Çaylı (Qazax)
Çaylı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Çaylı | |
---|---|
41°07′33″ şm. e. 45°18′39″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qazax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 508 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 7731 (2009) nəfər (2009) |
Milli tərkibi | azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Çaylı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Coğaz çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin ərazisi əvvəllər Qıraq Kəsəmən kəndinin qışlaq yeri olmuşdur. Sonralar bu kənddən çıxmış qızyetərli nəslinə mənsub ailələr Çaylı kəndinin bünövrəsini qoymuşlar[1].
Tarixi
Çaylı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi Coğaz çayının sahilində salındığına görə belə adlanmışdır. Qıraq Kəsəmən (Ağstafa rayonu) kəndindən çıxmış qızyetərli nəslindən olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisi əvvəllər qızyetərli nəslinin qışlaq yeri olmuşdur.[2] Kənd Qazax rayonuda Daş Salahlıdan sonra ikinci böyük kənddir. Kənddə 4 mindən çox ev, 14 mindən çox əhali var. Kəndin 2 ümumtəhsil orta məktəbi, 1 tibb məntəqəsi, 1 kənd klubu, 1 mədəniyyət evi, 2 kənd qəbristanlığı, 1 kənd EATS xidməti və s. var. Çaylı Qazax rayonunun 38 yaşayış məntəqəsindən biridir. Kəndin tarixi təxminən XVII-XVIII əsrlərdən başlayır. Kəndin yeri çaylaq, meşəlik, bataqlıq olmuşdur. Kənd adını da burdan almışdır. Kəndə köç XVII əsrin əvvəllərindən başlamışdır. Köç edənlərin əksəriyyəti indiki Ağstafa rayonunun Kəsəmən kəndindən olmuşlar. Səbəb isə Çar Rusiyasının öz xidmətlərinə görə bu torpaqları hərbçilərindən birinə verməsi idi. Kəndə əvvəlcə 4 nəsil —Göşşüllülər (Göşşüyevlər), Bənnalar (Bənnayevlər), Qocalar (Qocayevlər), Çarçılılar (Carçıyevlər) gəlmişdir. Hazırda Göşşüllülər (Göşşüyevlər), Bənnalar (Bənnayevlər)və Qocalar (Qocayevlər) nəsli kənddə ən böyük nəsillərdən biridir.
Toponimikası
Çaylı Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Coğaz çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin ərazisi əvvəllər Qıraq Kəsəmən kəndinin qışlaq yeri olmuşdur. Sonralar bu kənddən çıxmış qızyetərli nəslinə mənsub ailələr Çaylı kəndinin bünövrəsini qoymuşlar; Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır.[3]
Əhalisi
- Çaylı kəndinin əhalisini əsasən Qıraq Kəsəmən kəndindən köçüb gələn ailələr təşkil edir.
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 7731 nəfər əhali yaşayır. Əhalinin 3785 nəfəri kişilər, 3946 nəfəri qadınlardan ibarətdir.[4]
- Ustad aşıq Aşıq Məhəmməd Rzayev 1920-1928-ci illərdə bu kənddə yaşamışdır.
Görkəmli şəxsləri
- Hacı Kərim Sanılı (1878-1938) - şair-pedaqoq, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim, Bakı xalq maarifi şöbəsində inspektor.
- Rauf Babaxanov (1929-1992) - Kimya elmləri doktoru (1966), professor (1967), Azərbaycan EA-nın müxbir üzvü (1980), Azərbaycan Tibb İnstitunun kafedra müdiri (1969-1992), Əczaçılıq fakültəsinin dekanı (1969-1973). İlk dəfə "aromatik və tsikloparafin karbohidrogenlərin və onların müxtəlif törəmələrinin turşu tipli katalizator iştirakında müxtəlif doymamış halogenidlə alkilləşmə reaksiyası, reaksiyaya təsir edən amillər və onun mexanizminin öyrənilməsinə və sintez edilmiş maddələrin çevrilmə məhsullarına" aid orijinal tədqiqatlar aparmışdır.
