İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 2004 |
Əvvəlki qurum | Azərsu Açıq Səhmdar Cəmiyyəti |
Tabelik | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi |
Ştat sayı | 13 912 nəfər (1 dekabr 2021) [1] |
Baş qərargah | Bakı |
Ünvan | Moskva prospekti 67, AZ1012 |
Rəhbərlik | |
Sədr vəzifəsini müvəqqəti icra edən | Köçərli Həsənov |
Sədrin birinci müavini | Teyyub Cabbarov |
Sədr müavinləri |
Etibar Məmmədov Köçərli Həsənov Seymur Seyidov İlqar Tağıyev |
|
|
Rəsmi saytı | azersu.az |
5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub.
ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.[2]
Tarixi
Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 11 iyun 2004-cü il tarixli Sərəncamı dövlət başçısının bu sahəyə olan böyük qayğı və diqqətinin təzahürü olaraq islahatların aparılması və idarəetmə strukturunun təkmilləşdirlməsi istiqamətində həyata keçirilən işlərin daha da sürətləndirilməsinə geniş şərait yaratdı. Həmin Sərəncama müvafiq olaraq aparılan islahatlar və təkmilləşdirmələr çərçivəsində Abşeron Regional Səhmdar Su cəmiyyəti "Azərsu" Səhmdar Cəmiyyətinə çevrilmiş, Bakı şəhər İcra Hakimiyyətinin "Bakıkanalizasiya" İstehsalat Birliyinin və Dövlət Tikinti və Arxitektura Komitəsinin ləğv edilmiş "Azərsukanaltəmir" və "Azərkəndsutəchizat" İstehsalat Birliklərinin respublikanın şəhər və rayonlarındakı müəssisə və təşkilatları onun tabeliyinə verilmişdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Regionlarda su təchizatı və kanalizasiya xidməti sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan struktur islahatları nəticəsində "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, Sumqayıt, Gəncə, Şəki, Göyçay və Ağdaş şəhər və rayon su-kanalizasiya müəssisələri Törəmə Səhmdar Cəmiyyətlərinə çevrilmişdir. Respublikanın eyni rayon və ya şəhərlərində paralel fəaliyyət göstərən su təchizatı və kanalizasiya xidməti müəssisələri birləşdirilərək mobil təşkilatlara çevrilmiş, digər struktur təkmilləşdirmələri aparılmışdır. Su təchizatında sabitliyin təmin olunması, yaşayış məntəqələrində suya olan tələbatın ödənilməsi, istehlakçılara verilən suyun keyfiyyətinin yaxşılaşdırılması və su xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə işlənilmiş və ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004–2008-ci illər)", "Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı", "Bakı şəhərinin qəsəbələrinin 2006–2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı"na və s. müvafiq olaraq mühüm tədbirlər yerinə yetirilmiş, hər bir iqtisadi rayon üzrə konkret iş proqramı müəyyən edilmişdir.
Fəaliyyəti
Azərsu ASC ölkə üzrə 1171065 abunəçini içməli su ilə təmin edir. Bunlardan 1132575-i əhali, 38490-i isə qeyri-əhali istehlakçılarıdır. Cəmiyyətin balansında 17265 km uzunluğunda su, 3050 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır. Azərsu ASC Bakı şəhəri və Abşeron yarımadasını 5 mənbədən götürülən su ilə təchiz edir. Bunların 2-si Xaçmaz rayonunun, 1-i isə Oğuz rayonunun yeraltı su mənbələridir. Bunlardan başqa Samur çayından qidalanan Ceyranbatan su anbarının ehtiyatlarından və Kür çayının sularından da istifadə olunur. İçməli suyu Bakıya nəql etmək üçün Xaçmazdan 2 ədəd — Şollar və 2-ci Bakı su kəmərləri, Kür və Ceyranbatan təmizləyici qurğularından magistral kəmərlər və Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir. Hazırda respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. İşlər dövlət vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına maliyyələşdirilir.
Rəhbərlik
Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov 4 may 2021-ci ildə vəzifəsindən azad edilib. Sədrin birinci müavini Teyyub Cabbarov, İstismar üzrə müavin Köçərli Həsənov, İqtisadi məsələlər üzrə müavin Mahir Məmmədov, Tikinti üzrə müavin Seymur Seyidov və Ümumi işlər üzrə müavin İlqar Tağıyevdir.
Hazırda sədrin səlahiyyətlərini Köçərli Həsənov icra edir.
Struktur
- Azərsu Açıq Səhmdar Cəmiyyətinin aparatı
- Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti[3]
- Azərsu Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatlar:
- "Bakı Sukanal" İdarəsi
- "Sumqayıt Sukanal" İdarəsi
- "Abşeron Sukanal" İdarəsi
- "Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi
- "Kür Su Kəmərləri" İdarəsi
- "Ceyranbatan Su Kəmərləri" İdarəsi
- "Xaçmaz Su Kəmərləri" İdarəsi
- "H. Z. Tağıyev adına Su Kəmərləri" İdarəsi
- "Sanqaçal Su Kəmərləri" İdarəsi
- Nəqliyyat və Xüsusi Texnika İdarəsi
- Mərkəzi Laboratoriya
- Azərsu Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxslər (müəssisələr):
- "Sutikinti" Müəssisəsi
- İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi
- "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyət
- "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyəti
- "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyəti
- "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti
- "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti
- "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu
İstinadlar
- "Azərsu Haqqımızda". 2018-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-19.
- "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb". 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
- "Qərarlar". 2018-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-19.