Ölülər Günü

Ölülər Günü (isp. Dia de Muertos) — Latın Amerikasında – əsasən də Meksika[1][2], Qvatemala[3], Honduras[3]Salvadorda[3] qeyd olunan, məqsədi ölüləri anmaq olan bayram. Adətə görə bu bayramın keçirildiyi günlərində ölü kostyumlarında rəngarəng karnaval təşkil olunur.[3] Müasir dövrdə hər il noyabrın 1 və 2-də qeyd olunur.[4]

Ölülər Günü üçün hazırlanmış Katrinanın 2 fiquru

Bu bayramın tarixi ispanlara qədərki tarixi əhatə edir.[1] Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bayramda baş fiqur "Miktlantekuli" adlı "Cənab Ölü" hesab olunurdu. Həmin dövrlərdə adətən iyul-avqust aylarında keçirilərdi.[1]

Ölülər Günü, Hellovindən fərqli olaraq qorxutma məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir. İnanclara görə gerçək ölüm unudulduğunda olur, festivalın məqsədi də məhz ölənlərin unudulmamasını təmin etməkdir. Bu məqsəd istiqamətində vəfat etmiş insanları xatırlamaq üçün şəkərdən kəllə və bəzək-düzəklər, ölənlərin sevdiyi qoxuların, süsləmələrin olduğu qurbangahlar hazırlanır. Bu ənənə 2008-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.[5]

Meksikada

Meksikada Ölülər Günü həm ənənəyə, həm də şənliyə çevrilib.[1] Ənənəvi olaraq Ölülər Günü hər ilin oktyabr ayının son günü və noyabr ayının ilk 2 günündə qeyd edilir.[1] Qədim dövrlərdə adətən iyul-avqust aylarında keçirilsə də, Meksikanın işğalından sonra ispan keşişləri bayramın noyabr ayına keçirilməsinə qərar verib.[1] Adətə görə, noyabrın 1-i meksikalılar ölən uşaqları, noyabrın 2-si isə ölən böyükləri və yaşlıları[2] yad edirlər.[1] Bayramın adına baxmayaraq, burada həmin günlərdə heç bir bədnam hadisə baş vermir.[1] Ölkə sakinləri ölü kimi geyinərək bəzənir;[1] minlərlə insan özünü ölüyə bənzədərək[1], nağıllarda olan ölü qəhrəmanların kostyumlarını geyərək şəhərin küçələrinə çıxırlar.[2] Hətta yaxınlarını yad etmək üçün qəbirstanlığa gedən meksikalılar bu mərasimi yasdan şənliyə çevirirlər.[2] Hesab edilir ki, həmin günlərdə hər kəs ölüsünə mümkün qədər çox sevinc bəxş etməlidir, elə buna görə də qəbirlərə məxmər gülünün ləçəkləri qoyulur.[2]

Qurbangahlar

Həmçinin bax

İstinadlar

  1. Ölülər günü qeyd olundu - FOTOLAR Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. publika.az, 03.11.2014  (az.)
  2. Meksikada "ölülər" paradı keçirilib. anspress.com, 27.11.2011  (az.)
  3. Payız fəslinin ən yaxşı festivalları - Xəbəriniz Olsun Arxivləşdirilib 2021-01-17 at the Wayback Machine. gsr.fm, 02.10.2014  (az.)
  4. "1 и 2 ноября Мексика празднует Дни мертвых". Travel.ru. 2007-10-22. 2008-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-26.
  5. "Indigenous festivity dedicated to the dead". UNESCO. 2014-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.05.2015.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.