- Nəcəf Murquzov (1930-1995) — Alim, fizika-riyaziyyat elmləri doktoru Elmlər doktoru, Professor, Həsən bəy Zərdabi adına GDPİ-nin Riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri (1978-1995). "Riyaziyyatın tədrisi metodikası" ixtisası üzrə respublikanın qərb bölgəsində ilk professor olmuşdur. "Qabaqcıl maarif xadimi", "Əmək igidliyinə görə", "X beşilliyin qalibi" və s. medal və döş nişanlarına, dəfələrlə Respublika Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür.
- Mirzəli Murquzov (1937) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim, "Şöhrət" ordenli, ADPU-nun fizika fakültəsinin dekanı, Respublika Təhsil Şurası sədrinin müavini, respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika" bölməsinin sədri. İlk dəfə olaraq öz elmi rəhbərinin konfiqurasiya modelinə əsaslanaraq mürəkkəb yarımkeçirici maddələrdə fiziki və fiziki-kimyəvi xassələrin formalaşmasında lokallaşma effektinin rolunu müəyyənləşdirdi.
- Bilal Qoca (1938) — Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Qazax bölməsində ədəbi məsləhətçi.
- Faiq Musayev (1952) - Alim, kimya elmləri doktoru, ABŞ-nin Virciniya Universitetinin professoru.
- Davud Carçıyev (1929-2007) - Azərbaycan Respublikasının Əməkdar Hüquqşunası, Hüquq Elmləri doktoru, Azərbaycan Vəkillər Kollegiyasının təftiş komissiyasının sədri.
- Hüseyn Carçıyev (1888-1974) - Respublikanın Baş Zootexniki.
- Cavanşir Carçıyev (1952-1994) - Qazax Rayon İcra başçısı.
- Alı Qocayev (d.1947) - Samux Rayon İcra Hakimiyyətinin başçısı.
- Oktay Carçıyev - "Bakı Avtomobil Zavod"nun Direktor müavini, "Azər Aqrar Tikinti ASC"nin İstehsalat İdarəsinin Rəisi.
- Aşıq Camoy (Aşıq Camoy Qurbanov) - Məşhur Azərbaycan aşıqı, Qazax Aşıqlar Birliyinin sədri.
- Aşıq Cəfər Eyvazov (1927-1999) — Azərbaycan aşığı.
- Murad Novruzov (1928-2008) — Azərbaycan aşığı.
- Carçıyev Almaz Vəzir oğlu - İqtisadçı
- Murtuz Carçıyev – (1910-1985) Sosialist Əməyi Qəhrəmanı.1952-ci ildə yağ-pendir zavodunun direktoru, 1958-ci ildə kənd təsərrüfatı idarəsinin rəisi vəzifələrində çalışmışdır. “Lenin Ordeni” , “ Kənd təsərrüfatı əlaçısı” kimi fəxri mükafatlalarla mükafatlandırılmışdır.
- Nəcməddin Hüseynov - Azərbaycan və Rusiya Peşəkar Rəssamlar ittifaqının üzvü. Beynəlxalq müasir incəsənət Akademiyasının fəxri üzvü və qızıl medalçısı. Avropa Təbiət Elmləri Akademiyasının Həqiqi üzvü.
- Vahid Göyüşov (1936-1988) Fizika Elmləri namizədi- Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının müəllimi
- Elşən Qapaqov (1975-) ASQ -nin zabiti, polkovnik
- Aşıq Yaşar Gülümcanov (1975) --Azərbaycan aşığı
- Məhərrəm Göyüşoğlu (1973) Hüquq müdafiəçisi, ictimai xadim, Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin təsisçisi, sədri."Qərbxəbər.com" xəbər portalının və Qərb xəbər TV yootube kanalının təsisçisi və baş redaktoru
Həmçinin bax
İstinadlar
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629