Çalxanqala kurqanları
Çalxanqala kurqanları — Naxçıvan şəhərindən 40 km şimal-qərbdə, Çalxanqala yaşayış yeri istiqamətində, Kəngərli rayonunun Çalxanqala kəndi yaxınlığında yerləşən, e.ə II minilliyə — Son Tunc dövrünə aid edilən kurqanlar.[1]
Çalxanqala kurqanları | |
---|---|
Çalxanqala kurqanları | |
Ölkə | Azərbaycan |
Şəhər | Kəngərli rayonu |
Yerləşir | Çalxanqala |
Aidiyyatı | Son Tunc dövrü |
Üslubu | arxeoloji abidə |
Eni | 8-10 m |
Haqqında
Kurqanlar konusvari formada olub, diametri 8-10 m, hündürlüyü 1,2 m-dir. Çalxanqala kurqanları altında dördkünc formalı torpaq qəbirlər yerləşir. Kurqanlardan gil məmulatı — çəhrayı astarlı qara qablar, o cümlədən boyalı qablar, boz rəngli qablar və sair, tunc xəncərlər, nizə ucları, skelet qalıqları, bəzək əşyaları — sancaq, düymə, muncuqlar və sair əşyalar tapılmışdır.
Kurqanlardan aşkarlanmış boyalı qablar Qızılvəng, Zurnabad, Nəhəcir, I və II Kültəpələrdən tapılmış qablarla tam oxşardır. Müxtəlif formalı boyalı gil qabların üzəri tünd qırmız rənglə örtülmüş, qara rəngli həndəsi naxışlarla bəzdilmişdir. Bu cür qabların Kür-Araz mədəniyyətinin təsiri ilə meydana çıxdığı ehtimal edilir.[2]
Tunc xəncər yastı tiyəli və qısa dəstəklidir. Nizə ucları isə iki növlüdür. Boruşəkilli dəstəyi olan nizə ucu Orta Tunc dövrü üçün, romb formalı yastı nizə ucu isə Kür-Araz mədəniyyəti üçün səciyyəvi olub,[2] Qobustan kurqanlarından tapılmış nizə ucları ilə oxşardır.[1]
Çalxanqala kurqanlarında Yaxın Şərq ölkələrindən gətirilmiş göy şirli muncuqlar da aşkar olunmuşdur. Çalxanqala kurqanlarının tapıntıları Azərbaycanın, o cümlədən Naxçıvanın Tunc dövrü materiallarını və Yaxın Şərq ölkələri ilə qədim iqtisadi və mədəni əlaqələrini öyrənməyə imkan vermişdir.[1]
İstinadlar
- V.H.Əliyev. Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı: 1977.
- Алиев В.Г. Новые материалы о культуре росписной керамики в Азербайджане. «Советская археология», 1967, №1.
Ədəbiyyat
- V.H.Əliyev. Azərbaycan Tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı. 1977.
- Алиев В.Г. Новые материалы о культуре росписной керамики в Азербайджане, "Советская археология". 1967, № 1.