Çuxursəəd bəylərbəyliyi

ÇuxursəədSəfəvilər dövlətinə bağlı bölgələrdən biri.

Əyalət
Çuxursəəd bəylərbəyliyi
İrəvan vilayəti
ولایت ایروان‎
Bayraq Gerb
Bayraq Gerb
 
 
 

Paytaxt İrəvan
Ən böyük şəhər İrəvan
Naxçıvan
Ordubad
Rəsmi dilləri Azərbaycan dili
Bəylərbəyi
  1502-1509 Qaracəh-İlyas Bəybordlu (ilk)
  1736 Pirməhəmməd xan  (son)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır.

Səfəvilər dövlətinin bayrağı
və gerbi

Tarixi

Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir.

Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir. "Naxçıvan və Çuxusəd tərəfə yolandılar"[1]. Bu cümlə "Aləmara"da yüz dəfələrlə təkrar olunur. Deyilənə görə, o, Naxçıvan və Qarabağın sərhəddində bir vilayət olub. Yuxarıdakı cümlə də bunu təsdiq edir. Çuxur türkcə çala və quyu mənasındadır.[2], ancaq "səəd"in nə demək olduğunu bilmədik". (1) Əllamə Qəzvini "Səd" adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq Sumər onu "Səudlu" tayfası ilə əlaqələndirir və yazır: "Səudlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəmlənmiş və milləti həmin adla [Qaraqoyunlu] yaratmış digər tayfaların və təşkilatların başında dayanmışdı. Bu tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə (Ehtimal ki, qeyd olunan əsrin ikinci yaraısının ortalarında və yaxud əvvəllərində) tayfanın idarə edilməsinə məsuliyyət daşıyan tayfa başçısı və əmiri "Səd"in adından götürmüşdü.Belə görünür ki, bu əmirlə Qaraqoyunlu eli arasında qohumluq əlaqəsi olmuşdur. Çünki iranlı müəlliflər Səədin övladlarını qaraqoyunluların zadəganları kimi qələmə almışlar.

Hafiz Əbrunun yazdığına görə, Naxçıvanın və Sürməlinin ətrafı bu tayfanın qədimdən məskəni olmuşdur. Miladi təqvimi ilə 15-ci əsrdən sonra müxtəlif tarixi kitablarda haqqında danışılan bu tayfanın adı Səfəvilər dövründə İrəvanın və üç əyaləti əhatə edən məntəqələrə verilməklə Çuxursəd yaranıb. Həmin adın bu tayfanın yaşadığı ərazi ilə mütləq əlaqəsi olmalıdır". Səadət onu aram etdiyindən, Ona əvvəldən Çuxursəd adı verdilər. Əlbəttə, ad fələkdən nazil olur, Bu torpaqda səbəbsiz ad olmaz. Səadət ona görə bura nəsib olub ki, Bu vilayətin adına vurulub.

Professor Faruq Sümer Çuxursəd vilayəti ilə bağlı qiymətli tədqiqatlar aparmışdır. O, bu haqda yazır":… Çox uzun tədqiqatlardan sonra gəldiyim nəticəyə görə, İranlı müəlliflərin Çuxursəd adlandırdığı məntəqə Ərivanın qərb və cənub – qərb hissəsində bir nahiyə idi ki, o, osmanlıların mənbələrində "Səd çuxur" kimi qalmışdı. Bu nahiyə qərbdə Araz və Arpaçayın qovuşağına, cənubda isə Araza qədər uzanırdı. Bildiyim qədər bu kəlmə ilk dəfə "Diyarbəkriyyə" kitabında işlənib. Çələbinin gündəliyində[3] Yavuz Sultan Səlimin İranla müharibədən qayıdarkən köç saldığı mənzilgahlar arasında bu nahiyənin də adı çəkilmişdir. (Məsələn, Çuxursədin ətraflarından sayılan Hacılaləli yaxınlığında Kiçik vadi kəndi və Böyük vadi kəndindən aşağı) düşdülər. Üçüncü gün 5-də Çuxursəd ətrafındakı Zəngi çaydan da keçib, Dəvəli Ömər kəndini və Keçi Vəli yurdunu arxada qoyaraq İrəvan şəhərini yaxınlığına endilər. 4-cü gün 6-da Çuxursəd ətrafındakı "Kilsə təpəsi"ndən keçib "Səkkiz mənzilikdə" mənzilgah qurdular. Dağ həm sol tərəfdə, həm də arxada idi. Burada adı çəkilən Çuxursəd ətrafındakı bəzi yerlər böyük miqyaslı coğrafi xəritələrdə də müşahidə olunur. "Cahanara"da da Qaffari ona işarə edir; İrəvan və Kilsə təpəsi Çuxursəddə idi. Həsən bəy Rumlu yazır ki, İskəndər mirzə Qaraqoyunlu Qaqzəmanla Çuxursəd və Sürməliyə gəldi və qışı orada keçirdi. O, Səfəvilər bölməsində (s.59) deyir ki, Şah İsmayılın Əlvənd Mirzə ağa Qaraqoyunlu ilə müharibəsi hicri təqvimi 907, miladi 1501-ci ildə Çuxursəddə və Şərur ətrafında baş verdi. Həmin müəllif əsərini başqa bir yerində Ərzurum valdisi İskəndər paşanın Çuxursədə hücumunu şərh edir. "… Sultan Süleymandan qabaq Rumun padişahı və Ərzurumun hakimi olan İskəndər paşa Hacı bəy Donbəlini qətlə yetirmiş və Çuxursədə gələrək onun bazarını yandırdırdı…" (s.356). Müəllifin burada Çuxursəd bazarı adlandıraraq söhbət açdığı bazar hər halda İrəvan bazarı olmalıdır. İbrahim Peçuy Əfəndi şahzadə Bayəzidin İrana qaçması barədə söhbət açarkən bu yerin adını "Saat-e Çuxur" və "Səd-e Çuxur" kimi qeyd eləyir[4]".

