İbadət (islam)

İbadət (ərəb. عبادة) — hər hansı bir varlığa bəndəçilik etmək, yəni ona sayğı, təzim və ehtiram deməkdir, başqa sözlə, məbud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır.

Ümumiyyətlə, Allaha ibadət Onun əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinməkdir. Qurani-Kərimdə buyurulur: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!"[1] Buradan, aydınlaşır ki, məsələn, Allaha şərik qoşmamaq, ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya və bir çox bu kimi insanlara yaxşılıq etmək ibadətdir. Allaha ibadət təkcə bunlarla bitmir. İslam peyğəmbərinin (s): "Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir."[2], Əli ibn əbu Talibin : "Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür."[3], Cəfər Sadiqin : "Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir."[4] hədislərindən eləcə də bir çox başqa hədislərdən anlaşılır ki, Allahın əmrlərini yerinə yetirmək və onun qadağan etdiklərindən şəkinmək ibadətdir.

İbadət xüsusunda rəvayət olan başqa bir hədisdə qeyd olunur ki, Hüseyn ibn Əli Buyurur: "Camaat! Allah-taala bəndələri yaratmışdır ki, Onu tanısınlar, Onu tanıyandan sonra Ona ibadət etsinlər və Ona ibadət etdikdən sonra başqasına ibadət etməyə ehtiyacları olmasın." deyə xitab etdikdə, bir nəfər soruşdu: "Ey Allahın Peyğəmbərinin oğlu! Atam-anam sənə fəda olsun, Allahı tanımaq nədir?" Hüseyn ibn Əli cavabında buyurdu: "(Allahı) tanımaq hər bir zəmanənin insanlarının itaəti vacib olan öz imamını tanımasıdır.""[5]

Allahı tanıma və qəlb imanı güclü olduqca ibadətdə də daha dəyərli olur. Əli ibn Musa buyurur: "Allaha ibadətin birinci dərəcəsi Onu tanımaqdır. Mərifətin (Allahı tanımağın) əsli isə Onun vəhdaniyyətini qəbul etməkdir. (Ona şərik qoşmamaqdır.)

Bir varlığın qarşısında həmin varlığı məbud hesab etmədən səcdə olunması həmin varlığa ibadət etmək qənaətinə gəlmir. Belə ki, Qurani-Kərimdə Yusif peyğəmbərin qissəsində buyurulur: "(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!"[6]

Eləcə də, "(Ya Peyğəmbər!) Biz mələklərə: "Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu."[7]

Hansı əməllər Allaha ibadətdir?

Qurani-Kərimdə deyilir: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!"[8] … göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.[9] "Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!"[10] Deməli, cin və insanların əsas məqsədə çata bilmələri üçün doğru yolu onların Allaha ibadət etmələridir və Qiyamət günü onların hər biri Allahın hüzuruna Onun qulu kimi gətiriləcəklər.

Yuxarıda qeyd olundu ki, Allaha ibadət o əməllər hesab olunur ki, həmin əməli yerinə yetirməyi Allah əmr edib və onu Allaha xatir edəsən. Bu cür ibadətlər şərti olaraq aşağıdakı növlərə ayrılır:

  • Təkcə bədənlə olan ibadət. Buna qəlb və bədən hərəkətləri ilə edilən ibadətlər;
  • Maddi ibadət. Buna mal ilə edilən ibadətlər aiddir;
  • Həm maddi, həm də bədən ilə olan ibadətlər. Bunlara bədən hərəkətləri və mal ilə edilən ibadətlər aiddir.

Ümumiyyətlə insan gərək ibadətdə Allahla öz arasında fasilə görməsin. Yəni insan həmişə bunu bilməlidir ki, Allah onun bütün əməllərini görür və onun nə etmək istəyindən xəbərdardır. Allah-təala Qurani-Kərimdə buyurur: "(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!"[11] Həzrət Peyğəmbər (s) Əbuzərə vəsiyyət edərkən belə buyurdu: "Ey Əbuzər! Allaha elə ibadət et ki, guya Onu görürsən. Əgər sən Onu görməsən, bil ki, O səni görür."[12]

Odur ki, insan əgər hər bir yerdə olursa olsun və hər hansı bir işi gərərkən başa düşsə ki, Allah onun əməllərinə şahiddir, o heç vaxt günah etməz.

