Çarekvəng monastırı
Çarek Vəngi — Gədəbəy rayonunda yerləşən tarixi Çarek (Namərd və ya Qız) qalasının hüdudları daxilində, Şəmkirçayın sol sahilində yerləşən qədim alban monastır kompleksi.
Mahrasa məbədi | |
---|---|
Çarekvəng monastır kompleksi | |
40°32′00″ şm. e. 45°53′08″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Gədəbəy |
Yerləşir | Şəmkir çayının sahili |
Aidiyyatı | Alban Katolikosluğu |
Tikilmə tarixi | XVII əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Qafqaz Albaniyasının VIII əsrdə Ərəb xilafətinin tərkibinə keçməsinin ardından, alban kilsəsi bir çox imtiyazlarını itirərək, icma cəhətdən seyrəlməyə başladı ki, bu da xristianlığını qoruyub saxlamış albanlar üçün monastırların əhəmiyyətini artırdı. Yaşayış məntəqələrindəki dağıdılmış kilsələrin əksinə, gözdən iraq və əlçatmaz yerlərdə (meşəlik ərazilərdə, yüksəkliklərdə və ya dağ qoynunda) tikilən monastırlar, albanlara orada yaşayıb, öz dini ibadətlərini davam etdirməyə şərait yaradır, eləcə də xidmətçi rahib cərgələrini keçmiş kilsə xadimləri ilə tamamlayırdı. XII-XIII əsrlərdə monastırların inşası elə səviyyəyə çatır ki, müxtəlif təyinatlı tikililərdən ərsəyə gələn bu möhtəşəm memarlıq kompleksləri, xristian əhalinin artıq ümumən mənəvi, dünyəvi, mədəni və istehsal fəaliyyətinə xidmət etməyə başlayır.[1]
Bu monastırların parlaq nümunələrindən biri də tarixi Utik vilayətinin keçmiş Girdman - indiki Gədəbəy rayonu ərazisində, Şəmkir dərəsindəki Namərd və ya Qız qalası kimi tanınan əfsanəvi Çarek qalasının hüdudları içərisində, Şəmkir çayının sol sahilində yerləşən və daha çox «Mahrasa» ay məbədi kimi tanınan Çarekvəng monastır kompleksidir.
Çarek vənginin təməli Atabəylər şahzadəsi Əmir Əmiran Ömərin 1195-ci ildə Gəncədə Alban katolikosluq taxtına təyin etdiyi VI İohann tərəfindən özünə iqamətgah kimi seçdiyi Şəmkir çayının sol sahilində yerləşən mağarada atılmışdır. Bir müddət fəaliyyətinə bu mağara məbədində davam edən katolikos VI İohann (1196-1235), Atabəylər dövlətində gedən daxili çaxnaşmalar və Qatağa Noyanın başçılıq etdiyi monqol ordusunun 1224-1225-ci illərdəki hücumları zəminində yaranmış həyati təhlükə ilə üzləşdikdən sonra, Mxarqrdzeli knyazları Zakare və İvane Zakaryanların dəvəti ilə qərbə (hazırkı Böyük Qaramurad kəndinə) keçmiş və oradaki Həmşivəng məbədində yerləşərək, ömrünün axırına qədər orada xidmət etmişdir. Bu kompleks daxilində tikilmiş və günümüzədək çatmış kilsənin tikintisi də IV İohannın əmri ilə başlanmış və onun ölümündən sonra, yerinə keçən qardaşı II Nerses (1235-1262) tərəfindən davam etdirilmişdir[2]. Monqolların Azərbaycana ilk yürüyüşü zamanı Muğan düzündən gələrək, Şəmkiri və, Çarek ilə Gədəbəy daxil olmaqla, Girdimanı tutmaları nəticəsində, Alban patriarxlığının mərkəzi, X əsrdən bəri yerləşdiyi Çarek və Həmşi vənglərindən 1240-cı ildə Kəlbəcərdəki Gəncəsər monastırına köçürülmüşdür[3]. Monqolların hakimiyyətinə keçən Çarek qalası (Namərd/Qız qalası) da o vaxtdan öz strateji əhəmiyyətini itirmişdir .