Tuyğun paşa, qardaşı məltiyyə əmiri Mustafa paşa, eyntəb (antəb) əmiri Xosrov paşa öz əsgərləri ilə birgə onu təqib etməyə başladılar. Bir neçə dəfə arı kimi yuxarıda qarşılaşıb başının üstündə uçuşsalar da, bir müddətdən sonra "Saat-e Çuxur" adlanan yerdə şahzadəyə çatdılar (1-ci cild, səh. 349). Səfəvilər miladi təqvimi ilə 17-ci əsrdə Çuxursədi türklərlə sərhəddə özlərinin 8 idarəriçilik rayonunda ibarət ən böyük bəylərbəyliyi kimi yaratdılar. Çələbi öz kitabında[5] deyir":87 uzunluq və 39 en coğrafi dərəcəsində bir qəsəbə və nahiyyə mərkəzi vardır ki, onu Çuxursəd adlandırırlar". Beləliklə, bu adın dəqiq və dürüst şərhini əldə etmiş oluruq. Yenə həmin müəllif yazır: "Arpaçay Çuxursəddə Araza birləşir". Əldə olan bu şərhlərlə "Çoxursəd"in, "Çuxursəd"in, "Saat-e Çuxur"un harada olmasını izləmək olar. Bütün bu məlumatlara və yuxarıda deyilənlərə istinad etməklə Çuxursədin dəniz səviyyəsindən aşağı olmasını və 14 əsrin ikinci yarısında Səd adlı türkmən əmirinin (Qara Məhəmmədin müasiri) qışlağına uyğun olaraq bu adın verildiyini söyləmək mümkündür. Sonralar adı bu yurda verilmiş türkmən əmirinin qəbiləsi qış fəslini həmişə burada keçirmişdir.

Mənbələrdə deyildiyi kimi, Səfəvilər dövründə də mərkəzi İrəvan olan bu nahiyyə böyük idarəçilik məntəqəsinə çevrildi. Əsl Səd-e Çuxur məntəqəsində Sürməli adlı digər bir yer də vardır ki, həmin yer Ərivanın qərbindədir. Kilsə təpəsi (Eçmiədzin) də Səd-e Çuxurun ən mühüm şəhərlərindən biridir. O, İqdırın şimali-qərbində, Qaqəzəmanın şərqində, Arazın kənarında yerləşir. Hicri qəməri tarixi ilə 788, miladi tarixi iləsə 1380-cı ildə baş vermiş Teymur dövrünün Birinci Şərq müharibəsində (3 illik yürüş) Sürməli qalası da işğal olundu və qalanın Tuman (Tümən) adlı türkmən hakimi əsir düşdü (Şərafəddin Əli Yəzdi.[6].

Hafiz Əbru "Zibdətütəvarix" əsərində Şahruxun ordusunun hərəkətindən danışarkən deyir: "O yerin tərəkəmələrinin yaşadığı və türkmən ordusunun əsasını təşkil edən Səd oğullarının qədim yurdu Naxçıvana və Sürməliyə doğru hərəkət etdilər…" Buradan aydın olur ki, o yer Səd oğullarının qədim yurdu olmuşdur. Çuxursəddə sədlulardan əlavə, digər türkdilli qollar- ustaclılar və əspirlular da yaşayırdı.

Mirzə Səmiya "Təzkirət-ül moluk"un sərhəd əmirlərinin və xidmətdə olan şəxslərin tiyul və məvacibinə aid fəslində "Səfəvilər dövründə Azərbaycan əyalətinin dörd bəylərbəyliyinə bölündüyünü aşağıdakı kimi şərh etmişdir: a) Təbriz, b)Çuxursəd, c) Qarabağ, d) Şirvan" Beləliklə, İran-Osmanlı müqaviləsində (hicri qəməri 1049, miladi 1639-cu il) onun adı çəkilmişdir.

