İldırım xan Şərifov
İldırım xan Qasım bəy oğlu Şərifov — Qarabağ bəyi. Ağdam şəhər pristavı. Çərkəz bəy Şərifovun böyük qardaşı. Şərifli nəslindəndir.
İldrım xan Şərifov | |
---|---|
İldrım xan Qasım bəy oğlu Şərifov | |
Doğum yeri | Seyidli, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Seyidli, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Mənzər xanım Rüstəm bəy qızı Şərifova |
Atası | Qasım bəy |
Anası | Mənzər xanım |
Milliyyəti | azərbaycanlı |
Həyatı və fəaliyyəti
İldırım xan Qasım bəy oğlu Şərifov Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndin) kəndində anadan olmuşdur. O, ata tərəfdən Şərifli, ana tərəfdən Qazılılar nəslindəndir.[1]
İldırım xan uşaq yaşlarında olarkən atası vəfat etmişdir. O və qardaşı Çərkəz bəy ilk təhsillərini yaxın qohumu Seyid Həşim Seyid Qara Məhəmməd oğlundan almışdır. Sonralar Ağdam şəhər məktəbində (Ağdam şəhər 1 nömrəli orta məktəb) oxumuşdur. İldırım xan Şərifov qardaşı Çərkəz bəy və əmisi oğlu Fərhad bəy ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışdır. Daha doğrusu erməniləri himayə edən çarizmə qarşı döyüşmüşdür.[1]
İldırım xan Şərifov İranda Səttarxan hərəkatında iştirak etdiyi üçün xan tituluna layiq görülmüşdür. Səttarxan hərəkatına aid tədqiqat əsərlərində onun adına təsadüf edilir.[1]
İldırım xan Şərifov Çar Rusiyası və Azərbaycan Demokratik Respublikası dövründə Ağdam şəhərinin pristavı vəzifəsində işləmişdir. O, pristav işlədiyi illərdə ondan əvvəl pristav olmuş Bəhram bəy Kazımbəyovu öldürən şəxsi Ağdam bazarında (indiki Ağdam şəhər 1 saylı orta məktəbin yerləşdiyi ərazi) camaatın gözü qarşısında cəzalandırmışdır.[1]
İldırım xan Şərifov Ağdam şəhər pristavı işlədiyi dövrdə şəhər sakinləri adından Azərbaycan parlamentinə Fətəli xan Xoyskinin təşkil etdiyi sayca üçüncü hökumət kabinetinin yaradılması münasibətilə təbrik məktubu göndərmişdir. İldırım xan Şərifov başda olmaqla şəhərin bir qrup hörmətli sakininin imzaladığı bu təbrik məktubu Azərbaycan parlamentinin 8 yanvar 1919-cu ildə keçirilmiş VII iclasında oxunmuşdur.[1]
İldrım xan Şərifov 1925 ildə Seyidlidə dünyasını dəyişmiş, "Qaraağacı" qəbiristanlığında torpağa tapşırılmışdır.
Ailəsi
İldrım xan Şərifovun atasının adı Qasım bəy, anasının adı Mənzər xanımdır.
İldrım xan Şərifovun qardaşının adı Çərkəz bəy, bacısının adı Ulduz xanımdır.
İldırım xan Şərifov Şuşalı Rüstəm bəyin qızı Mənzər xanımla ailə həyatı qurmuş, övladı olmamışdır.
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
Mənbə
- Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016
- Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5 – 11 dekabr, 2012-ci il, № 42(174)
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Şərifli nəslinin görkəmli övladları. "Təzadlar" qəzeti, 18 dekabr, 2012-ci il, № 189 (1732)