Ümumdünya Ticarət Təşkilatı
Ümumdünya Ticarət Təşkilatı (ÜTT, ing. World Trade Organization, fr. Organisation mondiale du commerce, isp. Organización Mundial del Comercio) — 1995-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT – General Agreement on Tariffs and Trade) varisi kimi yaradılmış beynəlxalq təşkilat. ÜTT millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Məqsəd üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.[2]. Təşkilat yeni olsa da, çoxtərəfli ticarət sistemi 1940-50-ci illərdən etibarən GATT çərçivəsində yaradılmışdır.
Ümumdünya Ticarət Təşkilatı ÜTT | |
---|---|
ing. World Trade Organization fr. Organisation mondiale du commerce isp. Organización Mundial del Comercio | |
| |
Növü | Beynəlxalq |
Yaranma tarixi | 1 yanvar 1995[1] |
Rəsmi dili | ingilis, fransız, ispan |
Mərkəzi | Cenevrə, İsveçrə |
Sədr | Roberto Azevêdo |
Üzvləri | 162 üzv |
WTO.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Ötən 50 il ərzində dünya ticarətində yüksək artım müşahidə olunur. Məhsul ixracı orta hesabla ildə 6% artır. 1997-ci ildə ümumi ticarət 1950-ci illə müqayisədə 14 dəfə artmışdır. GATT və ÜTT iqtisadi artıma təkan verən güclü və perspektivli ticarət sisteminin yaradılmasına köməklik göstərmişlər.
ÜTT-nin dünya ticarətinin 97%-dən artığını əhatə edən 160 üzvü var, müşahidəçi ölkələrin sayı 24-dür.[3] Vatikan istisna olmaqla qalan 23 ölkə ilə üzvlük barədə danışıqlar davam etdirilir.[3] Qərarlar bütün üzvlərin razılığı ilə qəbul olunur. Bu adətən konsensus əsasında baş verir. Səslərin əksəriyyəti ilə də qərar qəbulu mümkündür, lakin bu ÜTT-də indiyədək heç vaxt baş verməyib, ÜTT-nin sələfi olan GATT-da isə çox nadir hallarda baş verib. ÜTT-nin qərarları bütün üzv ölkələrdə ölkə parlamentləri tərəfindən ratifikasiya olunur.
Fəaliyyəti
Sistem GATT çərçivəsində aparılmış bir sıra ticarət danışıqları mərhələlərindən keçərək inkişaf etmişdir. İlk mərhələlər tariflərin azaldılmasını əhatə edirdi, lakin daha sonra danışıqlar artıq anti-dempinq və qeyri-tarif tədbirlər kimi digər məsələləri də özünə daxil edirdi. Danışıqların son mərhələsi olan 1986-1994-cü illərdə baş tutmuş Uruqvay Raundu ÜTT-nin yaradılmasını qabaqlayır.
Danışıqlar bununla başa çatmır. Bəziləri Uruqvay Raundu başa çatandan sonra da davam edir. 1997-ci ilin fevral ayında 69 ölkənin razılığı ilə Uruqvay raundundan sonra olduqca geniş diapazonda liberallaşdırma tədbirlərinin keçirilməsini əhatə edən telekommunikasiya xidmətləri üzrə razılaşma əldə olunur.
Eyni zamanda 40 ölkənin hökumətləri informasiya texnologiyaları məhsulları üzrə azad tariflərlə ticarət haqqında danışıqları başa çatdırır, 70 üzv isə bankçılıq, sığorta, qiymətli kağızlar və maliyyə informasiyası sektorlarında ticarətin 95%-ni əhatə edən maliyyə sektoru üzrə razılaşmanı əldə ediblər.
2000-ci ildə kənd təsərrüfatı və xidmət sahəsində yeni danışıqlara başlanılmışdır. 2001-ci ilin noyabr ayında Qatarda, Dohada ÜTT-nin Nazirlərin 4-cü Konfransından qəbul olunmuş qərara əsasən hazırda bu artıq daha geniş iş proqramına çevrilmişdir – Doha İnkişaf Proqramı (DDA – Doha Development Agenda).