Çarek vənginə ikinci nəfəs XVII əsrin əvvəllərində, soylu Qaramanlar tayfasından (Qafqaz Albaniyasının ərazisində yaşamış subar-savir tayfalarının orta əsrdəki ən güclü qollarından biri olmuş pravoslav türkdilli etnik qrup) olan Tatev monastırının (bu səbəblə, azərbaycanlıların köhnə nəsli buranı “Tat Evi” adlandırıbmış) məzunu yepiskop Davidin Şəmkir dərəsinə düşüb, burada Çarekaget adlanan sovməə tikməsi ilə gəlmişdir[4]. İzdihamlı rahib icması və bir xeyli sərt qanunları ilə tanınan bu sovməəni təkmilləşdirərək monastıra çevirən Şəmkirli David, ömrünü burada ibadətə adamış və 1643-cü ildə vəfat etdikdən sonra, yenə burada üçnefli bazilika şəklində tikdirdiyi, lakin günümüzə çatmayan Müqəddəs Məryəm kilsəsinin yanında dəfn edilmişdir[5]. Onun ardından monastırın rəhbərliyi arximandrit Sargisə (1643-1671) keçmişdir ki, o da, öz növbəsində, gənc yaşlarından etibarən həyatını monastırın rifahına və inkişafına sərf edərək, buranın zəngin bir kompleksə çevrilməsində böyük rol oynamışdır. Alban katolikosu IV Petrosun patriarxlığı dövründə o, ilk olaraq, mövcud keşiş hücrələrinin yenilənməsindən başlayıb, 1659-cu ildə kilsənin yanında Müqəddəs Alimələklər Mikayıl və Cəbrayıl adına möhtəşəm ikiyaruslu zəng qülləsi inşa etmiş, monastır kitabxanasına dəyərli əlyazmalar bağışlamış və dəftərxananı abadlaşdırmış, 1667-ci ildə isə rəhmətlik valideynləri, qardaşı və burada xidmət etmiş keşişlərin xatirəsinə monastır hüdudlarından kənarda Kilsə Ataları adına kapella ucaltmışdır. Vəfatının ardından həmin bu kapellada dəfn edilən Sargisdən sonra yeni arximandritlər, onun bir yerə topladığı eyni düşüncəli 70 rahibdən seçilmişdir ki, bunlardan biri də 1684-cü ildə kilsənin qərb tərəfinə üçtağlı eyvanlı yerləşkə əlavə etdirən arximandrit Nerses (1675-1700-lər) olmuşdur[6].
Çarekvəng monastırının üçüncü inkişaf dalğası arximandrit Mkrtıçın (1710-lar-1746) zamanında baş vermişdir. Ləzgi və dağlıların davamlı hücumları nəticəsində xeyli zərər görən, əlyazmaları oğurlanıb, xəzinəsi qarət edilən monastır kompleksini o, 1717-ci ildə bütün tikililərlə birlikdə hasarlatmış, 1730-cu ildə isə əsaslı şəkildə bərpa etmişdir. Hasarın cənub tərəfində tağvari giriş qapısı, içəri divarı boyunca isə əsasən XIX əsrin ikinci yarısında yenilənmiş 30-a yaxın tağvari hücrə yerləşmişdir ki, bunlardan cəmi 6-7-si günümüzə salamat çatmışdır. Ümumilikdə, yuxarıda sadalanmış tikililərlə yanaşı, kompleksin daxilində həmçinin yaşayış və təsərrüfat tikililəri, yeməkxana və mətbəx, kilsə xadimlərinin dəfn olunduğu məzarlıqlar, hasardan bir qədər aralıda isə dəyirman vardır[7].
