Çiyinayaqlılar
Çiyinayaqlılar (lat. Brachiopoda) — heyvanlar aləminə aid heyvan tipi.
Çiyinayaqlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Ranqsız: Spiralia Tipüstü: Klad: Klad: Brachiozoa Tip: Çiyinayaqlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Oturaq həyat keçirən dəniz heyvanlarıdır. Bədənin qarın və bel səthini uzunluğu 10 sm-ə qədər olan ikiqapaqlı çanaq örtür. Substrata saplaq vasitəsilə yapışır. Ayrıcinsiyyətlidir. İnkişafı metamorfozladır. 200-ə qədər növü məlumdur. Qazıntı halında tapılmış növlərin sayı 7000-ə çatır. Qalıqlarına Kembri dövründən rast gəlmək olur. Ordovik—Devon dövrlərində külli miqdarda inkişaf etmişdir. Paleozoy dövrünün stratiqrafiyasında mühüm rol oynayır.
Haqqında
Çiyinayaqlılar sırf dəniz heyvanları olub, tək halda hər hansı bir substrata yapışaraq oturaq həyat tərzi keçirir. Çiyinayaqlıların heyvanat aləmi sistemində mövqeyi uzun müddət qeyri-müəyyən və mübahisəli qalmışdır. İkitaylı çanağa malik olduqları üçün onları yumşaqbədənlilərin bir sinfi kimi ayırd edirlər. Molyuskların qarınayaqlılar, başayaqlılar, kürəkayaqlılar siniflərinə analoji olaraq bu qrup heyvanlar əvvəlcə «qolu ayaqlılar» , daha sonra «çiyinayaqlılar» termini ilə adlandırılmışdır. Bu termin morfoloji cəhətdən özünü doğrultmadığı üçün bir çox müəlliflər onlar latın adı ilə adlandırmağı üstün tuturlar. Braxiopodların daxili quruluşunun öyrənilməsi onların molyusklardan kəskin fərqləndiyini göstərdi. Bir çox zooloqlar çiyinayaqlıların özünəməxsusluğunu nəzərə alaraq, onların müstəqil bir tip kimi ayırd edirlər . Braxiopodların digər qrup heyvanlarla filogenetik əlaqələri indiyə kimi kifayət qədər izah edilməmişdir. Keçmiş geoloji dövrlərdə dənizlərdə yaşayan braxiopodlar çox rəngarəng və çoxsaylı olmuşlar . Onların müasir faunasına cəmi 280-ə qədər növ daxildir, qazıntı halında tapılan növlərinin sayı 10000 – dən artıqdır. Sinfin 39 qrupundan müasir dənizlərdə yalnız 7 –si yaşayır. Ən iri müasir növü Magellania venosa –nın çanağının uzunluğu 8,4 sm-dır. Paleozoy çöküntülərindən tapılan Gigantoproductus növünün uzunluğu isə 40 sm -ə qədər olmuşdur. Bütün bunlara baxmayaraq , çiyinayaqlılar indidə geniş yayılmış qrup olaraq, normal duzlu tropik dənizlərdə qütb dənizlərinə qədər, qabarma – çəkilmə zonasından okeanın 6 km dərinliyinə qədər rast gəlinirlər. Bəzi yerlərdə əlverişli şərait olduqda braxiopodlar böyük yığınlar əmələ gətirirlər. Barents dənizinin cənubi-qərb hissəsində dəniz dibinin hər kvadrat metrində 100 ekzemplyar Macandrevia cranium növünə rast gəlmək mümkündür. Cənubi koliforniyanın sahillərində Glottidia albida növünün sıxlığı bir kvadrat metrdə 200 ekzemplyardan çoxdur.