Çuxursəd adıçəkilən vilayətin adı olmaqla bərabər, bu vilayətdəki kəndin və məntəqənin də adı olmuşdur. Məhəmmədhəsən xan Müqəddəm Etimadüssəltənə yazır: "Çuxursəd həm də İrəvan Şərurunun kəndi və otlağıdır. 906-cı ildə türkmən Əlvənd paşa ilə şah İsmayıl bu yerdə döyüşmüşdür". İrəvan Şah İsmayıldan Şah Abbasa qədər Şah İsmayıl Xətai qiyamın başlanğıcında Ərdəbilin mövqeyimini iqamətgah üçün münasib bilmədiyindən, Çuxursəd vilayətinə getdi. Hicri qəməri 905, miladi təqvimi ilə 1500-ci ilin baharında Ərdəbili ziyarət sonra Göyçə gölü tərəfə yola düşdü. Zahirən bu səfərin məqsədi sultan Hüseynlə ittifaq bağlamaq kimi görünsə də, əslində o, Anatoliyə getmək istəyirdi. O, qışlaqda çadır qurduğu vaxt bir neçə qasidini müridləri hazırlamaq üçün Anatoliyə göndərdi. Qasidlərdən biri – Həmzə bəy qoç oğlu öz qəbiləsinə tərəf yola düşdü. Burada əgər özünü Cahanşah Qaraqoyunlu nəslindən hesab edən Hüseyn Baraninin iddiası barədəki fikirləri bir kənara qoysaq, o zaman İsmayılın ətrafına min nəfər kişinin toplaşması barədə deyilənləri qəbul etməyimiz yersiz olmaz, lakin şeyx Səfəvi Hüseyn bəyin əliylə tutulmasından qorxduğu üçün gecə ilə öz müridləri ilə birgə həmin məhəllədən qaçdı və İrəvanın cənubundakı Çuxursəd nahiyyəsinə gəldi. Burada ona doqquz qrup (doqquz övlam) birləşdi. Anatoli Səfəvilərindən olan Qaraca İlyas da öz tabeliyindəki şəxslərlə öz şeyxinin hüzuruna yetişdi. İsmayıl yoluna davam edərək Qağazaman, Ərzurum və Tərcandan keçib Sarıqaya adlanan yerin cənubunda qışı keçirdi (hicri 905 miladi 1500). İsmayıl burada Ustaclı qəbiləsinin Çavuşlu tirəsindən olan ata babası Süleyman oğullarını qəbul etdi. İsmayıl 2 aydan artıq Sarıqayanı özünə məskən seçdi. Bu müddətdə o, mağarada yaşayan və yerli əhalinin rahatlığını pozan böyük ayını oxla ayağından vuraraq müridlərini heyrətləndirdi və sonra Ərzincana getdi". Şah İsmayılın Ağqoyunlu Əlvənd mirzə ilə döyüşü də hicri qəməri 907, miladi 1501-ci ildə Çuxursədin Şərur tərəfində baş verdi. Əlvən Mirzənin 30 minlik, İsmayıl isə 7 minlik qoşunu (Həsən bəy Rumlunun yazdığına görə, əksəriyyəti cübbəsiz idilər) Şərur məntəqəsində üz-üzə gəldilər. Dərhal aydın olur ki, Ağqoyunlu qoşunu döyüşə yaxşı hazırlaşmamışdı, çünki əsgərlərin fərariliyinin qarşısını almaq üçün "göstəriş verildi ki, bütün dəvələri toplayıb zəncirlə bir-birinə bağlasınlar və qoşunun arxasında saxlasınlar. Məqsəd o idi ki, hər kim ki, vahiməyə düşüb vadiyə tərəf qaçsa, yolu bağlansın".

Çuxursəəd bəylərbəyiləri

Çuxur-Səd bəylərbəyi və ona tabe olan mahal və ulkalardan "Təzkirət əl-müluk"da Naxçıvan tüməni, Maku, Zəruzbil, Sədərək, Bəyazid qalası, Şadili eli ulkası, Dünbülü eli ulkası, Mağazberdin adları göstərilmişdir[7].

Çuxur-Səd coğrafi istilahı türk Sədlı oymağının adı ilə bağlıdır. Sədli oymağı isə daşıdığı bu adı Qaraqoyunlu boy bəyindən almışdır. XV yüzillikdən Naxçıvan və Sürməli bu oymağın yurdu olub, Arpa çayının Arazla birləşdiyi yerdən başlayaraq iki çay arasındakı çuxur isə Sədli oymağının qışlağı idi. Ona görə buraya Sədli çuxuru deyilmiş və sonralar bu Çuxur-Səd istilahı şəklində işlənmişdir. XVI-XVIII yüzilliklərdə Azərbaycanın mərkəzi İrəvan olan Şimal-Qərb vilayəti dövrün qaynaqlarında Çuxur-Səd adı ilə yazıya alınmışdır (11, № 6, 15). V.Minorski İsgəndər bəy Münşinin "Tarix-i alamara -yi Abbasi" adlı əsərinə istinad edərək yazır ki, Qars Çuxur-Sədlə Ərzurum arasında yerləşir və bu vilayət digər tərəfdən Axıska ilə həmsərhəddir[8].

I Şah İsmayılın 1505-ci ildə Qızılvəng monastırı haqqında verdiyi fərmana Çuxur-Səd hakiminin əməl etməsi haqqında göstərişi[9] bu bəylərbəyiliyin XVI əsrin əvvəllərində təşkil olunduğunu göstərir. Çuxur-Səd bəylərbəyliyi barədə İ.P.Petruşevski yazır: "XVI əsrdə Çuxur-Səd (İrəvan) bəylərbəyiliyinə əmirlər həmişə Qızılbaş Ustaclı tayfasından təyin olunur və bu tayfanın obaları İrəvan vilayətində ulkalar alırdılar"[10].

Qeyd etmək lazımdır ki, Ustaclı əmirləri ilə bərabər XVI əsrdə başqa Qızılbaş tayfa əyanlarının da Çuxur-Sədə bəylərbəyi təyin edilməsi barədə mənbələrdə məlumat vardır. H.923-933-cü (1517-1526-27) illərdə Rumlu eli əslzadələrindən Div sultan Rumlu Çuxur-Səd bəylərbəyi idi. 1538-ci ildə isə burada Ustaclılardan Bədir xan bəylərbəyi olmuşdu. H.956-cı (1549) ildə vilayətdə yenə Rumlu əmirlərindən Hüseyn Sultan Rumlunun hakim olduğu göstərilir (121, Bn.v.63a, 71; 67, 86; 181, 121). Həsən bəy Rumlu yazır ki, Ərzurum hakimi İsgəndər paşanın qoşunu 1549-cu ildə Çuxur-Sədə hücum etdikdə, burada hakim Hüseyncan sultan Rumlu idi. O, mülazimləri dağınıq olduğuna görə İsgəndər paşa ilə döyüşə girməyi məqsədəuyğun hesab etməmişdi. Bu zaman onun vəkili Təbət Ağanın qarovula göndərdiyi iyirmi nəfər İsgəndər paşanın kürd silahlıları ilə qarşılaşmış, savaşda beş nəfər itirərək geri çəkilmişdilər. İsgəndər paşanın qoşunu İrəvanı tutub bazarını yandırır, ancaq az vaxtda geriyə-Vana çəkilmək zorunda qalır.