Monastır kompleksinin tabeçiliyindəki ərazi zaman keçdikcə kiçildiyi üçün onun sərhədləri haqqında ən son məlumatı 1910-cu ildə Gəncə yeparxiyası tərəfindən tərtib edilmiş monastır torpaqları haqqındaki hesabatından öyrənirik. Belə ki, Çarekvəngin hüdudlar şərqdə Qaradağ kəndinə qədər, qərbdə Ayıtala kəndi və Aykənd çayına qədər, şimalda Surxay bulağı, Gədəbəy çayı və Çarek qalasına qədər, cənubda isə Qaradərə, Qızılqaya, Kükürd yaylağı və Şəmkir çayının Tapan qoluna qədər çatırmış[8]. Burada qeyd etmək lazımdır ki, monastırın yaşayış məntəqələrindən aralıda, meşədə təcrid olunmuş şəkildə yerləşməsi, onun həmçinin bir sürgün nöqtəsi kimi istifadə edilməsinə imkan verirdi. Misal üçün, ruhani Gəncə rəsmiləri, müxtəlif günah və ya cinayət işləməklə təqsirləndirilən ruhaniləri vəzifəsindən alıb, etdiyi hərəkətin ağırlığına görə, tövbə edib, günah çıxarmaq vc ya dusdaq olub, cəzasını çəkmək üçün bura göndərirdilər.[9]
Ötən əsrin əvvəllərində bütün monastır ərazilərindən məhsul Levon Ter-Avetisyanın tədbirlərinə baxmayaraq, hələ də monastır tabeçiliyindəki meşəlik ərazilərdə qanunsuz ağac kəsmə (xüsusən də Gədəbəydəki misəritmə zavodu üçün) müşahidə olunurdu. 1918-ci ilədək stabil gəliri olan Çarekvəng, Sovet dönəmində tamamilə tərk edilmiş və sonradan bura yaşayış üçün gəlmiş maldarların sığınacaq yerinə çevrilmişdir. Monastır ərazisi bir müddət abidənin tarixi əhəmiyyətini dərk etməyən ətraf kənd sakinləri tərəfindən otlaq yeri, yerləşkəsi isə mal tövləsi kimi[10] istifadə edilsə də, hazırda girişi bağlı, ərazisi isə alaq otlarla örtülüdür.
Abidənin "Mahrasa" məbədi olması ilə bağlı əsassız iddialar
Abidənin “Mahrasa” adını necə aldığı müəmmalıdır; farsca “Mah” (Ay) və ərəbcə “Rəsəd” (müşahidə etmək) sözlərindən əmələ gələn bu ifadə, Ayın müşahidəsi ilə əlaqələndirilir və guya məşhur yunan tarixçisi Strabonun “Coğrafiya” əsərinində bu bölgədə mövcudluğu qeyd olunan bütpərəst albanların xristianlıqdan öncə sitayiş etdikləri Ay ilahəsi Selenanın adına tikilmiş bir ay mədəbi kimi qəbul edilir. Lakin həmin əsərdə Selena sadəcə yerli albanların sitayiş etdiyi tanrıların içində göstərilir:
"Tanrılardan Heliusa (Günəşə), Zeusa (Göy, İldirim vs) və Selenaya (Ay), xüsusən də Selenaya sitayiş edirlər. Onun məbədi İberiya yaxınlığındadır. Dini rəhbəri isə ölkənin çardan sonra ikinci ən hörmət edilən şəxsdir. O, ərazisi geniş, əhalisi şox olan müqəddəs torpaqların, eləcə də ilahi gücdən asılı olub, kahinliklə məşğul olan məbəd qullarının rəhbəridir. İlahi gücdən asılılığı qabarıb, onları meşələrdə sülənməyə vadar edən qulları dini rəhbər tutdurub, müqəddəs zəncirə vurur və bir il ərzində bəsləyir ki, ardından onu tanrıça uğrunda qurban etmək üçün ətirli yağlarla yağlayıb, öldürsün. Qurban gətirmə mərasimi belə baş verir: yığılmış insanların içindən bu işdən yaxşı başı çıxan biri, əlində müqəddəs (ənənəyə uyğun insanı qurban gətirmək üçün nəzərdə tutulan) nizə ilə ortaya çıxır və onu qurbanın böyüründən soxaraq, ürəyinə saplayır. Qurban yerə düşəndə, onlar məlum olan kəhanətlər haqqında xəbər alır və hamıya elan edirlər. Ardından cəsəd məlum yerə gətirilir və hamı onu tapdalamağa başlayaraq, təmizlənmə mərasimini həyata keçirir."[11]
Ay məbədinin dəqiq yerləşməsi haqqında isə müxtəlif dövrlərdə onu araşdırıb, yazmış çoxsaylı tarixçi və tədqiqatçıların fərziyyələrinə baxmayaraq, hələ də məlumat yoxdur. Kompleksin ərazisi həmin məbədin yerləşdiyi ehtimal olunan bölgəyə düşsə də, onun məhz burada var olduğuna dair heç bir sübut günümüzə çatmayıb. Bu səbəblə, monastırın Ay ilahəsi ilə deyil, hüdudları daxilində yerləşdiyi Çarek qalasının adı ilə əlaqələndirilməsi məntiqə uyğundur[5].
