonra Səncər Mərvə gəldi. Bəlx bölgəsindəki oğuzlar Səncərin nə edəcəyini maraq və təşvişlə gözlədilər. 72 yaşlı ruhən düşkün, xəzinəsi boş, ölkəsi xarabazar, əsgəri dağılmış bir insan nə edə bilərdi? Gerçəkdən, Səncər heç bir təşəbbüs göstərmədən xilas olduqdan 7 ay sonra kədər içində Mərvdə öldü (14 rəbiüləvvəl 551 - 7 may 1156) və göy kaşısının birgünlük məsafədən göründüyü söylənən möhtəşəm türbəsində dəfn edildi.

Sultan Səncərin ölümündən sonra oğuzlar rahat nəfəs aldılar. İndi onlar Bəlx ətrafında yurd salmış, hətta yağmaçılıqdan vaz keçərək Sultan Mahmuda itaət etmək qərarına gəlmişdilər. Oğuzlar 553-cü ilin şaban ayında (avqust-sentyabr, 1158) Mərvə gəldilər, Sultan Mahmud və iqtidarı əslində öz əlində saxlayan Ay Aba Sərəxsdə idilər. Ay Aba qoşunla oğuzların üstünə yürüyərək onların bir bölüyu ilə qarşılaşıb qalib gəldi, hətta onları Mərvə qədər qovdu. Bu qalibiyyət cürətini artırmış və ona oğuzları tamamən ortadan qaldıracağı ümidini vermişdi. Buna görə Sultan Mahmud da yanındakı oğuzlara hücum etdi. Ancaq Ay Abanın bu ümidi başa çatdı. Üç gün davam edən döyüşdə oğuzlar üç dəfə geri çəkilsələr də, axırda Ay Abanı ağır bir məğlubiyyətə uğratdılar (9 şəvval - 3 noyabr).

İmadəddin Müəyyəd Ay Aba 1156-cı ildən sonra Nişapur vilayətinin valisi olmuşdu.Nişapur və onun ətrafına hakim olan Ay Aba Sultan Mahmudun hakimiyyətini tanımırdı. Buna görə oğuzlar Sultan Mahmud da yanlarında olmaqla Ay Abaya hücum etdilər. Ay Aba Şadiyahda mühasirəyə alındı. Bu əsnada Sultan Mahmud oğuzların yanından qaçaraq Nişapurun qala divarına sığındı. Görünür, o, oğuzların hakimiyyətini qəbul edə bilmirdi. Ancaq onun qısa bir müddət sonra bu hərəkəti üçün möhkəm peşmançılıq duyduğuna şübhə yoxdur. Çünki Ay Aba onu və oğlunu yaxalayaraq gözlərinə mil çəkdirdi və ata-oğul bir-birinin ardınca dərin iztirablar içində vəfat etdilər (557-1162).

Müəyyəd Ay Aba bir ara atabəy Şəmsəddin Eldənizə xidmət etmişdi. Sultan Səncər vəfat edəndən sonra güclənən xarəzmşah Sultan İl Arslan (1156–1172) tərəfindən gözlənilən hücumların qarşısını almaq üçün Şəmsəddin Eldənizə ümüd bəsləyirdi. O, 1163-cü ildə Kumis vilayətinə hücum etdi.BəstamDamğanı ələ keçirdi. Ora öz canişini Təngizi vali təyin etdi. Təngizin vasitəsilə Mazandaran hakimi Rüstəm şahı məğlub edib o bölgəni də ələ keçirdi. Sultan Arslan şah və atabəy Şəmsəddin Eldəniz Ay Abaya fəxri libas, bayraq və hədiyyələr verdilər. Atabəyin təklifi ilə Ay Aba hakimiyyəti altında torpaqlarda Sultan Arslanşahın adına xütbə oxutdutdu. 1167-ci ildə Ay Aba Həmədana gəldi və bildirdi ki, xarəzmşah Sultan İl Arslan Nişapuru tutmağa yönəlib. Şəmsəddin Eldəniz xarəzmşaha hədə dolu məktub göndərdi.Məktubdan hirslənən xarəzmşah Nişapura hücumunu sürətləndirdi. Nişapur mühasirəyə tabladı. Şəmsəddin Eldəniz xarəzmşahın üstünə hücum etdi. Xarəzmşah Nişapurdan çəkildi. Az sonra Müəyyəd Ay Aba xarəzmşahın tərəfinə keçdi. Nişapur Atabəylər üçün itirildi.

Xarəzmşahlar Sultan Təkəş və Sultanşah arasında taxt qovğası gedirdi. Sultanşah anasını da götürüb Müəyyəd Aya abaya sığındı. Müəyyəd Ay Aba ona yardım etməyə söz verdi. Qoşunla Sultan Təkəşin üstünə hücum etdilər. Bu hücum haqqında əvvəlcədən məlumat alan Təkəş onları tələyə salıb məğlub etdi. Sultanşah qaçdı. Müəyyəd Ay Aba isə 11 iyun 1174-cü ildə döyüşdə öldürüldü.

İstinadlar

  1. ibn ül-Əsir, XI, s. 81-83.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.