İbrahim Məmmədov (bəstəkar)

İbrahim Qurban oğlu Məmmədov (24 oktyabr 1928, Bakı30 avqust 1993) — azərbaycanlı bəstəkar, Azərbaycan SSR xalq artisti (1990), Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının professoru.

İbrahim Məmmədov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (64 yaşında)
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1990

Həyatı

İbrahim Məmmədov 1928-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub. Ali musiqi təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında alıb. 1954-cü ildə professor Boris Zeydmanın bəstəkarlıq sinfini bitirib. Xüsusilə simfonik musiqi sahəsində əsərlər yaradıb. Bunlara misal olaraq "Qəhrəmanlıq simfoniyası", "Təntənəli uvertüra", skripka ilə orkestr üçün "Simfonik variasiyalar", "Balet süitası" və s. qeyd etmək mümkündür. Azərbaycanda ilk uşaq opera-baletinin müəllifidir. "Tülkü və Alabaş" opera-baleti 35 il ərzində Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında kiçik yaşlılar üçün yeganə milli musiqili-səhnə əsəri olmuşdur. Xor, solist və simfonik orkestr üçün "Sülhün dayağı", "Zəhmət təranələri", "Azərbaycan" kantataları, klarnet ilə estrada orkestri üçün "Rapsodiya", bir sıra kamera-vokal, kamera-instrumental əsərləri böyük maraqla qarşılanmışdır. Xüsusilə, fortepiano ilə simfonik orkestr üçün "Poema-tokkata" virtuoz pianoçu tələbələrin tədris repertuarında özünə layiqli yer tutmaqdadır.

Bəstəkarın Azərbaycanda gənc musiqiçi kadrlarının yetişdirilməsində mühüm rolu olmuşdur. 1961-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi fəaliyyət göstərərək "Solfecio", "Alətşünaslıq", "Partituranın üzündən oxunması" kimi fənnlərdən dərs demişdir.

1955-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə bu təşkilatın idarə heyətinin üzvü olmuşdur.

30 avqust 1993-cü ildə vəfat etmişdir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.