Çayçılıq

Çayçılıq — çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi.[1]

Şri-Lankada çay toplama

Tarixi

Dünyada çay istehsalının tarixi qədimdir və eramızdan əvvəllərə təsadüf edir.[2]

Əsas istehsalçı ölkələr

Hazırda Çin, Hindistan, Keniya, Şri-Lanka, Türkiyəİndoneziya dünyanın çay istehsal edən ən böyük ölkələridir. Bu ölkələrdə istehsal edilmiş çay məhsullarının təxminən 60-65 faizi daxili tələbatın ödənilməsinə, 35-40 faizi isə ixraca yönəldilir. Hazırda beynəlxalq bazarlarda bir kiloqram quru çay yarpağının qiyməti 2,65 ABŞ dolları səviyyəsindədir.[2]

Çin

Çay istehsalının həcminə görə dünya bazarında ən böyük istehsalçılardan olan Çin Xalq Respublikası hər il xaricə 300-350 min ton çay ixrac edir. Dünya bazarlarındakı paylarını artırmaq, yeni bazarları öyrənmək və yeni çay brendlərini formalaşdırmaq məqsədi ilə bu ölkədə 157 iri çay şirkətinin və 34 elmi tədqiqat institutunun iştirakı ilə Çin Çay İstehsalçıları Assosiasiyası yaradılmışdır.[2]

Hindistan

Dünyada çay istehsalının həcminə görə ikinci yerdə qərarlaşmış Hindistanda yerli əhali çay içkisindən geniş istifadə etdiyi üçün istehsalın 70 faizi daxili tələbatın ödənilməsinə yönəldilir və beynəlxalq bazarlara təxminən 200 min ton çay çıxarılır.[2]

Keniya

Keniyada çay istehsalçılarının 90 faizinin plantasiyalarının ərazisinin 0,4 hektardan az olmasına baxmayaraq, yüksək yarpaq çıxımına malik sortlardan istifadə olunması hesabına 2013-cü ildə bu ölkə dünya bazarına 370 min ton çay ixrac etmişdir.[2]

Şri-Lanka

Çay yarpağının istehsal həcminə görə dünyada dördüncü yeri tutan Şri-Lankada "Seylon çayı" brendi altında qara, yaşıl və ağ Seylon çayları istehsal edilir.[2]

Türkiyə

Türkiyə Respublikasında çay bitkisi, əsasən, Qara dəniz sahillərində yerləşən Rizə vilayətində yetişdirilir. Çay yarpağı istehsalının həcmində qara çay sortlarının böyük payı vardır. Yerli bazarın qorunması məqsədi ilə ölkəyə idxal olunan çaylara 145 faiz gömrük rüsumu tətbiq edilir.[2]

Azərbaycan

Azərbaycanda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmişdir. Sovet dövründə çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir. Ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir.[2]

Lakin 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır.[2]

Beynəlxalq çay günü

Təhsil və Ünsiyyət Mərkəzinin təşəbbüsü ilə hər il dünyada dekabr ayının 15-i Beynəlxalq çay günü kimi qeyd edilir.

Həmçinin bax

İstinadlar

  1. "Çayçılıq haqqında" Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine Azərbaycan Respublikasının 17 dekabr 2002-ci il tarixli, 402-IIQ nömrəli Qanunu. e-qanun.az  (az.)
  2. "“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli, 3660 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.