Hüseyncan sultan Rumlu geri çəkilən Osmanlı qoşununu təqib edərək onlardan beş nəfər qətl edir. Bu hadisə Şaha çatdıqda dərhal İrəvana Çərəndab sultan Şamlınıın başçılığı altında yardım göndərir (77, 341, 401). Həsən bəy Rumlu Zülqədər elindən olan Təbət ağanın Hüseyincan sultan Rumlunun vəkili olduğunu qeyd etmişdir ki, burada vəkil vilayət hakiminin canişini mənasını ifadə edir.

Müəllifin Təbət ağa Zülqədərin h. 964 (1556-1557)-cü ildə qiymətli töhfə və hədiyyələrlə Osmanlı sarayına elçi göndərilməsi (77, 401) barədə məlumatı onun dövrün nüfuzlu əmirlərindən oldduğunu göstərir. Osmanlı hökmdarı Sultan Süleyman 1554-cü ildə Azərbaycana yeni hərbi yürüş təşkil etdiyi vaxtda da Hüseyn sultan Rumlu hələ vəzifədə qalırdı. Osmanlı ordusu İrəvana hücum etdikdə Hüseyn sultan Rumlu osmanlılar ilə qabaq-qabağa durmağın lüzumsuz olduğunu görüb, şəhəri tərk edir. Ona görə də Osmanlılar tezliklə İrəvanı tutur. Lakin nədənsə tezliklə də geri dönürlər. O, buna görə mərkəzə çağırılır. Yerinə Şahqulu Sultan Ustaclı Çuxur-Səd bəylərbəyi və hakimi təyin edilir[11]. Əbdi bəy Şiraziyə görə isə Həmzə sultan Qazağın oğlu Şahqulu sultan Ustaclı 1551-ci ildə Məşhəd hakimi vəzifəsindən azad olunub, Çuxur-Sədə bəylərbəyi təyin edilmişdi (28,99; 108, 76). H.974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə əlaqədar Şah Təhmasibin başsağlığı vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik etmək üçün vəzir Murad bəy İsfahani və 500 nəfər gənc ilə Çuxur-Səd hakimi Şahqulu sultanı da Osmanlı dövlətinə elçi göndərməsi onun Səfəvilər sarayında yüksək nüfuz sahibi olduğunu göstərir. O, Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir (121, Bn.v.237a, 240b; 118, Bn.v.249a).

Şahqulu sultandan sonra oğlu Toxmaq xan ləqəbi ilə məşhur olan Məhəmməd xan Ustaclı İrəvan hakimi olmuşdu. İsgəndər Münşi göstərir ki, Məhəmməd xan Ustaclı II Şah İsmayılın hakimiyyəti dövründən Çuxur-Səd əmir əl-ümərası olub, h.983-cü (1574) ildə Osmanlı hökmdarı Sultan Səlimin vəfatı, Sultan Muradın hakimiyyətə keçməsi münasibətilə əlaqədar olaraq çoxlu hədiyyə ilə İstanbula göndərilir. O, burada çox yaxşı qarşılanır və Sultan Murad ona min tümən xərclik verir ([12], 136, 139; 118, Bn.v.271a;).

Şah xan və sultanları elçi qismində xarici dövlətə göndərdikdə, həmin dövlətin başçısına qiymətli hədiyyələr aparırdılar ki, bunun yalnız bir hissəsi Şah xəzinəsindən götürülürdü. Onlar hədiyyənin qalan hissəsini idarə etdikləri vilayətin və mahalın gəliri hesabına əldə etməli, elçiliyin yol xərclərini də özləri çəkməli idilər (139, 884). İsgəndər bəy Münşi yazır ki, İsmayıl Mirzə hakimiyyətə keçdikdən sonra əyanlarının çoxu orduda qulluq edən Ustaclılar təqib edilir, gecələr öz yataqlarında da rahat yata bilmirdilər (80, 204). Ona görə ki, 1576-cı ildə I Şah Təhmasib vəfat etdikdən sonra, şahzadələr arasında hakimiyyət uğrundakı çəkişmədə Ustaclı tayfasının ən nüfuzlu əmiri Hüseyn bəy Ustaclı başda olmaqla Ustaclılar şahzadə Heydərin tərəfindən çıxış etmişdilər (20, 113, 119). Bu zaman Ustaclı tayfasının mötəbər əmirlərindən olan Çuxur-Səd bəylərbəyi Məhəmməd xan Ustaclı Osmanlı dövlətindən Qəzvinə qayıdır, ancaq burada ona diqqət və iltifat göstərilmir. Bu zaman onun Çuxur-Səddəki ulkası alınıb Əbuturab mirzəyə verilmiş və elə vilayətə də bəylərbəyi o təyin edilmişdi ([13].

Sultan Məhəmməd hakimiyyətə keçdikdən sonra, 1578-ci il fevral ayının 14-də İrəvan, Şorəgil ulkasının Məhəmməd xan Toxmağa verilməsi və onun bura bəylərbəyi vəzifəsinə qoyması haqqında yeni fərman vermişdir (121, Bn.v.301, 399b;[14] .

Oruc bəy Bayat yazır ki, Sultan Məhəmməd, Məhəmməd xan Toxmağı Gürcüstan və Azərbaycanda olan qoşunların baş komandanı təyin edib, Həmədan, Gəncə, Təbriz, Maku, Naxçıvan, Mərənd, Ərdəbil, Sofiyan və Qaraağacın qorunmasını ona tapşırdı (79, 168-169). Məlum olduğu kimi, 1580-ci ilin sentyabr ayında Sultan Muradın qoşunu Lələ paşa başda olmaqla Azərbaycana hücum etmiş və Cəfər paşa isə xeyli qoşunla İrəvana göndərilmişdi. Bu vaxt İrəvan hakimi Əmir Toxmaq xan osmanlılarla vuruşub, onlardan 400 nəfərinə ciddi müqavimət göstərdiyinə görə 1581-ci ildə Fərhad paşa başda olmaqla Qars yolu ilə Çuxur-Sədə yeni qoşun göndərilir. Çuxur-Səd bəylərbəyi Məhəmməd xan Toxmaq vəziyyəti Azərbaycan bəylərbəyi Əmir xan Türkman və Qarabağ hakimi İmamqulu xan Qacara bildirir.

