İfrazat sistemi

İfrazat sistemi və ya ekskretor sistem — insan və heyvan orqanizmindən suyu və duzları, maddələr mübadiləsinin son məhsullarını, eləcə də orqanizmə daxil edilən, yaxud orqanizmdə əmələ gələn zəhərli maddələri xaric edən orqanların məcmusu. İbtidailərdə tez həll olunan ekskretlər(ammonyak, sidik cövhəri) diffuziya yolu ilə və ya yığılıb-açılan qovuqcuqlar vasitəsilə xaric olunur. İbtidai çoxhüceyrəlilərdə və az fəal olan dəniz heyvanlarında mübadilə məhsulları bədən səthindən və xarici mühitlə əlaqədar olan boşluqların divarından diffuziya edilir. Təkamül nəticəsində ibtidai qurdlarda və bəzi halqavarı qurdlarda, eləcə də molyuskların sürfələrində xüsusi ifrazat orqanları— protonefridilər — bir ucu dəlik vasitəsilə xaricə açılan, digər (kor) ucu isə daxildə qurtaran borular əmələ gəlmişdir. Halqavarı qurdların əksəriyyətində ifrazat sistemi metanefridilər şəklindədir. Bu boruların bir ucu qıf vasitəsilə selom kisələrinə, digər ucu isə xaricə — sonrakı seqmentin səthinə açılır. Molyusklarda bu qıf ürəkətrafı boşluğa, selom axacağının xarici dəliyi isə manti boşluğuna açılır. Xərçəngkimilərdə ifrazat orqanları kor kisəcik ilə başlayıb, bığların əsasında xaricə açılan qıvrım borulardan (yaşıl vəzilər) ibarətdir. Quru buğumayaqlıları üçün ifrazat funksiyasının bağırsaq divarlarına (bir ucu orta və arxa bağırsağın qovuşduğu yerə açılan, digər ucu isə kor bağırsaq çıxıntıları olan borucuqlar və ya Malpigi damarları topası əmələ gətirir) keçməsi xarakterikdir.

İfrazatın xüsusi tipi katabolitlərin çətin həll olunan formaya keçib xüsusi törəmələrdə toplanmasıdır. Qişalıların və assidilərin ifrazat orqanları xüsusi kisəciklər, neştərçəninki qəlsəmə nahiyəsində 100 cütə qədər nefromiksinlərdən ibarətdir. Onurğalılarda isə ifrazat orqanı böyrəklərdir. Orqanizmin inkişafından asılı olaraq üç böyrək tipi müşahidə edilir:

  • ön və ya baş böyrək (pronefros);
  • ilk, orta, yaxud gövdə böyrək (mezonefros);
  • ikinci, arxa və ya çanaq böyrək (metanefros).

Bütün balıqlardasuda-quruda yaşayanlarda ilk böyrək fəaliyyət göstərir. İbtidai onurğalılarda rüşeym dövründə fəaliyyət göstərən ilk böyrəyi ikinci böyrək əvəz edir. Bu böyrək dişilərdə regenerasiyaya uğrayır, erkəklərdə isə toxumötürücü aparat funksiyasını yerinə yetirərək xaya artımı və ya epididimis adlanır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.