Monastır kompleksinin memarlığı
Müqəddəs Məryəm adına kilsə
Kilsənin XVII əsrin əvvəllərində, yepiskop Qaramanlı Davidin rəhbərliyi altında inşa edildiyi fasadındaki 1617 və 1621-ci illərdəki təqdis olunma haqqındaki yazılardan məlum olur. Kilsə üç nefli bazilika şəklində xam və kobud yonulmuş daşlardan həll olunub. Xarici ölçüləri — 17,28 x 9,72 m. İkiçatılı damı daxildən iki naxışlı pilon saxlamaqdadır. Kilsənin girişi qərb tərəfdə yerləşir və həmin fasadın yerləşkəsinə açılır. Günümüzə salamat çatmayıb.
Yerləşkə
1684-cü ildə arximandrit Nersesin rəhbərliyi altında, Müqəddəs Məryəm kilsəsinə qərb tərəfdən bitişik şəkildə tikilib. Üçnefli kompozisiyası ilə kilsəyə bənzəyən yerləşkənin tikintisində, ondan fərqli olaraq, təmiz yonulmuş sarıntıl-boz daşlardan istifadə olunub. Fəlsəfə doktoru Telman Haqverdiyevin verdiyi məlumata görə, yerləşkənin əsas zalında hündürlüyü 1,5 m olan bir daş vardır ki, el arasında "Qara daş" piri kimi tanınıb, uzun zaman din xadimlərinin gəlir mənbəyi (onlar pul uğrunda məzlum insanları, bu daşın altında qurban kəsəcəkləri təqdirdə, onların istək və arzularının həyata keçəcəyinə inandırırdılar) olmuşdur. Bu daşın bütpərəst albanların həmin o Ay məbədinin içindəki qurbangah olduğu ehtimalını nəzərə alan araşdırmaçılar da olmuşdur. Lakin sonradan, nəticə etibarilə, bu daşın, yerləşkədə dəfn edilmiş monastır rəhbərlərindən birinin məzar daşı olduğu ortaya çıxmışdır.[12]
Tikilinin xarici ölçüləri — 8,0 x 6,48 m. Cənub fasadı üçtağlı eyvan-qalereya, şimal nefi isə bir cüt sütun saxlamaqdadır. Yerləşkənin əsas girişi qalereyaya açılır, lakin tikilinin çoxdan hörülmüş ikinci qapı da var ki, bu da qərb fasadının şimal küncündən açılırdı. Cənub girişinin üstündəki timpanda yerləşkənin inşa tarixi qeyd olunub. Günümüzdə ayaqdadır.
Müqəddəs Alimələklər Mikayıl və Cəbrayıl adına zəng qülləsi
Alban katolikosu IV Petrosun patriarxlığı zamanı, 1659-cu ildə arximandrit Sargisin rəhbərliyi ilə yerləşkədən bir neçə metr aralıda tikilib. Qüllənin inşasında yonulmamış daş, kərpic və əhəng məhlulundan istifadə edilib. Planda kvadrat olan ikiyaryslu qüllənin yeganə girişi kub şəkilli aşağı yarusun qərb tərəfində yerləşir. Girişin üstündə, hamar səth üzərində zəng qülləsinin inşa tarixi, ondan yuxarıda isə 3 xaç təsvirli daş quraşdırılıb. Cənub fasadındaki pəncərənin sağında və solunda qabarıq tütək çalan mələk təsvirləri yer alır. İkinci yarus çadırvari günbəzlə örtülü səkkiz sütunlu rotonda şəklində həll olunub. Xarici ölçüləri — 6,12 х 6,12 m. Günümüzə salamat çatıb.
Yeməkxana və mətbəx
Yeməkxananın dəqiq inşa tarixi bilinmədiyi üçün, kompleksin əsas tikililərinin inşa olunduğu XVII əsrin II yarısı - XVIII əsrin I yarısına aid edilir. Yonulmamış daşlardan əhəng məhlulu ilə tikilən tağll tikilinin xarici ölçüləri 25,0 x 8,64 m təşkil edirdi. Mətbəx yeməkxanaya bitişik idi. Daxili işıqlandırma balaca ensiz pəncərələrlə təmin edilirdi. İki cərgə şəklində düzülmüş daş yemək masaları XIX əsrin axırında artıq dağıdılmışdı. Bu tikililər günümüzədək çatmayıb.
Dəftərxana
Dini əlyazmaların yazılması üçün istifadə olunan bu tikili, bütün ölkədə məşhur idi. Burada yazılan və yenilənən əlyamaların əksəriyyəti zaman içində ya oğurlanmış, ya da itmişdir. Günümüzə çatmış əlyazmalardan məlum olur ki, bu tikili yepiskip Davidin vaxtından varmış, sonradan arximandrit Sargisin dövründə də təkmilləşdirilib, yeni kitablar və qiymətli əsərlərlə zənginləşdirilmişdir.
