Çıraqlı (Tərtər)

ÇıraqlıAzərbaycan Respublikasının Tərtər rayonunun Ortakənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Çıraqlı
Ölkə  Azərbaycan
Rayon Tərtər rayonu

Tarixi

Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb.

1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çıraqlı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çıraqlı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

Toponimikası

"Çıraqlı" etnotoponimdir. Q. Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur[2].

Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir.[3]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Qeybullayev Q. Qədim türklər və Ermənistan. Bakı: Azərnəşr, 1992, səh.81
  3. Çıraqlı (Tərtər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 427. ISBN 978-9952-34-155-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.