Qeyd olunan proqram danışıqlar və növbəti sahələrdə digər fəaliyyətləri nəzərdə tutur: qeyri-kənd təsərrüfatı tarifləri, ticarət və mühit, subsidiyalar və anti-dempinq kimi ÜTT qaydaları, investisiyalar, rəqabət siyasəti, ticarətin asanlaşdırılması, dövlət təchizatında şəffaflıq, əqli mülkiyyət, habelə ÜTT-nin hazırkı razılaşmalarının tətbiqi zamanı ölkələrin üzləşdikləri çətinliklər kimi onların inkişafına istiqamətlənmiş bir sıra digər məsələlər.
Danışıqların başa çatdırılması üçün son tarix 1 yanvar 2005-ci ildir. ÜTT Sazişləri Ticarətin mümkün qədər ədalətli və azad olduğunda necə əmin ola bilərik? Danışıqlar qaydaları və onların daimiliyi vasitəsilə. ÜTT qaydaları – sazişləri – üzv dövlətlər arasında danışıqların nəticəsidir. Hazırkı toplu orijinal Tariflər və Ticarət üzrə Əsas Sazişə əsaslı şəkildə yenidən baxılmasını daxil edən 1986-1994 Uruqvay Danışıqlar Raundundan irəli gəlir.
GATT hazırda əmtəə ticarəti üçün əsas qaydalar kitabçasıdır. Uruqvay Raundu qeyd olunanlarla yanaşı xidmət sahəsində ticarətin qaydalarını yaratmış, habelə əqli mülkiyyətlə bağlı aspektlər, mübahisələrin həlli və ticarət siyasəti ilə bağlı məsələləri nəzərdən keçirmişdir. 60 sazişdən və müxtəlif öhdəliklərdən (iş qrafikləri) ibarət 30 min səhifəlik son toplu gömrük tariflərinin aşağı salınması və xidmətlər bazarının daha açıq olması kimi müxtəlif sahələrdə fərdi üzvlər tərəfindən hazırlanmışdır.
Bu sazişlər vasitəsilə ÜTT-nin üzvləri onların hüquq və vəzifələrini müfəssəl şəkildə çərçivələyən diskriminasiyasız ticarət sistemini işə salırlar. Hər bir ölkə öz ixracına başqa ölkələrin bazarlarında ədalətli və davamlı münasibətin olacağına təminat alır. Və ölkələrin hər biri öz bazarlarına gələn idxala eyni münasibət göstərəcəyinə süz verir. Sistem həm də inkişafda olan ölkələrə öhdəliklərin yerinə yetirilməsində bir qədər azadlıq verir.
Əmtəə
Hər şey əmtəə ticarətindən başladı. 1947-ci ildən 1994-cü ilədək GATT gömrük tariflərinin aşağı salınması və başqa ticarət maneələrinin müzakirə olunduğu forum idi. Ümumi sazişin mətni mühüm qaydaları, xüsusilə diskriminasiya əleyhinə olan qaydaları müəyyənləşdirir.
1995-ci ildən etibarən yenilənmiş GATT əmtəə ticarəti üçün ÜTT-nin çərçivə sazişinə çevrilmişdir. Ona kənd təsərrüfatı və tekstil sənayesi kimi spesifik sahələr, eləcə də dövlət ticarəti mallar üçün qəbul olunmuş standartlar, subsidiyalar və dempinq əleyhinə tədbirlər kimi xüsusi məsələlər barədə əlavələr və düzəlişlər qəbul edilib.
Xidmətlər
Xaricdə biznes qurmağı planlaşdıran banklar, sığorta və telekommunikasiya şirkətləri, turizm operatorları, otel şəbəkələri və nəqliyyat şirkətləri indi əvvəllər yalnız mallara tətbiq olunan daha azad və daha ədalətli ticarət prinsiplərindən yararlana bilərlər. Bu prinsiplər Xidmətlərin Ticarəti haqqında Əsas Sazişdə (GATS – General Agreement on Trade in Services) öz əksini tapır. ÜTT üzvləri GATS çərçivəsində həm də fərdi öhdəliklər götürərək öz ölkələrində hansı xidmət sektorlarının xarici iştirakçılar üçün açıq olduğunu və həmin bazarların nə qədər açıq olduğunu bəyan edirlər.
İntellektual mülkiyyət
ÜTT-nin əqli mülkiyyət sazişi ideyaların və yaradıcılığın ticarəti və onlara qoyulan sərmayə barədə qaydalardan ibarətdir. Həmin qaydalar müəllif hüquqları, patentlər, ticarət markaları və malları identifikasiya etmək üçün istifadə olunan coğrafi adlar, sənaye formaları, sxemlər və ticarət sirləri kimi açıqlanması mümkün olmayan informasiyanı – əqli mülkiyyəti ticarət prosesində necə qorumağı müəyyənləşdirir.
