Çanaqçı (Gədəbəy)
Çanaqçı (əvvəlki adı: Ağamalı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Ağamalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalı kəndi Çanaqçı kəndi adlandırılmış və Ağamalı kənd inzibati ərazi dairəsi Çanaqçı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[2]
Çanaqçı | |
---|---|
40°41′11″ şm. e. 45°45′47″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.587 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2111 |
|
Toponimikası
Kəndi 1929-cu ildə Gədəbəy rayonunun Çanaqçı yaylağından gələn hacılar, xanqullar, namazlar, səfirzalar, təkərlər, kəsəmənli, möylələr nəsillərinə mənsub ailələr salmışlar. Yaşayış məntəqəsi sovet dövlət xadimi Səməd ağa Ağamalıoğlunun şərəfinə "Ağamalı" adlandırılıb.[3]
Tarixi
Çanaqçı dərəsi deyilən ərazi tarixə "Xınna dərəsi" adı ilə düşmüşdür. Xınna dərəsi Tovuz rayonunun Qovlar qəsəbəsindən Gədəbəy rayonunun Qızıltorpaq kəndinə qədər uzanan böyük bir ərazini əhatə edir. Deyilənlərə görə, "xınna" sözünün mənası "xınna" yox, hun tayfalarının adı ilə tarixə düşmüş və sonralar bu söz təhrif olunaraq "hunna", "xınna" kimi işlənmişdir.
Çar Rusiyasının havadarlığı ilə qondarma Ermənistan vilayəti yarandıqdan sonra ermənilər daha da fəallaşır və Xınna dərəsində azərbaycanlılara qarşı soyqırım hərəkatına başlayırlar. Belə ki, Xınna dərəsinə 2000 nəfərdən ibarət silahlı birləşmələrin yeridilməsi və dinc əhaliyə qarşı törədilən vəhşiliklər və işgəncələr bu gün də yaşlı nəslin yaddaşlarından silinmir.
Qadınlann saç hörüklərinin kəsilməsi, bärmaqlarından qızıl əşyaların kəsilərək götürülməsi, qulaq tanələrinin qoparılaraq çantalara doldurulması, uşaqların süngüdən keçirilməsi, qız-gəlinlərin və anaların acı fəryadları Xınna əhalisini bunlara qarşı ayağa qaldırmış və nəticədə düşmən ordusunun əsgərləri Dəlikdaş deyilən dərədə mühasirəyə alınmış, bir nəfər də olsun sağ qalmamışdır.
1920-ci ildə XI Qırmızı Ordu Azərbaycanı işğal edən zaman yenə də ermənilər öz havadarlarının köməyinə arxalanaraq Çanaqçı, Ağbaşlar, Dikdaş və s. Xınna kəndlərini mühasirəyə almış, insanları qara damlara dolduraraq həmin evlərə od vurmuşlar. Bu dəhşətli qırğından qurtulub sağ qalanlar isə ayağı yalın, başı açıq halda dağlara, daşlara, meşələrə çəkilərək salamat qalmışlar.
1929-cu ildən kənd hazırkı ərazidə məskunlaşmışdır. 1930-cu ildə Gədəbəy rayonu inzibati ərazi vahidi kimi təsdiq olunduqdan sonra Çanaqçı bu rayonun tərkibinə daxil edilmiş, Nərimankənd ilə bir kolxozda birləşdirilmişdir. Sonralar kənd Nərimankəndin tərkibindən ayrılaraq "8 Mart" kolxozu kimi fəaliyyət göstərmiş, 1963-cü ildə isə kolxozun adı dəyişdirilərək "Moskva" adlandırılmışdır. 2000-ci ildən etibarən Orconikidze kənd sovetliyinin tərkibindən ayrılan kənd, Ağamalı kənd bələdiyyəsi və Ağamalı kənd İnzibati Ərazi dairəsi kimi fəaliyyət göstərmişdir.[4]
Coğrafiyası və iqlimi
Kənd Missuyuçayın (Zəyəmçayın sağ qolu) sahilində, Qızılca dağının ətəyində yerləşir. Şimal tərəfdən Nərimankəndin ərazisi ilə, şərq və cənub tərəfdən Slavyanka kəndinin ərazisi ilə, az da olsa cənub-şərqdən Şəkərbəy kəndinin ərazisi ilə, qərb tərəfdən Tovuz rayonunun Almalıtala və Gədəbəy rayonunun Samanlıq kəndlərinin ərazisi ilə həmsərhəddir.
Çanaqçı kəndinin ərazisinin ümumi sahəsi 1648 hektardır. Bunun 30 hektarını əkin sahəsi, 653 hektarını biçənək sahəsi, 965 hektarını isə örüşlər, qayalıqlar, yarğanlar, çaylar, dərələr təşkil edir.
İqlimi soyuq olan bu yerlərdə yanvarın orta temperaturu – 2°-dən -10°-yə qədər, iyulun orta temperaturu 9°-dən 18°-yə qədərdir. Yağmurun illik miqdarı isə təqribən 500–750 mm- in. Torpaq-bitki örtüyü dağ-meşə xarakteri daşıyır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1695 nəfər əhali yaşayır.[5]
Kənd əhalisi milliyyətcə Oğuz türklərindən ibarətdir. Kənddə yaşayan əhali bir neçə nəsillərə ayrılmışdır: hacılar, bədəlli, təkərlər, namazlar, səfirzalar, kəsəmənli, möylələr, novruzlar və s. Hazırda Ağamalı kəndində yaşayan və 564 ümumi təsərrüfatdan ibarət olan kənd camaatının əksəriyyəti ikimərtəbəli yaraşıqlı evlərdə yaşayır.
Şəhidləri
- Abdullayev Aqil İmamqulu oğlu
- Alıyev Məmməd Vahid oğlu
- Alıyev Xaləddin Mehman oğlu
- Hüseynov Rövşən Nuru oğlu
- Hüseynov Azad Polad oğlu
- Kazımov Rüfət Fərman oğlu
- Quliyev Mayil Zaman oğlu
- Məmmədov Cəmil Ziyadxan oğlu
- Məmmədov Yaşar Talıb oğlu
- Məmmədov Yasin İman oğlu
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini kartofçuluq, qoyunçuluq və maldarlıq təşkil edir. Kənddə bir neçə qarışıq mallar mağazası var.
Mədəniyyəti
Kəndin mərkəzi hissəsində İnzibati Ərazi Dairəsinin binası, 200 nəfərlik bir klub, iki kitabxana, 250 nömrəlik bir ATS, bir rabitə şöbəsi yerləşir.
Təhsil
Kənddə 20 nəfərlik bir uşaq bağçası və ikinövbəli bir orta məktəb fəaliyyət göstərir.
Səhiyyə
Kənddə müasir tipli 25 çarpayılıq bir xəstəxana var.
Şəkilləri
- Kəndin görnüşü
- Haçaqaya yazda
- Yaz dumanı
- Kənddə Novruz bayramı
- Kəndin uzaqdan görnüşü
- Kəndə yaz gəlir
- Bir yay günü
- Kənd əhalisi yaylaqda
- Qədim ənənələr
- Haça qaya payızda
- Kəndə gedən yol
- Novruz şənliyi
İstinadlar
- "Bələdiyyələr". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.
- "Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.
- Çanaqçı (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Ağamalı kəndinin tarixi
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629