İbadulla Əliyev

Əlizadə İbadulla Ağaməli oğlu (Əliyev İbad Əli oğlu)-(1879-1938) - Görkəmli Azərbaycan mühəndisi, beynəlxalq iqtisadçı, müəllim.

İbadulla Əliyev
Əlizadə İbadulla Ağaməli oğlu
Digər adı Əliyev İbad Əli oğlu
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi
Fəaliyyəti mühəndis

Həyatı

İbadulla Ağaməli oğlu 1879-cu ildə Bakıda anadan olmuşdur.

Riqa Politexnik İnstitutunda H.Z.Tağıyevin təqaüdü ilə ali təhsil almışdı (1902-1909).

Bakıda Tağıyevin neft mədənlərində mühəndis işləyib (1909-1917). Azərbaycan Cümhuriyyəti dövründə (1918-20) Bakı Şəhər İdarəsinin işçisi və Şollar- Bakı su kəmərinin müdiri olub.

Sovet hakimiyyətinin başlanğıcında (1920-21) Azərbaycan SSR Xarici İşlər Xalq Komissarlığında ticarət müşaviri olub.

1921-ci ildə N.Nərimanovun təklifi ilə Azərneft xəttiylə Azərbaycanın Berlindəki Ticarət Nümayəndəliyinə göndərilib.

9 sentyabr 1921-dən 30 sentyabr 1927-yədək burada texniki şöbənin mühəndisi olub (1922-də SSRİ yarandıqdan sonra SSRİ-nin Almaniyadakı Ticarət Nümayəndəliyində bu dövlətin təmsilçisinə çevrilib).

Orada 1 noyabr 1927-ci il 1 sentyabr 1928-ci il arasında neft avadanlıqları şöbəsinin məsul əməkdaşı ("müxbir"i) işləyib. Bu illərdə menşeviklərin 1920-də partlatdığı Şollar su kəmərini bərpa etməkçün Almaniyadan dizel maşınları alınmasını, Bakının neft mədənləri üçün avadanlıqlar göndərilməsini və dövlət əhəmiyyətli bir çox məsələləri uğurla təşkil edib.

Şollar su kəmərinin çəkilişi, rəssam: Çingiz Mehbaliyev

1928-30-uncu illərdə yenə Azərneft xəttiylə İranda müvafiq məsələlərin həlli üzərində çalışıb ("Semnanneft"in direktor müavini olaraq).

İrandan qayıtdıqdan sonra Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasında müəllim (1930-32) və assistent (1935-1937) işləyib, ASSR yüngül sənaye xalq komissarının müavini (7.2.1933-dən), SSRİ Xarici Ticarət Xalq Komissarlığının ASSR-də səlahiyyətli nümayəndəsinin müavini (23.2.1935-dən), ASSR Yüngül Sənaye Xalq Komissarlığının təchizat-satış bölümünün rəisi (1935-1937), SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Bölməsində (EAZFAB) elmi işçi vəzifələrində bacarıqla çalışıb.

"Almaniya casusu" utdurma ittihamı ilə həbs edilib (25.7.1937) və 7 yanvar 1938-ci idə tam günahsız olduğu halda güllələnib.

Bitərəf idi.Dostu Ruhulla Axundova deyirmiş ki, mən Allaha inanıram, ona görə də Kommunist Partiyasının üzvü ola bilmərəm.

Həmçinin bax

  • Azərbaycan mühəndisləri
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.