Nədənsə Əmir xan əsgəri yardımı gecikdirir və Məhəmməd xan Toxmaq azsaylı qoşunla Osmanlılarla vuruşda məğlub olub, Naxçıvana dönür və döyüşçüləri, uşaqları Əlincə qalasında yerləşdirir. Bəlkə də Təbrizin özü təhlükə qarşısında olduğuna görə Əmir xan Məhəmməd xan Toxmağa kömək edə bilməmişdi. Digər tərəfdən isə kürd qarətçilərinin də Təbrizə hücumu gözlənilirdi. Əmir xanın Təbrizi tərk etməməsi, Çuxur-Sədə yardım göstərməməsi bununla bağlı ola bilərdi (129, 102-103;[15].

Çuxur-Səd 1580-1604-cü illər arasında Osmanlı hakimiyyəti altında olmuşdu. 1604-cü ildə Qızılbaş ordusu İrəvanı azad etdikdən sonra I Şah Abbasın fərmanı ilə Əmirgunə xan Çuxur-Səd bəylərbəyi təyin olunur. O bu vəzifəyə keçməmişdən qabaq Qəzvinin darğası idi və 1603-cü ilin sentyabr ayında I Şah Abbasın qoşunu ilə Təbrizi Osmanlıların əlindən geri almaq uğrunda gedən vuruşmalarda adi bir əsgər kimi iştirak etmişdir ([16] .

Əmirgunə bəy Qacar hələ əmirlik rütbəsi almamışdan qabaq, yəni 1603-cü ildə savaşlardakı igidliyinə görə Şahın etimadını qazanmşdı. Elə bu vaxt Şah onu Arasbara göndərib tapşırdı ki, Qarabağda Qacar oymağından və başqa el-ulusdan dəstə toplayıb Araz sahilini qorusun ([17]. H.1012-ci ilin şəvvəl ayında (mart 1604-cü ildə) Qızılbaş ordusu İrəvan qalası uğrunda vuruşarkən Əmirgunə Qarabağdan öz dəstəsi ilə bura gəldi. Onun dəstəsi İrəvanın köhnə qalasının Şərq tərəfindəki bürcü tutdu. İrəvan qalası fəth olunduqdan sonra vilayətə hökmranlıq Əmirgunə xana tapşırıldı. Naxçıvan ulkası Maqsud sultan Kəngərliyə, Kağızman və onun ətrafı isə Sədlu Sultana verildi. 1605-ci ildə Osmanlı ordusu yenidən İrəvana hücum etmək istədikdə I Şah Abbas Əmirgunə xana İrəvan əhalisini başqa yerə köçürməyə tapşırır və o, İrəvan camaatını Qaradağa köçürür ([18].

Osmanlı ordusu İrəvanı təhlükə altına aldığı zaman Maqsud sultan Kəngərli Naxçıvan əhalisini Dizmar və Qaradağa, Təhmasibqulu bəy isə Culfa əhalisini İsfahana köçürdürlər. Həmin ilin qışında İrəvan hakimi Əmirgunə xan və Naxçıvan hakimi Maqsud sultan Kəngərli Əlincə qalasında qışladılar. 1606-cı ildə I Şah Abbasın yeni hərbi cəhdləri ilə İrəvan qalası tamamilə azad olundu.

Əmirgunə xan yenə də Çuxur-Səd bəylərbəyi və İrəvan hakimi olur. Qoçaqlığına görə Əmirgunə xana Göycə gölü ətrafında bir neçə kənd ulka verildi. 1607-ci ildə Zeynəl bəy Çors, Mustafa bəy isə Maku hakimi təyin olundular (80, 668, 721).

I Şah Abbas Əmirgunə xan Qacara İrəvan qalasının təmir olunmasını tapşırmışdı. İsgəndər bəy Münşi yazır ki, İrəvan qalası təmir edilərkən Əmirgunə xan və onun məmurları, mülazimləri Əlincə, Ordubad və Naxçıvanda çətin günlər keçirirdilər. O, öz məmurları ilə köçkünləri Azərbaycanın el, ulus və pərakəndə halda olan tərəkəmələri içərisindən toplayıb yenidən İrəvana gətirdi. İraq-i Əcəmdən Şah Abbasın əmri ilə Qacarın Ağcaqoyunlu oymağı, Musaoğlu, Səbat elinin hamısı gətirilib İrəvan və Şərurda yerləşdirildi. Yenidən Qızılbaş elləri öz qədim yurdlarına qayıtdılar. Əmirgunə xanın qoşunları Qars vilayətini də tutub bəylərbəyiliyə daxil etdilər. İsgəndər Münşi yazır ki, Əmirgünə xanın başçılığı ilə qalalar, şəhərlər bərpa olundu. Vilayətin iqtisadi həyatında tezliklə böyük irəliləyişlər başlandı (80, 740-742).

1608-ci ildə İrəvanda Əmirgunə xan tərəfindən Cəlalilərə qonaqlıq verilmiş, ancaq Əmirgunə xan Cəlaliləri qarşılamağa getmədiyi üçün üzürxahlıq edib demişdi: "Qala kutvalları dövlətin inanılmış adamlarıdırlar. Padşahdan icazəsiz onun evi olan qalanı qoyub getməyə ixtiyarımız yoxdur. Buna görə də sizi qarşılamavğa gələ bilmədim" (80, 773). Buradan aydın olur ki, bəylərbəyi hökmranlıq etdiyi bəylərbəyilikdə nə qədər müstəqil olsa da, Şahın icazəsi olmadıqda mərkəzdən başqa yerə gedə bilməzdi.