Allaha ibadətin səmərəsi

Allaha ibadətin səmərəsi barədə İslam peyğəmbəri buyurub: "Cənnətə daxil olan birinci şəxs şəhid və öz Rəbbinə yaxşı (ixlasla) ibadət edən kimsədir."[13]

Qurani-Kərimdə gecə ibadətinin xüsusi üstünlüyə malik olduğu qeyd olunur. Belə ki, hər bir ibadətin savabının bəlli olmasına rəğmən gecə ibadətinin savabını Allah bəndələrindən gizlin saxlamışdır. Bu barədə səcdə surəsində qeyd olunur: "Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!"[14]

Allahdan qeyrisinə ibadət

İslamda Allahdan qeyrisinə ibadət etmək şirk hesab olunur. Məsələn Qurani-Kərimin Yunus surəsində buyurulur: "Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" — deyirlər. De: "Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!""[15]. Buradan anlaşılır ki, bütlərin Allah yanında şəfaətçi olacaqlarına inanaraq onlara ibadət edən insanları Allah müşrik adlandırır və onların ibadət etdiyi bütləri isə özünə şərik olmadığını, yəni ibadətə layiq olmadığını bəyan edir.

Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz![16]

Yuxarıdakı ayələrdən də aydın olur ki, məsələn, bir nəfəri məbud hesab edib onun qarşısında ibadət məqsədilə səcdəyə getsən və ondan nəsə bir şey istəsən, bu ibadətdə şirk hesab olunur, amma onun qarşısında onu məbud hesab etməyib Allaha ibadət məqsədilə səcdə etsən, bu Allahdan qeyrisinə ibadət deyil və ibadətdə şirk hesab edilmir. Eynilə, əgər bir qəbir sahibini məbud hesab edib qəbrin kənarında ona ibadət məqsədilə səcdəyə getsən və ondan nəsə bir şey istəsən, bu şirk hesab olunur, həmin qəbir sahibini məbud hesab etməyib, Allaha ibadət niyyətilə səcdəyə gedib qəbir sahibindən bir şey istəmək qəbir sahibinə ibadət deyil və deməli ibadətdə şirk hesab olunmur. Bunu Qurani-Kərim Yusif surəsində də təsdiqləyir. Belə ki, Yusif peyğəmbərin qissəsində qeyd olunur ki, Yəqub peyğəmbər, onun həyat yoldaşı və 11 oğlu Yusif peyğəmbərin qarşısında səcdə edirlər: "(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!"[17]

Yaxud Əraf surəsində Allah mələklərə əmr edir ki, Adəmə səcdə etsinlər. Bu əmrdən boyun qaçıran İblis isə əbədi olaraq lənətlənir:

Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" — dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı. (Allah iblisə): "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" — deyə buyurdu. (İblis:) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" — dedi. (Allah) buyurdu: "Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!"[18]

İstinadlar

  1. Nisa surəsi, 36
  2. Biharul-Ənvar, c.74, səh.279, hədis 1
  3. Ğurərul-Hikəm, hədis 1148
  4. əl-Kafi, c. 2, səh. 55, hədis 3
  5. Biharul-Ənvar, c.23, səh.83, hədis 22
  6. Yusif surəsi, 100
  7. Bəqərə surəsi, 34
  8. Zariyat surəsi, 56
  9. Məryəm surəsi, 93
  10. Ali-İmran surəsi, 51
  11. Yunus surəsi, 61
  12. islamazeri.org
  13. Tənbihul-Xəvatir, c.1, səh.57
  14. Səcdə surəsi, 16–17
  15. Yunus surəsi, 18
  16. Zumər surəsi, 3
  17. Yusif surəsi, 100. Təbii ki, Yəqub Allahın peyğəmbəri idi və əgər bu əməl şirk olsaydı, onda o buna yol verməzdi.
  18. Əraf surəsi, 11–13.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.