Çavlı ət-Toğrul
Çavlı ət-Toğrul (?-1146) — Azərbaycan atabəyi.
Çavlı ət-Toğrul | |
---|---|
1140 – 1146 | |
Əvvəlki | Qara Sunqur |
Sonrakı | Fəxrəddin Toğan Yürək |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə |
Dəfn yeri | Gəncə |
Dini | Sünni İslam |
Həyatı
Atabəy Qara Sunqur hicri 535-ci ildə (1140/41) həyatını nöqtələdi. Ölümündən bir neçə gün əvvəl Sultan II Toğrulun məmlüklərindən Çavlı ət-Toğrulu öz yerinə Aran və Azərbaycanın hakimi təyin etmişdir[1]
Qara Sunqurun ölümünü xəbər alan Məsud, əmir Çavlıya fəxri libaslar və ünvanlar göndərərək onunla münasibətini yaxşılaşdırmaq istədi. Sultan, Çavlını Azərbaycan və Aranın hakimi təyin etdi. Çavlı, sultanın təklifini qəbul edib, Gəncədə qiyam qaldırmış Qutluqu ortadan qaldırıb bu ölkədəki üsyançı qüvvələri darmadağın etdi. O, Tovuz ətrafında üsyançıların ordusunu məğlub etdi. Çavlı 1146-cı ilə qədər Aran və Azərbaycanın Səlcuqlu əmiri olaraq mövqeyini qorudu.[2]
Bu vaxt Sultan Məsud əleyhində Rey hakimi Abbas ilə Fars və Xuzistan hakimi Boz Apa başçılığında yeni bir qiyam ortaya çıxdı. Onlar Çavlıya bir məktub yazıb onunla dostluq qurmaq istədilər, ancaq Çavlı sultanın tərəfində yer aldı. Sultan Məsud ilə vəziri Xass Bəy ibn Bələncərinin ona qarşı sui-qəsd planı ortaya çıxınca Çavlı da qiyam edən əmirlərin tərəfinə keçdi. Sultanın hacibi Fəxrəddin Toğan Yürək də onlara qoşuldu[3]
Əmir Çavlı əmrindəki ordu ilə Boz Apanın gəlməsini gözlərkən Həmədan yaxınlarında cümadələvvəl 541-ci ildə (oktyabr-noyabr 1146) vərəm xəstəliyindən öldü. Azərbaycan və Xalxalı iqta olaraq əlinə keçirən Fəxrəddin Toğan Yürək, Çavlının ordusuna sahib oldu və Azərbaycan ilə Aranın hakimiyyətini ələ aldı. Daha sonra Abbas ilə Boz Apanı da özünə tabe edib Sultan Məsudu öz nəzarəti altında tutdu. Ancaq qıpçaqların hücumunu fürsət bilən Sultan Məsud və vəziri Xass Bəy, Toğan Yürəkin ordusunun Şamxorda olduğundan istifadə edib onu aprel 1147-ci ildə Gəncədə öldürdülər. Qısa müddət sonra Rey hakimi Abbas da ortadan qaldırıldı. Fəxrəddin Toğan Yürəkin ölümü ilə Azərbaycan hakimiyyəti Xass Bəy Bələncərinin əlinə keçdi [4]
İstinadlar
- İbn əl-Əsir, əl-Kamil, VIII/369; Bundari, Zubdat, s. 190; Ravendi, Rahat, s. 223; Qara Sunqur haqqında geniş məlumat üçün bax. Bünyadov, Azərbaycan Atabəyləri, s. 32–33..
- Bünyadov, Azərbaycan Atabəyləri, s. 34
- İbn əl-Əsir, əl-Kamil, IX/10–11; Bundari, Zubdat, s. 199–200; Ravendi, Rahat, s. 224.
- İbn əl-Əsir, əl-Kamil, IX/15; Bundari, Zubdat, s. 216–217; Ravendi, Rahat, s. 228; Mxitar Qoş, Alban Salnaməsi, s. 14; Bünyadov, Azərbaycan Atabəyləri, s. 35.