İbrahimxəlil xan sarayı
İbrahimxəlil xan sarayı və ya İbrahimxəlil xanın qəsri — Şuşa şəhərinin cənub-şərq hissəsində, Daşaltı kəndi yaxınlığında yerləşən tarixi saraydır. Bəzi mənbələrdə saray həm də Qarabağ xan sarayı adlandırılır ki, bu da İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayın xan igamətgahı olması ilə əlaqədardır.
İbrahimxəlil xan sarayı | |
---|---|
| |
39°45′28″ şm. e. 46°45′33″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi | Pənahəli xan |
Əsas tarixlər | Əsası qoyulub: 1751-1753 |
Tikilmə tarixi | XVIII əsr |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 350 |
Kateqoriya | Saray |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi.[1] XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.[2]
Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.[1] Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi.[3]
Qarabağ tarixçisi Mir Mehdi Xəzani Şuşa qalasının inşa edilməsindən bəhs edərkən Pənahəli xanın sifarişi ilə qala daxilində sarayların inşa edilməsini də vurğulayır:
Pənah xan Şuşada özünə balaca qalaya oxşar qala divarları ilə əhatə edilmiş saray inşa etdirdi. Öz sarayı yaxınlığında isə təpə üzərində oğlu İbrahimxəlil üçün saray inşa etdirdi. |
Memarlıq xüsusiyyətləri
Şuşa qalasındakı qəsrlərin özünəməxsus memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini cəlb etmişdir. Məsələn XIX əsrin ortalarında "Qafqaz" (rus. Кавказ) qəzetində yazılır: "Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə malikdirlər. Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir."[5]
Tarixi bilinməyən baş plana əsasən müəyyən edilmişdir ki, demək olar ki, bütün Şuşa qəsrləri oxşar konfiqurasiyaya malik olmuşdur: planda düzbucaqlı formaya malik olmaqla, onların dörd küncündə müdafiə qüllələri yerləşdirilmişdi. Daxildən bu divarlara bitişik şəkildə qəsr sakinlərinə xidmət edənlərin yaşaması üçün saray tipli binalar inşa edilirdi.[6] Şuşa qəsrlərinin həcm-məkan və plan formalaşmasının həllinə Şahbulaq qalasının memarlıq xüsusiyyətləri təsir göstərmişdir.[6]
Şahbulaq qəsrində olduğu kimi bu qəsrlərin də girişləri şimal istiqamətində yerləşir.[6] Birbaşa girişdən müdafiə olunmaq üçün qapının qarşısında Г formalı keçidə malik prizmatik örtüklə tamamlanan qüllə ucaldılmışdı.[6]
İbrahimxəlil xanın sarayı kvadrat formalı tikili olmaqla dörd tərəfdən qala divarları ilə əhatə olunmuşdur. Qala divarlarının dörd küncündə içəridən açıq olan yarımdairəvi qüllələr yerləşir. Qəsrin içərisindən qüllələrə birləşən yaşayış binalarında sarayda yaşayanlara xidmət edən qulluqçular yaşayırdı.[7]
Qəsrin şimala istiqamətlənən əsas girişi qabağa çıxmış prizmatik həcmlə müdafiə olunur. Bu baxımdan qəsrin girişi Şuşa qalasının Gəncə qapısında tətbiq edilmiş texnikanı təkrarlayır. Bu cür tikinti texnikas qapının müdafiəsini gücləndirərək ona birbaşa yaxınlaşma imkanını sıfıra endirir.[7]
Giriş qapısının konstruktiv həlli də diqqəti cəlb edir: bütöv daşdan (2.40 x 0.70 x 0.45 m) hazırlanmış qapı bəndi bütöv daşdan hazırlanmış və 2.10 metr hündürlüyə malik qapı çərçivəsi üzərində dayanır. Qapı bəndi üzərində yaxşı yonulmuş daşlardan inşa edilmiş yüngülləşdirici tağ yerləşir. Tağın timpanı iri yonulmamış daşlardan but hörgüsü ilə tikilmişdir. Giriş qapılarının bu cür həll edilməsi Şuşa şəhərinin memarlığında geniş yayılmışdır.[7]
Saray kompleksinə daxil olan bütün tikililər kiçik ölçülü yaxşı yonulmuş daşlardan inşa edilmiş tağ-tavanla örtülmüşdür. Şuşada bu cür tağ-tavanların inşa texnikası kifayət qədər sadə olmuşdur. Belə ki, tikilinin divarları hörüldükdən sonra onun içi torpaqla doldurulur və torpaq üzərində tağ-tavanın inşasına başlanılırdı. İnşa edilmiş tavanın hörgülərinin qurumasından sonra isə binanın içi torpaqdan təmizlənirdi.[7]
İstinadlar
- Авалов, 1977. səh. 23
- Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 96.
- Адигезал-бек, Мирза. Карабах-наме. Баку. 1950. 63.
- Xəzani, Mir Mehdi. [Mir_Mehdi_Xəzani_və_onun__Kitabi-tarixi_Qarabağ__əsəri Kitab-tarixi-Qarabağ] (#bad_url). Bakı: Azərbaycan Elmlər Akademiyası nəşriyyatı. 1950.
- Газета Кавказ, № 58. Тифлис. 1857.
- Авалов, 1977. səh. 25
- Саркисов, Ализаде, 1950. səh. 121
Ədəbiyyat
- Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
- А. В. Саркисов, А. М. Ализаде. О некоторых архитектурных памятниках Шуши (Памятники архитектуры Азербайджана (сборник материалов), т. II). Москва-Баку. 1950.
- Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
- Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.
- Дубровин, Н. История войны и владычества русских на Кавказе (т.3). СПб. 1886.