Quruluşu
İkitaylı molyusklardan fərqli olaraq , braxiopodların çanağı bədəni yanlardan deyil, bel və qarın tərəfindən örtür. Çanaq taylarının açılıb-bağlanması mürəkkəb əzələ sisteminin köməyilə yerinə yetirilir. Tayların qapanma üsuluna və bir çox digər əlamətlərə görə çiyinayaqlıları iki sinfə bölürlər: Kilidsizlər və Kilidlilər. Kilidsizlərdə çanaq tayları yalnız əzələlərlə, kilidlilərdə isə çanaq tayının arxa kənarındakı dişciklərin bel çanaq ayının kənarındakı müvafiq çuxurcuqlara keçən kilidin köməyi ilə birləşir. Belə çanaq tayını ayırmaq qeyri - mümkündür, yalnız çanağı sındırmaqla onu açmaq olar. Bu xüsusiyyətinə görə qazıntılar zamanı braxiopodların çanağı bütöv tapılır. Çiyinayaqlılar adətən qarın çanaq tayında olan dəlikdən xaricə çıxan xüsusi saplağın – ayaqların köməyi ilə hər hansı bir substrata yapışır. Bir çox formalarda saplaq çanaq taylarının arasından çıxır. Bu zaman kilidsiz çiyinayaqlılarda çanağın bel tayı yuxarıda, kilidlilərdə isə aşağıda qalır. Belə ki, ayağın çıxdığı yerdə qarın çanaq tayı dimdiyəbənzər çıxıntı əmələ gətirir, bu da bel tərəfə əyilərək çanağı əks tərəfə çevirir. Müasir faunada bu fəsilənin iki cinsinə Glottidia və Lingula təsadüf edilir. Digər braxiopodlardan fərqli olaraq, bu formalar qazıcı həyat tərzi keçirir. Qabarma və çəkilmə zonasında və çoxda dərin olmayan qumlu və lilli qruntda şaquli yuvalar qazırlar . Qurdabənzər güclü ayağı yuvanın aşağı hissəsinə bərkidilir, yastı çanaq isə yuvanın yarıqşəkilli girişini qapayır .
Həzm sistemi
Qolların əsasında mantiya boşluğunu , bədən boşluğundan ayıran divarın ortasında ağız dəliyi yerləşir. Ağız dəliyi qısa qida borusu ilə orta bağırsağa keçir. Orta bağırsağın genişlənmiş ön hissəsinə yanlardan iki ədəd həzm vəzilərinin axarları açılır. Kilidli çiyinayaqlılarda orta bağırsaq kor qurtarır , kilidsizlərdə isə mantiya boşluğuna anal dəliyi ilə açılan dal bağırsaq olur. Çiyinayaqlılar qidasını xırda plankton yosunlar və heyvanlar , həmçinin suda asılı vəziyyətdə olan detrit hissəcikləri təşkil edir.
Sinir sistemi
Sinir sistemi oturaq1 həyat tərzi ilə əlaqədar sadələşmişdir. O, udlaq ətrafı sinir həlqəsindən və ondan mantiya və lotofora uzanan sinir tellərindən ibarətdir. Bir çox növlərdə mantiyanın ön kənarından işığa həssas piqmentləşmiş sahələr olur. Mantiyanın kənarındakı kirpikciklər qıcığa cavab verirlər.
İfrazat sistemi
İfrazat funksiyasını bir və ya iki cüt boruşəkilli orqanlar – metanefridilər yerinə yetirir. Boruların bir ucu seloma, digər ucu mantiya boşluğuna açılır.
Tənəffüs orqanı
Tənəffüs orqanı funksiyasını qolların üzərindəki çıxıntılar yerinə yetirir.
Qan–damar sistemi
Qan-damar sistemi bel tərəfə yaxın yerləşən döyünən qovuqcuqdan ürəkdən ibarətdir. Ürəkdən çıxan aorta əvvəlcə iki, sonra çoxlu arteriyalara ayrılır. Arteriya şaxələnmiş bütün daxili orqanlara gedir və toxumalararası boşluqlarda itir.
Çoxalması
Çiyinayaqlıların böyük əksəriyyəti ayrıcınslidir.Argyrotheca – Aralıqdənizi növlərindən üçü müstəsnalıq təşkil edir. Braxiopodlarda cinsi dimorfizm müşahidə olunmur. Cinsi vəzilər mantiyanın bel və qarın büküşlərinin selomik boşluğunda yerləşir .Braxiopodların biologiyası kifayət qədər öyrənilməmişdir. Mayalanma dişi fərdin mantiya boşluğunda, ya da xaricə gedir.
İnkişafı
Braxiopodların sərbəst üzən sürfələri gözlərə və statosistlərə malikdir. İnkişaf prosesində oturaq həyat tərzinə keçməklə əlaqədar bu əlamətlər reduksiya olunur. Braxiopodların inkişafının düzgün izahını ilk dəfə rus embrioloqu Kovalevski vermişdir.
Planktonda sərbəst üzən sürfənin ömrü boyu bir neçə saatdan 10-12 sutkaya qədər davam edir, sürfə suyun dibinə enərək yetkin fərdə çevrilir. Hazırda 2000 m dərinlikdə yaşayan 29 braxiopodlar növü elmə məlumdur. Onlar ikisi – Pelagodiscus atlanticus və Abyssothyris wivillei – okeanın 5,5 – 6 min m dərinliyində rast gəlinir.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1999.
- Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521