Monastırın hasarı, hücrələr və digər daxili tikililər
Dəyirmandan başqa, kompleksin bütün tikililəri daş hasarla çevrələnib. Hasarın tağvari giriş darvazası yerləşən cənub tərəfindəki divar yazısından onun arximandrit Mkrtıç tərəfindən 1717-ci ildə tikildiyi məlum olur. Hasarın iç divarına bitişik, əsasən XIX əsrin II yarısında tikilmiş 30 tağlı hücrə, rahiblərin yerləşməsi üçün nəzərdə tutulurdu. Bu hasarın cənub tərəfi, eləcə də hücrələrdən bir neçəsi, kitabxana və təsərrüfat tikililərinin qalıqları ilə birlikdə günümüzə qədər çatıb.
Kilsə Ataları adına kapella
Bu balaca tağlı tikili, monastırın hasarı xaricində, əsas tikililərindən şimal-qərbdəki bir təpəliyin üzərində 1667-ci ildə arximandrit Sargisin sifarişi ilə tikilib. Yerli araşdırmaçıların əsərlərində bura içərisində bir-birinə bitişik 5 məzarın yerləşməsi səbəbi ilə (ki rəvayətə görə, burada yaşamış yeddi qardaşdan beşi feodal döyüşlərində igiliklə həlak olmuş və həyatda qalan iki qardaş tərəfindən bura dəfn edilmişdir[10]) "Beş qardaş" günbəzi[13] kimi keçir. Əslində isə, burada monastır rəhbəri Sargisin valideynləri, qardaşı və ondan öncə vəfat etmiş rahib və keşişlərdən başqa, onun özü və ondan sonraki bir neçə monastır rəhbəri dəfn edilmişdir. Günümüzə xarabalıqları çatıb.
Qəbirstanlıq
Kompleksin ərazisində bir neçə dəfn yeri olduğu üçün, buna tam da qəbirstanlıq demək olmur. Hər tikilinin daxili və ya yanında dəfn olunmuş xidmətçilər olmağına baxmayaraq, Müqəddəs Məryəm kilsəsi ətrafında yerləşən məzarlar xüsusi əhəmiyyətə malikdir. Məsələn, monastırın qurucusu David məhz bu kilsənin şərq divarının dibində dəfn olunmuşdur.
Həmçinin bax
İstinadlar
- Məmmədova, Gülçöhrə. Qafqaz Albaniyasının Memarlığı (Rusca). Bakı: Çaşıoğlu. 2004. 138–139. ISBN 9952-27-021-6. 2023-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-17.
- Qandzaketi (Gəncəli), Kirakos. 6 // Ermənistan Tarixi (Rusca). Moskva: Elm. 1976. 125–127. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-17.
- Məmmədova, Fəridə. Qafqaz Albaniyası və Albanlar (PDF) (Rusca). Bakı: Qafqaz Albaniyası Tədqiqatlar Mərkəzi. 2005. 555. ISBN 9952-8073-0-9. 2023-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-17.
- İmanov, Kamran. Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında (PDF) (az.). Bakı: Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi. 2021. 41–46. 2022-06-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-17.
- Davrijetsi (Təbrizli), Arakel. Tarix Kitabı (Rusca). Moskva: Elm. 1973. 210.
- Arsax və Utikin əlyazma irsi (İngiliscə). İrəvan: Matenadaran Nəşriyyatı. 2022. 120–123. ISBN 978-9939-897-03-5.
- Karapetyan, Samvel. Şimali Arsax (Rusca). Moskva: ANİV Fondu. 2018. 121–139.
- 56 // Ermənistan Milli Arxivi.
- Ararat (Ermənicə). Üçkilsə. 1871. 316.
- Haqverdiyev, Telman. Daşların Hekayəti (az.). Bakı: Gənclik. 1989. 78–79, 103.
- Strabon. 4 // Coğrafiya (İngiliscə). V, 11-ci kitab (Lyobov seriyası). Kembric: Harvard Universiteti Nəşriyyatı. 1928. 231.
- Haqverdiyev, Telman. Abidələr Tarixin Sirdaşıdır (az.). Bakı: Gənclik. 1982. 76.
- Mərkəzi Asiya və Azərbaycanın Dinləri (Rusca). IV - Xristianlıq. Səmərqənd: Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu (IICAS). 2018. 263. ISBN 978-9943-357-38-9.