Mübahisələrin həlli
ÜTT-nin ticarət mübahisələrinin "Mübahisələrin Həlli üzrə Anlaşma" çərçivəsində çözülməsi proseduru qaydaların qüvvəyə minməsi və bununla da ticarətin asanlaşdırılmasını təmin etmək baxımından çox mühümdür. Ölkələr özlərinin sazişlərlə çərçivələnən hüquqlarının pozulduğu qənaətinə gəldikdə mübahisə predmetini ÜTT-yə ünvanlayırlar. Xüsusi təyin olunmuş müstəqil ekspertlər tərəfindən çıxarılan hökm sazişin və fərdi olaraq ölkələr tərəfindən götürülən öhdəliklərin təfsiri əsasında çıxarılır. Bu sistem ölkələri aralarında olan müxtəlifliyi məsləhətləşmələr yolu ilə aradan qaldırmağa ruhlandırır. Bu sistemin effektivliyinə nümunə olaraq ÜTT-nin 1995-2003-cü illər ərzində və GATT-ın 1947-1994-cü illər ərzində həll etdiyi mübahisələrin sayına baxmaq kifayətdir. Fəaliyyət müddətlərindəki böyük fərqə baxmayaraq, qeyd olunan dövrlər ərzində hər iki təşkilat 300 mübahisənin həllinə nail olub.
Siyasətin nəzərdən keçirilməsi
Ticarət Siyasətinin Nəzərdən Keçirilməsi Mexanizminin məqsədi şəffaflığı artırmaq, ölkələrin qəbul etdikləri siyasətin daha yaxşı qavranılmasına nail olmaq və onun təsirini müəyyənləşdirməkdir. Bir çox üzvlər nəzərdən keçirməni onların siyasətinə konstruktiv cavab reaksiyası kimi görürlər. ÜTT-nin bütün üzvləri mütəmadi olaraq nəzərdən keçirilməlidir, hər bir nəzərdən keçirmə özündə maraqlı ölkə və ÜTT-nin Katibliyinin hesabatlarını cəmləşdirməlidir.
İnkişaf edən ölkələr
İnkişaf və ticarət
ÜTT üzvlərinin dörddə üç hissəsindən çoxu inkişaf etməkdə olan və ya zəif inkişaf etmiş ölkələrdir. Bütün ÜTT sazişləri onlar üçün xüsusi şərtlərə malikdirlər, o cümlədən razılaşma və bəyanatların tətbiqi üçün ayrılmış daha uzun müddət, onların ticarət imkanlarının artırılması üçün tədbirlər, bütün ÜTT üzvlərini onların ticarət maraqlarını müdafiə etməyə məcbur edən şərtlər, habelə ÜTT-nin işi üçün infrastrukturun yaradılmasına, mübahisələrin həllinə və texniki standartların tətbiqinə dəstək. 2001-ci ildə Doha Nazirlər Konfransına çıxarılmış məsələlər sırasında inkişaf edən ölkələrə aid məsələlərin geniş spektri müzakirə olunmuşdur. Bu danışıqlar Doha İnkişaf Raundu da adlandırılır. 1997-ci ildə, zəif inkişaf etmiş ölkələr üçün ticarət təşəbbüsləri və texniki yardım üzrə yüksək səviyyəli görüş 6 hökumətlərarası agentliyi cəlb etmiş və zəif inkişaf etmiş ölkələrə onların ticarət qabiliyyətinin artırılmasına yardım etmək məqsədini güdən "inteqrə olunmuş çərçivə", habelə bir neçə bazara güzəştli çıxış üzrə əlavə sazişlərlə nəticələnmişdir.
ÜTT-nin ticarət və inkişaf üzrə komitəsi, zəif inkişaf etmiş ölkələr üzrə alt komitənin köməkliyi ilə inkişaf edən ölkələrin xüsusi ehtiyaclarını öyrənir. Onun əsas vəzifələri sazişlərin tətbiqi, texniki əməkdaşlıq, inkişaf edən ölkələrin qlobal ticarət sistemində iştirakının artırılmasıdır.
