Çuqun

Çuqundəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürdfosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır.[1] Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır.[1] Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.

Çuqundan hazırlanmış tava

Boz çuqun

Boz çuqundə karbon qrafiti lövhə formasında sərbəst halda olur. Bu cür quruluş çuquna yüksək möhkəmlik verir, ona görə də ondan mühərriklər üçün silindrlər, butulkalar və digər detallar hazırlanır. Boz çuquna daha da möhkəmlik vermək üçün ona kürəcik formasında qrafit əlavə edilir. Bunun üçün ərimə zamanı maye çuquna az miqdarda, aşqar kimi maqnezium, serium, ittrium, kalsium və bir sıra digər elementlər əlavə edilir. Şarşəkilli qrafitli çuqun möhkəm çuqun adlanır və yüksək texnoloji xassələri olur.[1]

Ağ çuqun

Ağ çuqunda karbon dəmirlə birləşmiş halda, dəmir-karbid (Fe3C) – sementit şəklində olur. Bu çuqun aşağı mexaniki xassəli və kövrək olduğuna görə məhdud tətbiq sahəsinə malikdir: cilalama işlərində işlədilən detalların sadə konfiqurasiyalarının hazırlanmasında istifadə edilir.[1] Ağ çuqunun xüsusi termiki emalından sonra (qrafitləşdirici dəmləmə) sementit parçalanır və pambıq formasında qrafit əmələ gəlir; nəticədə alınan çuqun döyülə bilən çuqun adlanır. Döyülə bilən çuqun avtomobil, traktor istehsalında və kənd təsərrüfatı üçün maşınqayırmada istifadə edilir. Son zamanlar onu yüksəkdavamlı çuqunla əvəz edirlər. Bu da onun hazırlanma texnologiyasının sadələşdirilməsi və tökmə işinin asanlaşdırılması üçün istifadə edilir. Bir sıra xüsusi çuqunlar poladın legirlənməsində tətbiq olunur.[1]

İstinadlar

  1. M. Abbasov, S. Məşədibəyova, R. İbadov. Təbiət elmləri lüğəti, Bakı 2006, səh. 82
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.