1612-ci ildə İstanbulda Osmanlı-Səfəvi andlaşmasından sonra Salmasda iki dövlət arasında sərhədi təyin etmək və müqavilə əsasında Səfəvi dövləti tərəfindən sənədlərə möhür vurmaq Əmirgunə xana tapşırılmışdı. Sülh müqavilənaməsi əsasında demarkasiya sənədlərini Osmanlı dövləti tərəfindən Məhəmməd paşa və sərhəd sancaqbəyiləri, Səfəvi dövləti tərəfindən isə Əmirgunə xan və bu tərəfin əmirləri möhürləmişdilər. 1617-ci ildə İrəvan qalası yaxınlığında Osmanlılara qarşı vuruşmada şücaət göstərdiyinə görə Şah Əmirgünə xanı "Sarı Aslan" adlandırmışdı (80, 864, 910).

Şah Təhmasib dövrünün qorçusu Gülabi bəyin oğlu Əmirgunə xan (Sarı Aslan) Qacar elinin Ağcaqoyunlu oymağından idi. Əmirgunə xan Qəzvin darğalığından Çuxur-Səd bəylərbəyiliyinə qədər yüksək vəzifəyə qalxa bilmişdi. 1625-ci il iyul ayında 0, Gürcüstanda vuruşmada möhkəm yaralanır. Qacar döyüşçüləri onu yaralı halda vuruş meydanından çıxarırlar. Bir müddət İrəvanda yaralarını müalicə etdirir. Lakin 1625-ci ilin axırlarında elə həmin yaradan da ölür. I Şah Abbasın əmri ilə onun böyük oğlu Təhmasibqulu bəyə xan titulu verilib Çuxur-Səd əmir əl-ümərası təyin olunur. İsgəndər Münşi yazır ki, "hal-hazırda o vilayətdə hökmrandır" (80, 1031, 1041). "Zeyl-i alamara-yi Abbasi" də göstərilir ki, 1629-cu ildə Xosrov paşanın Osmanlı ordusu öncə Bağdadı və sonra Təbrizi tutmaq məqsədi ilə Diyarbəkrdən hərəkət edib Mosula daxil olduqda Təhmasibqulu xan Çuxur-Səddə hakimiyyətdə idi. İmperiyanın şimal-qərb sərhədlərinin qorunması ona, şərq sərhədlərinin müdafiəsi isə bu zaman Xoyda olan Naxçıvan hakimi Maqsud sultan Kəngərliyə tapşırılmışdı.(81,32)

Beləliklə, Əmirgunə xan 20 ilə yaxın Çuxur-Səd bəylərbəyi və İrəvan hakimi olmuşdur.Əmirgunə xanın qısa tərcümeyi-halı göstərir ki, təsadüfi adamlardan bəylərbəyi olmur, bu vəzifəyə bacarıqlı, cəsarətli şəxslər, düşüncə sahibi olanlar seçilirdilər. Əbəs deyil ki, 1618-ci ildə ölkədə siyasi vəziyyət gərginləşdikdə Şah məsləhət üçün Əmirgünə xanı Ərdəbilə dəvət etmişdi (86, 402).

1635-ci ildə Çuxur-Sədə Sultan Muradın süvari dəstələri hücum edir, doqquz günlük mühasirədən sonra İrəvan şəhərini osmanlılar yenə də tutub Təhmasibqulu xanı əsir götürüb İstanbula aparırlar. Təhmasibqulu xan ömrünün axırına qədər İstanbulda qalır (142, 255; 206, 110-111).

1636-cı ildə Şah Səfi qoşunları tərəfindən İrəvan azad edildikdən sonra Lar hakimi Kəlbəli xan Çuxur-Səd bəylərbəyi və əmir əl-ümərası təyin edildi. Şah Səfinin əmri ilə İrəvan qalasının təmiri də ona tapşırıldı. Ancaq 1640-cı ildə Kəlbəli xan öldürüldü. Məhəmməd Yusif Qəzvini yazır ki, Kəlbəli xan öldürüldükdən sonra cilovdarbaşı Məhəmmədqulu xan Cığatay Çuxur-Səd bəylərbəyi oldu (128, v.104a, 132 b; 108, 259).

1646-cı ildə isə xassə qulamlarının yüzbaşısı olmuş, sonra söhbət yasavulu vəzifəsinə keçmiş Keyxosrov bəy Çərkəz Çuxur-Sədə bəylərbəyi göndərilmişdi. Həmin ilin mart ayında isə onu Mehrab xan Qacarın oğlu Murtuzaqulu xan əvəz etmişdi (128, v.190b).

1656-1663-cü illərdə Çuxur-səd bəylərbəyi Qazaq xan Çərkəz Şamlının oğlu Nəcəfqulu xan idi (206, 179). Nəcəfqulu xandan sonra Əmirgunə xanın oğlu Abbas Çuxur-Səd bəylərbəyi və İrəvan hakimi təyin edilmişdi. Ondan sonra isə ləzgi Səfi xan burada bəylərbəyi olmuşdur. O, Şah tərəfindən cəzalandırıldıqdan sonra Rüstəm xanın oğlu Səfiqulu Çuxur-Sədə bəylərbəyi göndərilir (89, 24).

