Çöküntülər (geologiya)
Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel)
Haqqında
Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, gillər) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir.
Çöküntülərin sıxlaşması
Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur. Çöküntülərin sıxlaşması onların kimyəvi və mineral tərkibinin dəyişməsi ilə müşayiət olunur.
Biokimyəvi çöküntülər
Biokimyəvi çöküntülər karbonatlı və silisiumlu süxurların böyük bir qrupudur. Biokimyəvi çöküntülər süxur əmələ gəlməsində üzvi qalıqlar, gilyeyən qurdlar, mikrofitoplankton və bakteriyalar, habelə kimyəvi proseslər (karbonatların, silisiumlu maddənin, fosfatların, manqanlı və dəmirli filizlərin, kükürdün bilavasitə məhlullardan çökməsi) iştirak edir. Bu çöküntülərin genezisi barədə müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzi tədqiqatçılar biogen, digərləri isə kimyəvi proseslərə üstünlük verirlər. Biokimyəvi çöküntülər süxur əmələ gəlməsində biokimyəvi proseslərin üzvi stimulyatorları böyük rol oynayır. Məsələn, karboanhidraza fermenti karbon qazının aktivliyini tənzimləyir. Biokimyəvi çökün süxurlarının əsas kütləsi autigendir, lakin törəmə (hipergen) biokimyəvi süxurlar da vardır.
Briozoalı çöküntülər
Briozoalı çöküntülər biogen-karbonatlı dəniz çöküntülləridir. Mamırabənzər heyanların (Bryozoa) koloniyasının qırıntılarından təşkil olunmuşlar; qırıntılar tərkibcə, araqonit və maqneziumlu kalsitdən ibarətdir. Briozoalı çöküntülər adətən qarışıq kimi, epifaunanın digər nümayəndələrinin detritləri və çınqıl-çaqıllardan ibarət terrigen material iştirak edir. Qranulometrik tərkibinə görə qumlara uyğundur. Açıq şelflərdə və boğazlarda 150 m-dək dərinliklərdə, dib sularının aktiv hərəkəti şəraitində mamırabənzər faunanın bol olduğu yerlərdə əmələ gəlir. Soyuqsulu dənizlərdə (məs., Oxot dənizi) lokal sahələrdə yayılır.
Dağarası hövzə çöküntüləri
Dağarası hövzə çöküntüləri — dağ silsilələri ilə əhatə olunan qapalı sedimentasion hövzələrdə toplanan çöküntülərdir. Dağarası çökəklərdə çöküntütoplanma prosesi dağəmələgəlmə prosesləri ilə eyni vaxtda başlayır və eyni vaxtda da bitir. Çöküntülərin xüsusiyyəti və paylanması dağönü çökəkliklərin daxili hissəsində olduğu kimidir. Lakin, sonunculardan fərqli olaraq, dağarası hövzələrdə çöküntülərin paylanması simmetrikdir. Silsiləyə yaxın sahələrdə brekçiya, konqlomerat və qumdaşlarından ibarət qalın çöküntü qatı toplanır. Silsilələrdən uzaqlaşdıqca qumdaşları daha narındənəvər, yaxşı çeşidlənmiş olur, alevrolit, gil və mergel ara qatları meydana gəlir. Nisbətən alçaq dağlarla əhatə olunmuş qədim və geniş dağarası hövzələrin (məsələn, RF-də Çelyabinsk hövzəsi, ABŞ-də Uinta, Qrin, River və b. hövzələr) mərkəzi hissələrində isti iqlim və atmosfer çöküntülərinin bolluğu şəraitində yanar şist, kömür, bitumlu və təmiz şirinsu əhəngdaşlarının qalın qatları toplanır. Bu süxurlar dağlara doğru getdikcə yuxarıda göstərilən ardıcıllıqla qırıntı süxurlarla əvəz olunur.
