Üç üqnum
Üç üqnum (ərəb dilində üqnum أقنوم, yunan dilində hipostasis ὑπόστᾰσις — mahiyyət, sifət deməkdir) və ya təslis — xristianlıqda Tarının üç sifətdən ibarət olması əqidəsi. Xristianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu ağla zidd hesab etmirlər.
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
Xristianlıq |
Üç üqnum əqidəsini bəsit bir “üç tanrı” inancı kimi nəzərdən keçirmək yanlışdır. Xristian əqidəsinə görə Tanrı birdir və sifətləri üçdür — Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianların Müqəddəs Kitabı olan Bibliyada Tanrının bir olması dəfələrlə təsdiq olunmaqda[1] və eyni zamanda Tanrının Ata, Oğul və Müqəddəs Ruh olduğu da deyilməkdədir.[2]
Xristianlıq tarixi boyunca Oğlun (İsanın) və Ruhun (Müqəddəs Ruhun) Tanrı olduğunu inkar edən təriqətlər meydana gəlmişdir. Bunlar bir qayda olaraq bütün xristian kilsələri tərəfindən bidət sayılmışdır. Hal-hazırda dünyada Üç üqnum inancını inkar edən ən böyük və məşhur bir təriqət Yehovanın Şahidləridir. Ümumiyyətlə, pravoslav, katolik və protestant olmaqla bütün xristian kilsələri Üç üqnum əqidəsini qəbul edirlər. Pravoslavlıqda Müqəddəs Ruh varlığın yeganə bünövrəsi Ata-Tanrıdan, katolisizmdə isə o, mücəssəmələrini bitişdirən məhəbbət kimi həm Ata-Tanrıdan, həm də Oğul-Tanrıdan gəlir.
Bir müddət ərzində Üç üqnum təsviri sənətdə yox idi, çünki teologiya Tanrının təkcə İsa simasında təsvir olunmasında təkid etmişdir. Lakin sonra Üç üqnumun ikona və rəsmlərdə simvolik təsvirləri meydana gəlmişdir. Moskvanın ən məşhur ikona rəssamı Andrey Rublyovun "Üç üqnum" ikonası dünyada şöhrət qazanmışdır.[3]
Xristian din xadimlərinin əsərlərində
Məlum olduğu kimi, I əsrdə xristianlıq meydana gəldiyi zaman erkən xristianlar “Üç üqnum" (yaxud "Müqəddəs Üçlük”) ifadəsindən istifadə etməmişlər. Bu istilahı ilk dəfə işlədən xristian ilahiyyatçısı II əsrdə yaşamış Antakyalı Teofilosdur.[4]
Məşhur kilsə atası Tertullian (təqr. 155-220) öz əsərlərində "Üçlük" sözünü işlətmişdir.[5]
IV əsrdə Üç üqnum əqidəsi xristian kilsəsində tam dəqiq və müfəssəl şəkildə izah olunmuşdur. Məşhur kilsə atası Avreli Avqustin (354-430) belə yazırdı:
Ata, Oğul və Müqəddəs Ruh bir mahiyyətə (substansiyaya) malik olaraq İlahi vəhdətdə ayrılmaz və bərabərdir; üç tanrı deyil, bir Tanrıdır: Ata Oğulu doğuzdurdu və buna görə Oğul Ata deyildir; Oğul Atadan doğuldu, buna görə də Ata Oğul deyildir. Ruh da Ata yaxud Oğul deyil, Atanın və Oğlun Ruhudur; O Özü Ataya və Oğula bərabərdir və Onlarla birgə vahid bir Üçlüyü təşkil edir.[6]
IV əsrə aid olan “Afanasiy iman rəmzi”ndə Üç üqnum aşağıdakı kimi izah edilməkdədir:
Biz üç Sifətdə olan bir Tanrıyaa və bir Tanrıda olan üç Sifətə səcdə edərək, Sifətləri bir-biri ilə qarışdırmırıq və İlahi Varlığı bölmürük.
Allahın birinci Sifəti Ata, ikinci Sifəti Oğul və üçüncü Sifəti Müqəddəs Ruhdur.
Lakin Ata, Oğul və Müqəddəs Ruh izzətdə bərabər, əzəmətdə əbədi yeganə bir Allahdır.
Ata necədirsə, Oğul da belədir, Müqəddəs Ruh da belədir.
Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır.
Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur.
Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir.
Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır…
Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır.
Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir.
Çünki biz xristian həqiqətinin tələb etdiyi kimi, hər Sifəti Allah və Rəbb olaraq qəbul edirik.Habelə ümumdünya xristian imanı üç Tanrı yaxud üç Rəbb olduğunu deməyimizə yol verməməkdədir.[7]
IV əsrdə yaşamış kilsə atası Qriqori Nazianzin (təqr. 330-390) Üç üqnum barəsində belə yazmışdır:
Mən hələ Vahid haqqında düşünməyə başlamamış, Üçlük öz nuru ilə məni işıqlandırır. Üçlük haqqında düşünəndə isə Vahid məni Özünə cəlb edir. Üçdən biri mənə açılanda, mənə elə gəlir ki, bu Vahiddir, qalan hər şey mənim nəzərimdən qaçır. Çünki mənim ağlım o qədər məhduddur ki, Vahidi dərk etməkdən başqa bir şeyə yer qalmır. Üçü isə eyni fikirdə cəmləyəndə mən işıq saçan vahidliyi görürəm. Lakin orada birlik təşkil edən nuru ayıra bilmirəm.[8]
İstinadlar
- Məsələn, bax: Qanunun Təkrarı 6:4-5; Mark Müjdəsi 12:28-30; Yaqubun Məktubu 2:19; 1-ci Timotey 2:5
- Məsələn, bax: Matta Müjdəsi 28:19; 2-ci Korinflilərə 13:13
- Bax: http://ru.wikipedia.org/wiki/Троица_(икона_Рублёва) Arxivləşdirilib 2022-09-14 at the Wayback Machine
- Bax: Мень А. протоиерей «Библиологический словарь в 3-х т.». Москва: Фонд имени Александра Меня, 2002. «Феофил Антиохийский»
- Bax: http://apologia.narod.ru/earlyfat/fath/tertullian/contra_praksey1.htm Arxivləşdirilib 2022-09-26 at the Wayback Machine
- Avqustin. Üçlük haqqında. Bax: http://svd.catholic.by/library/Atrinitatep1.htm Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine
- Афанасьевский символ веры http://antology.rchgi.spb.ru/Athanasius/credo.htm Arxivləşdirilib 2021-07-27 at the Wayback Machine
- Bax: Григорий Назианзин Слово 40 На святое крещение. http://krotov.info/library/04_g/gri/gor_nazian_015.htm Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine; Bax həmçinin: http://alizadeh.narod.ru/kitablar/Xristianliq/2.1.html Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
Mənbə
- Мень А. протоиерей «Библиологический словарь в 3-х т.». Москва: Фонд имени Александра Меня, 2002. «Тринитарное учение»
- Катерегга Б.Д., Шенк Д.У. Диалог между мусульманином и христианином: Пер. с англ. — СПб.: Христианское общество «Библия для всех», 2005, стр.115-121; ISBN 5-7454-0932-0
- Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009
Xarici keçidlər
- Энциклопедия «Кругосвет». «Троица» http://www.krugosvet.ru/enc/kultura_i_obrazovanie/religiya/TROITSA.html
- Учение православной церкви о Пресвятой Троице. http://www.zavet.ru/novo/novo.php?itemid=173