Şarden yazır ki, hazırda Səfiqulu xan İrəvan bəylərbəyidir. O keçmiş Şah (II Şah Abbas) dövründə Səfəvi İmperatorluğunun ən mühüm əyalətlərindən birində hökmranlıq edirdi. Lakin saray qadınlarının təhriki ilə keçmiş padşah vəfat etməmişdən üç il qabaq tutduğu vəzifədən azad edilmişdi. Səfiqulu xanın arvadı ana tərəfdən Şahın qohumu idi. Şah Süleymanın hakimiyyətinin (1666-1694) ilk illərində onun xahişi ilə ərini Şah yenidən İrəvan hakimi və Çuxur-Səd bəylərbəyi təyin edir. Səfiqulu xan digər hakimlərə nisbətən ədalətli olduğu üçün hökmran olduğu ərazinin əhalisinin hörmətini qazanmışdır. Lakin yerli sultanlar və əyanların bir çoxu ona tabe olmaqdan boyun qaçırıb, əleyhinə Şah və divanbəyiyə çoxlu şikayətlər edirdilər. Səfiqulu xan da öz növbəsində Çuxur-Səd vilayətindəki vəziyyət barədə vaxtaşırı Şaha məlumat göndərirdi. Nəhayət, Şah fərman verir ki, kiçik hakimlər sözsüz olaraq İrəvan hakiminə tabe olmalıdırlar. Şarden yazır ki, həmin fərmanı Şahın qulamı İrəvana gətirdikdə mən İrəvanda idim. Onun gəlib qayıtması İrəvan hakiminə 400 tümənə başa gəlmişdi. Bu məbləğ onun mənzil və yemək xərcindən əlavə idi (113, c.II, 314-315).

Z.Kanakertsi isə yazır ki, Səfiqulu xanın dövründə yollarda oğrular və yolkəsənlərin sayı çoxalmışdır. Oğrular cəzalandırılmırdı. Onlardan cərimə alaraq buraxırdılar. Onlar yenidən oğurluq edirdilər. Bütün İrəvan əhalisi və qoşunlarının şikayəti nəticəsində Səfiqulu xan həbs olundu. Şah İrəvanın keçmiş hakimi Abbas xanın kürəkəni Zal xanı İrəvana hakim təyin etdi. Zal xan İravana Azərbaycanın baş vəziri Mirzə İbrahimlə gizli gəlir. Onları qarşılamağa adam getməmişdi. Çünki camaat onların gəldiyini bilmirdi. Zal xan İrəvan qalasına daxil olduqdan sonra vəzir, şeyx ül-islam və bəzi başqa əyanları çağırtdırıb Şahın fərmanını oxudu. Oraya toplaşanların hamısı ona itaətkar olduqlarını ifadə etdilər. Müəllif bu mərasimdən sonra carçının küçəyə çıxıb "Zal xan İrəvanın sahibi oldu. Ömrü çox olsun"deyə uca səslə İrəvan sakinlərinə bildirişini türkcə olduğu kimi əsərində qeyd etməsi, şəhərdə türk dilinin işlənmə səviyyəsinin göstəricisi olub, həm də bu diyarın bir türk yurdu olmasından xəbər verir. 1679-cu ildə İrəvanda zəlzələ oldu, bir çox binalar dağıldı. Lakin Zal xanın göstərişi ilə dağılmış binalar bərpa olundu. Bu vaxt İrəvanın qala divarları da dağılmışdı. Azərbaycan vəziri İbrahim yenə İrəvana gəlib qonşu xanları - Naxçıvan, Bərdə, Zəyəm, Lori, Maku sultanlarını da çağırıb onlara qalanın tikilib bərpa edilməsinə köməklik etmələrini tapşırdı (206, 183-184, 194-197).

Zal xandan sonra Şah Sultan Hüseyn (1694-1722) Murtuzaqulu xanı İrəvana hakim göndərmişdi. O, naxçıvanlı Məhəmməd ağa xanın oğlu idi. İrəvana gəldikdən sonra vergilərin miqdarını azaltmışdı. Həmişə Şaha, saray məmurlarına hədiyyələr göndərirdi. Ondan sonra Şah Məhəmmədqulu adlı başqa bir nəfəri İrəvana hakim təyin edir. Məhəmmədqulu xan da bir çox mahallarda vergiləri yüngülləşdirib ticarət yollarının təhlükəsizliyini təmin edə bildi. O, üç il yarım bu vəzifədə işləmiş və vəzifədən çıxarıldıqdan sonra Şah Sultan Hüseyn Əmirgunə xanın nəvəsi Fəzləlini İrəvana hakim təyin etmişdi (206, 223-224).

Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, XVI əsrdə olduğu kimi, XVII əsrdə də Çuxur-Səd vilayətini Türkman Rumlu, Ustaclı, Zülqədər, Qacar adlı qızılbaş-türk tayfa əsilzadələri idarə etmişdi.

Əyalətin qəzaları

Mərkəzi İrəvan olan Çuxursəd əyaləti Azərbaycanın dörd əyalətindən biri olmuş və aşağıda qeyd olunan 8 inzibati hissəyə bölünmüşdür:

  • 1. Naxçıvan — Arazın sol sahilində.
  • 2. Maku — Arazın sağ sahilində (Çaldıran çölü də bura daxildir)
  • 3. Zarozəbil — Göyçə gölünün cənubi-şərqi hissəsində Zərzəbil adlı kənd.
  • 4. Sədərək — İrəvandan Naxçıvana gedən yolun yarısındakı Şərur nahiyəsində yerləşir.
  • 5. Bayəzid — Türkiyə torpağında Ağrı dağının cənubunda yerləşir.
  • 6. Şadilu — Ağrı dağının yaxınlığında yerləşir.
  • 7.Əkrad-e Donboli — Türkdilli yazıya malik bir ilin (ərazi vahidi) bir hissəsi olmasını ehtimal etmək olar.
  • 8. Məğazbord — Arpçayın qərb tərəfində, İranın şimal qərbində son nöqtə hesab olunan "Əfi" xaroabalığının yaxınlığındadır.

Əyalətin hakimləri

Mənbə[19]

  • Əmir Sad (XIV əsrin sonu – 1410-cu il);
  • Pirhüseyn bəy (Əmir Sadın oğlu, 1410-cu ildən);
  • Piryaqub (Pirhüseynin oğlu, 1420-ci il);
  • Əbdül ( Pirhüseynin oğlu-1430-cu il);
  • Uzun Həsən (1447-ci il);
  • Yaqub bəy Cahan şahın hökmü ilə (1440-cı il);
  • Həsənəli Qaraqoyunlu (1460-cı ildən).


