Üçüncü Cenevrə Konvensiyası

Üçüncü Cenevrə Konvensiyası — Hərbi əsirlərlə rəftara dair 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından üçüncüsü. Sənəd 21 oktyabr 1950-ci ildə qüvvəyə minmişdir. Eyni adda və məzmunda konvensiya ilk dəfə 1929-cu ildə qəbul edilsə də,[1] 1949-cu il konfransında yenidən nəzərdən keçirilmiş və əhəmiyyətli dəyişikliklər edilmişdir. Konvensiyada hərbi əsirlər üçün humanitar müdafiə mexanizmləri nəzərdə tutulur. Hazırda üçüncü saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var.[2]

Üçüncü Cenevrə Konvensiyası
ing. The Geneva Convention relative to the Treatment of Prisoners of War
Hərbi əsirlər üçün ərzaq bağlamaları hazırlayan Qırmızı Xaç işçiləri (1942)
Hərbi əsirlər üçün ərzaq bağlamaları hazırlayan Qırmızı Xaç işçiləri (1942)
İmzalanma tarixi 12 avqust 1949
İmzalanma yeri Cenevrə, İsveçrə
Tərəflər Siyahı
Dili çex dili

Məzmunu

Konvensiyanın 3-cü maddəsi ümumilikdə Cenevrə Konvensiyalarının qeyri-beynəlxalq silahlı münaqişələrdə tətbiq olunan yeganə maddəsidir.[3] Bu maddə konvensiyanı imzalayan dövlətin ərazisindəki, vətəndaşlığından və vətəndaşlığın olmamasından asılı olmayaraq, bütün şəxslər tərəfindən beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı riayət edilməli olan minimum müdafiə tədbirlərini təsvir edir. Buna əsasən, qeyri-kombatantlara, silahlarını yerə qoymuş silahlı qüvvələrin üzvlərinə və yaralandığına, tutulduğuna və ya hər hansı digər səbəbə görə döyüşdən kənarda qalan hors de combat döyüşçülərə bütün hallarda, şəxsi ləyaqətinə qarşı təhqirlər, xüsusən də təhqiramiz və ləyaqəti alçaldan rəftar qadağan edilməklə, insani münasibət göstərilməlidir. Hökmlərin çıxarılması isə sivil xalqlar tərəfindən zəruri sayılan bütün məhkəmə təminatlarını təmin edən, müntəzəm fəaliyyət göstərən məhkəmə tərəfindən həyata keçirilməlidir. 3-cü maddənin təmin etdiyi müdafiə mexanizmləri hətta şəxs hərbi əsir kimi təsnif edilməsə belə tətbiq oluna bilir. 3-cü maddədə həmçinin qeyd olunur ki, daxili münaqişənin tərəfləri xüsusi razılaşmalar vasitəsilə Üçüncü Cenevrə Konvensiyasının digər müddəalarının hamısının və ya bir hissəsinin qüvvəyə minməsi üçün səy göstərməlidirlər.

12-ci maddədə qeyd olunur ki, hərbi əsirlərə görə məsuliyyət onları əsir götürən şəxslərin deyil, dövlətin üzərinə düşür və onlar konvensiyanın iştirakçısı olmayan dövlətə verilə bilməzlər. 13–16-cı maddələrdə göstərilir ki, hərbi əsirlərlə heç bir ayrı-seçkiliyə yol verilmədən humanist rəftar edilməlidir və onların tibbi ehtiyacları ödənilməlidir.

Həmçinin bax

İstinadlar

  1. "Convention relative to the Treatment of Prisoners of War. Geneva, 27 July 1929". ihl-databases.icrc.org (ingilis). ICRC. 11 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2023.
  2. "States party to the main treaties". The American National Red Cross. 15 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 December 2009.
  3. "Convention (III) relative to the Treatment of Prisoners of War. Geneva, 12 August 1949". ihl-databases.icrc.org (ingilis). 31 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2023.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.