Delta çöküntüləri
Delta çöküntüləri çaymənsəbi sahələrində toplanan müxtəlif mexaniki tərkibli süxurlardır. Qazıntı deltalarda tez-tez kömür laylarına rast gəlirir. Dənizlərə tökülən böyük düzənlik çaylarının deltalarında aşağıdakı çöküntü tipləri ayrılır: 1. Deltanın yerüstü hissəsinin çöküntüləri; çay qolları meandrlarının çəplaylı qumlardan, bataqlıq sahələrdə isə alevritli — gilli çöküntülərdən ibarətdir. İkincilər, adətən, üzvi bitki materialları ilə zəngin olur. 2. Mənsəbyanı barların, sahilyanı bəndlərin, qabarma-çəkilmə dayazlıqlarının, habelə kiçik axarların (çay qollarının) qumlu- alevritli çöküntülərindən ibarət olan keçid delta çöküntüləri. Buraya həmçinin liman, laqun və relikt göllərin narınqumlu və alevritli-gilli çöküntüləri də aiddir. Deltanın bu hissəsi üçün çəp və çəpdalğalı təbəqəliyin müxtəlif tipləri və üfüqi təbəqəlilik səciyyəvidir. 3. Deltanın sualtı — dəniz hissəsi çöküntüləri. Bu hissədə qumlu-alevritli, alevritli-gilli, həmçinin daha iridənəvər çöküntülər yayılmışdır. Sonuncular üçün meyil və istiqaməti dəyişkən olan çoxmərtəbəli çəp (və çəpdalğalı) təbəqəlilik səciyyəvidir. Çay mənsəbindən uzaqlaşdıqca material narınlaşır, bircinsli olur və təbəqəlilik çətin müşahidə edilir. Deltanın bu hissəsində heyvan qalıqları bitki qalıqlarına nisbətən üstünlik təşkil edir. Sinonim: Allüvial-dəniz çöküntüləri.
Dərin su çöküntüləri
Dərin su çöküntüləri sedimentasion hövzələrin (dəniz və okeanların) dərin hissələrində toplanan çöküntülərdir. Bunları ayırmaq üçün şərti olaraq müxtəlif dərinlik həddindən istifadə olunur: çox vaxt dərin su çöküntüləri şelf sərhəddindən (200m) dərində əmələ gəlmiş çöküntülər, bəzən isə yalnız abissal (2000 m-dən dərin) çöküntülər aid edilir. Bütün hallarda dərin su çöküntüləri kateqoriyasına tərkib və mənşəcə müxtəlif olan çöküntülər mənsubdur. Dərin su çöküntüləri narındənəvər(pelit, alevrit) növləri, o cümlədən terrigen (gilli, qırıntılı), biogen (karbonatlı, silisiumlu), vulkanogen lillər və qırmızı rəngli dərin su gilləri daha geniş yayılmış çöküntülərdir. Bir çox hallarda dərin su çöküntüləri dərin su qumları (sualtı silsilələrin foraminiferli qumları, turbiditlərdəki terrigen qumlar, adalar qövsü boğazlarının vulkan-terrigen qumları) və hətta iri qırıntılı dərin su çöküntüləri (buzlaq-dəniz, aysberq, piroklastik, turbudit çöküntüləri) rast gəlir. Okeanlarda dərin su çöküntüləri pelagik və hemipelagik növlərə ayrılır.
Çökmə diferensiasiyası
Çökmə diferensiasiyası sutoplayıcı sahələrdən yuyulmuş maddələrin miqrasiya yollarında bir-birindən ayrılması və ardıcıl olaraq sudan çökməsidir. Bu proses müxtəlif çöküntülərin və çökmə süxurların yaranmasına səbəb olmuşdur. Çökmə diferensiasiyası 2 növə ayrılır: mexaniki və kimyəvi. Mexaniki çökmə diferensiasiyası daşınan hissəciklər ölçülərinə və xüsusi çəkisinə görə çeşidlənir. Kimyəvi çökmə diferensiasiyası isə mühitin eH və pH dəyişməsinin təsiri altında həll olmuş maddələr kimyəvi ardıcıllıqla çökürlər. Əslində, litogenezdə əsas rolu maddənin faza dəyişiklikləri oynayır. Bu çevrilmələr əvvəlcə aşınma qabığında və ya vulkanik ocaqda, sonra maddənin miqrasiyası prosesində və ən nəhayət, diagenezdə baş verir. Diferensiasion hadisələr isə ikinci dərəcəli olub, çox vaxt güclə sezilir. hövzə bir neçə mənbədən qidalandıqda hövzədə qatışma hadisələri maddələrin ayrılmasına nisbətən daha intensiv olur.
Həmçinin bax
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.