Sıra Bəylərbəyi Hakimiyyət illəri
1
Qaraçı İlyas Bəybordlu
1502-?
2
Əmir xan Mosullu-Türkman
1509-?
3
Həmzə bəy (Hüseyn bəy Lələ Ustaclının oğlu)
1514-?
4
Div sultan Rumlu
1516-1527
5
Suleyman bəy Rumlu
1527
6
Hüseyn xan sultan Rumlu
1549-1550
7
Şahqulu sultan Ustaclı
1551-1568
8
Məhəmməd xan Ustaclı
1568-1575
9
Əbuturab sultan
1575-1576
10
Xəlil xan Əfşar
1575-1576
11
Məhəmməd xan Ustaclı (sonra Osmanlı işğalı)
1578-1583
12
Əmirgunə xan Ağcaqoyunlu-Qacar (digər adı Sarı Aslan)
1604-1625
13
Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar (sonra Osmanlı işğalı)
1625-1635
14
Kəlbəli xan Əfşar
1636-1639
15
Məhəmmədqulu (bəy) xan Çağatay (digər adı Çağatay Kötük Məhəmməd xan)
1639-1648
16
Keyxosrov xan Çərkəz
1648-1653
17
İrəvanlı Məhəmmədqulu xan
1654-1656
18
Nəcəfqulu xan Çərkəz
1656-1663
19
Abbasqulu xan Qacar (Əmirgünə xanın oğlu)
1663-1666
20
Səfi xan Ləzgi
1666-1674
21
Sarıxan bəy (müvəqqəti bəylərbəyi)
1674
22
Səfiqulu xan
1674-1679
23
Zal xan
1679-1688
24
Məhəmmədqulu xan
1690-1693
25
Fərzəli xan
1693
26
Allahqulu xan
1695-1698
27
Fərzəli xan
1700
28
Məhəmməd xan
1704
29
Əbdülməsud xan
1705
30
Məhəmmədəli xan
?-1716
31
Məhəmmədəli xanın adı bilinməyən oğlu
1716-?
32
Mehrəli xan
1719-1723
33
Mahmudqulu xan (sonra Osmanlı işğalı)
1723
34
Məhəmmədqulu xan
1735-1736
35
Pirməhəmməd xan
1736-?


Qacarlar dövləti dönəmi

İstinadlar

  1. "Kürdlərin tarixi" 2:172
  2. Pave Dukurtinin lüğəti və Çuxuryurt adlanan yerdə Məsudinin sərgüzəşti
  3. Firudin bəy, "Monşəat-üs Səlatin" ("Sultanların salnaməsi"), İstanbul, 1274, 1-ci cild, səh. 405
  4. Tarix", 1-ci cild, səh. 396
  5. "Cahannüma", səh.391
  6. "Zəfərnamə". Kəlküttə. 1887. 1-ci cild. səh.399
  7. Mirzə Səmia, Təzkirət ül-müluk, Be kuşeşe doktor Seyid Məhəmməd Dəbir-Siyaqi, Tehran, İntişarati-Əmir Kəbir, 1368, səh 75-76
  8. Sazimani idarəyi hökuməti Səfəvi və ya təlifati Minorski bərai Təzkirətül-mülük, Tərcomai Məsud Rəcəb-niya, Tehran, İntişarati Əmir Kəbir, 1368, səh. 191
  9. Персидские документы Матенадарана (XV-XVI вв). Указы, т.1, вып.1, Составил А.Д.Папазян. Ереван: Изд. АН Армянской ССР, 1956, 295 с., səh. 174, 261
  10. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI начале XIX вв., Ленинград: Издательство ЛГУ, 1949, 379 с., səh. 121
  11. İskəndər bəy Türkman, Tarixi-aləm-arayi-Əbbasi, Cild I-II, Tehran, Çapi Gülşən, 1350, I cild 1-605 səh, II cild 605-1235 səh, 75, 76
  12. İskəndər bəy Türkman, Tarixi-aləm-arayi-Əbbasi, Cild I-II, Tehran, Çapi Gülşən, 1350, I cild 1-605 səh, II cild 605-1235 səh, 136, 139
  13. İskəndər bəy Türkman, Tarixi-aləm-arayi-Əbbasi, Cild I-II, Tehran, Çapi Gülşən, 1350, I cild 1-605 səh, II cild 605-1235 səh, 204
  14. İskəndər bəy Türkman, Tarixi-aləm-arayi-Əbbasi, Cild I-II, Tehran, Çapi Gülşən, 1350, I cild 1-605 səh, II cild 605-1235 səh, 227.
  15. İskəndər bəy Türkman, Tarixi-aləm-arayi-Əbbasi, Cild I-II, Tehran, Çapi Gülşən, 1350, I cild 1-605 səh, II cild 605-1235 səh, 293
  16. İskəndər bəy Türkman, Tarixi-aləm-arayi-Əbbasi, Cild I-II, Tehran, Çapi Gülşən, 1350, I cild 1-605 səh, II cild 605-1235 səh, 638, 643-656.
  17. İskəndər bəy Türkman, Tarixi-aləm-arayi-Əbbasi, Cild I-II, Tehran, Çapi Gülşən, 1350, I cild 1-605 səh, II cild 605-1235 səh, 642-643.
  18. İskəndər bəy Türkman, Tarixi-aləm-arayi-Əbbasi, Cild I-II, Tehran, Çapi Gülşən, 1350, I cild 1-605 səh, II cild 605-1235 səh, 638, 643, 652-654, 656-657, 658.
  19. İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, Azərbaycan, 2010, s.58-59.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.