Texniki yardım və treninqlər
ÜTT inkişaf edən ölkələr üçün ildə 100-ə qədər texniki əməkdaşlıq missiyası təşkil edir. Orta hesabla üç ticarət siyasəti kursu hər il Cenevrədə hökumət rəsmiləri üçün təşkil olunur. Xüsusi diqqət Afrika ölkələrinə yetirilməklə, regional seminarlar mütəmadi olaraq dünyanın bütün regionlarında təşkil olunur. Bununla yanaşı, treninqlər mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövründə olan dövlətlərin rəsmiləri üçün də Cenevrədə təşkil olunur. ÜTT inkişaf edən və zəif inkişaf etmiş ölkələrin rəsmilərini ÜTT-nin olduqca böyük olan rəsmi sənədlərin və digər materialların məlumat bazası ilə onlayn əlaqə vasitəsilə ÜTT-nin Cenevrədə keçirdiyi tədbirlər barədə dərhal məlumatla təmin etmək məqsədilə həmin ölkələrin paytaxtlarında 100-dən artıq ticarət nazirliyi və regional təşkilatlarda müvafiq mərkəzlər təşkil etmiş, onları kompüter və internetlə təmin etmişdir.
Təşkilat
Funksiyalar
ÜTT-nin əsas məqsədi ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Bu məqsədə aşağıdakılar vasitəsilə nail olunur:
- Ticarət sazişlərinin idarə olunması;
- Ticarət danışıqları üçün forum kimi çıxış olunması;
- Ticarət mübahisələrinin həlli;
- Milli ticarət siyasətlərinin nəzərdən keçirilməsi;
- Texniki yardım və treninq proqramları vasitəsilə inkişaf edən ölkələrə ticarət siyasətə məsələlərində dəstək;
- Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq.
Struktur
ÜTT-nin ən yüksək qərarqəbuledici orqanı ən azı 2 ildə bir dəfə yığışan Nazirlər Konfransıdır.
Təşkilatın digər ali orqanı iclasları ildə bir neçə dəfə Cenevrədə təşkil olunan Əsas Şuradır. Adətən bura Cenevrədəki səfirlər və missiyaların rəhbərləri daxildir, lakin bəzən iclaslara paytaxtlardan rəsmilər də göndərilir. Bununla yanaşı, Əsas Şura Ticarət Siyasətini Nəzərdən Keçirən Qurum və Mübahisələrin Həlli Qurumu kimi də yığışır.
Növbəti səviyyə Əsas Şuraya hesabat verən Əmtəə Şurası, Xidmətlər Şurası və Əqli Mülkiyyət (TRIPS) Şurasını əhatə edir.
Bir sıra ixtisaslaşmış komitələr, işçi qrupları və işçi partiyaları individual sazişlərlə və mühit, inkişaf, üzvlük sənədləşmələri və regional ticarət sazişləri kimi sahələri əhatə edən məsələlərlə məşğuldurlar.
Katiblik
ÜTT-nin Katibliyi Cenevrədə yerləşir, 630 nəfərə qədər işçiyə malikdir və baş direktor tərəfindən idarə olunur. O, Cenevrə xaricində heç bir əlavə ofislərə malik deyil. Üzvlər tərəfindən qərarlar qəbul olunduqdan sonra Katiblik digər beynəlxalq bürokratik təşkilatlardan fərqli olaraq artıq qərar vermək səlahiyyətinə malik deyil. Katibliyin əsas işi müxtəlif şura və komitələrə, habelə nazirlər konfransına texniki dəstək göstərmək, inkişaf edən ölkələrə texniki yardımı göstərmək, dünya ticarətini təhlil etmək, ÜTT-nin işləri barədə məlumatları ictimaiyyətə və mediaya çatdırmaqdır. Bununla yanaşı Katiblik mübahisələrin həlli prosesində bəzi formalarda hüquqi dəstək göstərir və ÜTT-yə üzv olmaq niyyətində olan hökumətlərə məsləhət xidmətlərini göstərir. İllik büdcəsi təxminən 169 milyon İsveçrə frankı təşkil edir.
İstinadlar
- İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil", 2011.
- "ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI" (PDF). 2022-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-06-24.
- Yəmən ÜTT-nin tamhüquqlu üzvü oldu Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine. wto.az, 26.06.2014 (az.)
Xarici keçidlər
- Azərbaycan və ÜTT
- Official WTO homepage
- Agreements administered by the WTO Arxivləşdirilib 2010-03-04 at the Wayback Machine
- WTO 10th Anniversary — Highlights of the first decade, Annual Report 2005 pages 116-166
- International Trade Centre — joint UN/WTO agency
- European Union position on the WTO