Əbədi Məşəl abidəsi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi.
Əbədi Məşəl abidəsi | |
---|---|
Abidənin yaradılması
Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur.
Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir.
Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir.
Abidənin açılışı
Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur. Abidə səkkizguşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən, tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir.
Sərdabənin divarlarını zərif şəbəkə bəzəyir. Gecə səmasında parlayan qızılı rəngli günbəz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin ruhunu təcəssüm etdirir.
2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən Əbədi Məşəl abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənmişdir.[1]
İstinadlar
- ""Əbədi məşəl" abidəsi" (az.). portal.azertag.a. 23.02.2019. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.